Nəriman üçün həyat sanki başdan- başa sınaqlardan ibarət idi. 8 uşaq, müharibədən əlil qayıtmış və 12 il yatağa məhkum olan ata, bütün gəncliyi qayğısız və zənginlik içində keçən, kasıblığa çətin dözən ana, həyat yoldaşı və özü 12 nəfər idilər. Cəmi 140 manat maaş alırdı, bəzən mükafat olanda aylıq gəliri 170 -200 manata yüksəlirdi. Babam və nənəm ikilikdə 100 manat pensiya alırdılər. Bu pulun da çoxu babamın dərmanlarına gedirdi. Kənddəki poçta işə düzələn Əminənin 80 manat maaşı ailəyə əlavə kömək idi. O, qəzet və məktubları evə gətirir, uşaqlar arasında bölüşürdü.
Ən çox çalışan Rasim idi. Evdə pul yığıb ona velosiped almışdılar. Poçt məhsullarının hamısını demək olar ki, özü tək evlərə çatdırırdı. Balacalar isə qonşulara və yaxın məhəllə sakinlərinə xidmət göstərirdilər. Evdə qızların öz vəzifələri vardı. Dolablarda paltarlar xüsusi səliqə ilə yığılırdı. Otaqlar günün bütün saatlarında səliqəli olur, hər gün süpürülüb silinirdi. Şam yeməyindən sonra evdə 5 oğlan uşağının olmasına rəğmən, sakitlik hökm sürürdü. Hamı dərsləri ilə məşğul olurdu. Böyük bacımla mənim məktəbi bitirənədək, qardaşlarımın isə 8-ci sinfə qədər şəkillərimiz şərəf lövhəsini bəzəyirdi.(Oğlanları məktəbin qarşısındakı “tin” sonradan pozdu və onlar peşə məktəbi ilə kifayətləndilər. Hətta atamın zəhmi belə onları bu “tinin” cazibəsindən qurtara bilmədi. Çünki axşamədək işdə olurdu və anam onların artıq dərs oxumadıqlarını atamdan gizlədirdi.)
Valideynlərimdən hansınınsa bircə dəfə də olsun bizə “dərs oxuyun” dediyini eşitmədik. Çünki hər birimiz bilirdik ki, dərslərimizi yaxşı oxumaq bizim başlıca vəzifəmizdir. Atam qiyabi olaraq ikinci ali təhsil alirdı və onun gecələr masanın üstündə layihələr işləməsi, rus dilində olan dərslikləri oxuması yadıma gəlir. Anam isə döşəkcə üstündə oturub arxasını divara söykəyər, qarşısındakı bir qalaq paltarın söküklərni tikər, corablara yamaq salardı. İynə ilə tikdiyi yamaq və söküklər elə səliqəli olurdu ki, sanki onlar maşınla tikilmişdi. Yatmazdan əvvəl nənəm balacaları yanına yığıb onlara şahidi olduğu hadisələrdən danışardı. Bəzən həvəsi olmayanda onları babamin yanına göndərərdi. Saaat 9-da uşaqlar, bir saat sonra isə böyüklər sirin yuxuya dalardılar. Şüşəbəndin o başından axıradək anamın saldığı yataqlar ( hər kəsin iki dəst yataq üzləri vardı və hər həftə dəyişilərdi. Məni təəccübləndirən o idi ki, anam hec vaxt bu yataq üzlərini dəyişik salmazdı. Yorğanüzü, döşəkağı və balışüzlərində hər hansı işarə də olmazdı.)
axşamlar bizi gözləyirdi. Yayda kiçik bacım və mən istisna olmaqla(böyük bacım isti olsa belə mələfəni burnuna qədər çəkər və səhərə qədər üstünü açmazdı. Biz isə dəli yatardıq. Anam gecələr oyanıb üstümüzü örtməkdən yorulduğu üçün yerimizi evdə salırdı.) hər kəsin yeri nənəmin çehizlik maşınında cunadan tikdiyi böyük miçətkənin içində salınardı. Miçətkən uzaqdan sanki bir çadıra bənzəyirdi. Böyük bacım Şəhla həm qoçaq, həm də yaraşıqlı olduğu üçün 17 yaşından elçilər qapımızdan əl çəkmirdilər. Həm qohumlar, həm də kənd camaatı arasında onu evində gəlin görmək istəyənlər çox idi. Lakin bacım ali təhsil almadan ailə qurmayacağını qəti şəkildə bildirəndən sonra evimizdə bu söhbət bağlandı. Atam də onun bu qərarını dəstəklədi. Lakin şəhərdə təhsil almaq elə də asan deyildi.
Qəsəbə avtobusu şəhərə bir saatdan bir işləyirdi. Atam buna görə çox əziyyət çəkir, işə gecikməmək üçün səhər saat 5-də oyanmağa məcbur qalırdı. Amma tezliklə bu əziyyəti sona yetəcəkdi. İş yerində dayandığı ev növbəsinin vaxtı çatmışdı. Bir dəfə soyuq qış günlərindən birində atamı “26-lar rayonunun İcraiyyə kömitəsinə” çağırdılar. Atam neçə gün idi ki, ağır xəstələnmişdi. Kənd xəstəxanasının baş həkimi Sona xanım hər gün gəlib onu yoluxur, iynə vururdu. Bir az yaxşılaşsa da qızdırması 38 dərəcədən aşağı düşmürdü. Elə xəstə halı ilə geyinib şəhərə yollandı. İcraiyyə Komitəsinin sədri onu təbrik edib ev növbəsinin çatdığını və onu orderlə açarları vermək üçün çağırdığını bildirəndə atam çox sevinib.
Lakin şirinliksiz evi ala bilməyəcəyini də ələvə edib və rüşvətin məbləğini, 1000 manat sözünü kağıza yazaraq atama göstərib. Atam “ indi xəstəyəm, bir az özümə gəlim, borc-xərc tapıb verərəm” sözünün qarşılığnda isə orderi ondan alıb,” get Allah şəfani versin” deyib. Atam üçün 1000 manat çox böyük pul idi. Heç vaxt, ən çətin vaxtlarında belə heç kimdən borc almayan atam bu dəfə qürurunu yenib pul tapmağı qərara alır. Çünki bacım da həmin il ali məktəbə qəbul olmuşdu. Qarlı-şaxtalı günlərdə avtobus işləmirdi. Atam işdən qalmamaq üçün bacısıgildə və ya xalasıgildə gecələməli olurdu. Ümidi dayısı oğlanlarına gəlirdi. Onlar restoran işlədirdilər.Lakin sədrin onun əlindən orderi və açarları alması və “get Allah şəfanı vesin” deməsi ona çox ağır gəlir. Sədrdən iki gün gözləməyi xahiş etsə də yenidən rədd cavabı alır. Nərimanın başqa yolu qalmır. Ondan yuxarılara şikayət edir. Bunu eşidən dostları ona şikayətini geri götürməyi, sədrin 6 qardaşının prokurorluq orqanlarında, polisdə çalışdıqlarını deyib “səni aradan götürərlər, üstünə şər atıb tutdurarlar” deyə xəbərdarlıq etsələr də atam dediyindən dönmür.
Həmin adama 7 il iş kəsilir. Qardaşları dəfələrlə onun üstünə hücum çəkilrlər, gicgahına silah dirəyirlər. Lakin qorxub geri çəkilmir. Ona “Abşeron” mehmanxanasının arxasında yerləşən və Şaumyan 38 ünvanında ikiotaqlı mənzil verilir. 2 il sonra isə atam həmin mənzili təhvil verərək Nərimanov rayonunda, “Montin” parkı ilə üzbəüzı, 9 mərtəbəli binada 5 otaqlı mənzil alır. Ömrünün son illərində qardaşım ondan soruşdu ki, eyni hadisə təkrar başına gəlsəydi, yenə həmin addımı atardı?
Atsam köksünü ötürüb belə dedi: “İndiki dövrdə heç vaxt bu risqə getməzdim. O vaxt Kremldəkilər bizim məmurların ipini yiğmağı bacarırdı. Vəzifəli adamlar Moskvanın adı çəkiləndə qorxurdular. O vaxtkı hakimlərin də çoxu vicdanlı idi, bəziləri isə rüşvət alıb ədalıtsiz qərar verməkdən çəkinirdilər. İndi qanunsuz bir neçə balıq tutana 10 il, insanları bahalı avtobillərlə azib keçənlərə şərti cəza verilir. Çünki onlar dövlətin sərvətini talayan, insanları rüşvət verməyə məcbur edən harınlamış məmurların övladlarıdır. Belə addımı indi atsaydım məni öldürüb intihar adı ilə qanımı da batırardılar”.