Qəzənfər dayının qadın həmkarları arasında da dostları vardı. Onlardan biri də xalq rəssamı Maral Rəhmanzadə idi. Maral xanım çox gözəldi. İndiyədək onun ipək geyimi, iri cazibədar gözləri, saçlarını gizlədən qara şlyapası, dolu , biçimli fiqurası gözlərimin önündən getməyib. Vurduğu ətirin gözəl qoxusu o gedəndən xeyli sonra da otaqlardan çəkilməzdi. Bizə gələndə dayım bir neçə dəfə onu da özü ilə qonaq gətirmişdi. Maral xanım atamın bişirdiyi kababdan dadar, samovar çayından doymazdı. Qobu təpələrində bitən dağ nanəsi qatılmış seylon çayını armudu stəkanda içməsi belə mənim üçün bir özgə tamaşa idi.
Gözəl yay axlamlarında balaca həyətdə qurulmuş məclislərdə bu möhtəşəm qadının məlahətli gülüşü qulaqları oxsardı. Nənəmdən eşitdiyimə görə, qardaşı Maral xanıma gizli sevgi bəsləyirmuş. Bacıları onu Maral xanımla evlənmək üçün nə qədər dilə tutsalar da razı olmayıb. Halbuki qadın da ona qarşı laqeyd deyilmiş. Lakin dostu Səttarın Maral xanıma olan böyük eşqindən xəbərdar olan Qəzənfər öz hisslərini heç vaxt dilə gətirməyib.
Qəzənfər Xalıqovun həyat və yaradıcılığı“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin sədri, Sahin Seyidzədənin Nizami Gəncəvinin ilk dəfə təsvirini yaradan Qobulu rəssam Qəzənfər Xalıqov haqqında dediklərindən :
“Milli Məclisdə təmsil etdiyim Abşeron rayonu Qobu qəsəbəsində 1898-ci ildə anadan olmuş Azərbaycan SSR Xalq rəssamı Qəzənfər Xalıqov, ölkəmizdə rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biri kimi tanınır. "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenli rəssamın bir çox əsərli dünya miqyasında məşhurdur və bu gün də ölkəmizin bir sıra muzeylərində saxlanılır.
Qəzənfər Xalıqovun ən məşhur əsəri ilə dahi Nizami Gəncəviyə aid ilk dəfə çəkilən bədii təsvirdir. Dahi şair Nizami Gəncəvinin 800 illiyində onun portretini rəsm edərək ilk dəfə Nizami Gəncəvinin görünüşü barədə təsəvvürlərin formalaşmasını təmin etmişdir.
Fəaliyyətə karikaturaçı kimi başlayan rəssam, həmçinin məşhur şair Firdovsinin vəfatına həsr edilmiş "Firdovsinin dəfni", "Qadınlar şurası" kimi əsərləri ilə də məşhurdur. Qəzənfər Ələkbər oğlu Xalıqov 1 mart 1981-ci ildə vəfat etmişdir. Hal-hazırda təmsil etdiyim Qobu qəsəbəsində 1№li tam orta məktəb rəssam Qəzənfər Xalıqovun adını daşımaqdadır. Q.Xalıqovun bədii təsvirini yaratdığı Nizami Gəncəvi Azərbaycan poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri olmuşdur.
Cənab Prezidentin müvafiq Sərəncamı ilə bu il - 2021-ci il "Nizami Gəncəvi ili" elan edilmişdir. Həmçinin şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən "Nizami ili" elan edilmiş, 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə qeyd edilmişdir.
Ardı varNazilə Nəriman