Nənəmin kiçik bacısı Ədilə xala Mastağaya gəlin köcmüsdü. Yoldaşı Kazım müəllim məktəbdə dərs deyirdi. Özü isə 2 nömrəli ruhi xəstəxanada tibb bacısı işləyirdi.
Bir dəfə bizə qonaq gələndə 4 yaşlı oğlu Elşən kiçik bacım Cəmiləni evlərinə aparmaq üçün yalvarıb yaxardı, ağlayıb özünü öldürdü. Cəmiləni aparmadan evlərinə getməyəcəyini dedi. Cəmilə o vaxt 1-ci sinfə gedirdi, buruq qara saçlı, toppus uşaqdı. Hamı ona kukla deyirdi. O da birdən atamın üstünə qaçıb “Qaqaş, qoyma məni aparsınlar” deyib ağladı. Bu səhnəyə hamı qəhqəhə çəkib güldü. Sonralar “Oyuncaq” filminə baxanda həmin o əhvalatı xatırlayır, istər -istəməz gülümsəyirəm. Nənəm məni bir neçə dəfə özüylə Məştağaya, bacısıgilə aparmışdı. Hamılıqla dənizə getmişdik. Sahildə qaçıb oynayır, suya atılır, dənizdən çıxmaq istəmirdik. Onların həyətində böyük tut ağacı vardı. Bal kimi iri, ağ tutlar adamın ağzında əriyirdi. Biz ağaca dirmaşar, budaqları çırpar, nənəmgil iri süfrəni ağacın altına tutardular. Nənəm və bacısı iri qazanda tutdan dosab bisirər, mürəbbə hazırlayardılar. Nənəmgil bircə tutun də hədər olmasına yol verməzdilər. Yerə tökülənləri də yiğib sinidə yuyar, sonra isti suya salıb günün atına düzərdilər. Qışda tut qurusu ilə çay içmək ləzzət edirdi.
(Həmişə yol gedərkən yerə tökülüb zay olan bu meyvəyə baxanda nənəm yadıma düşür, deyərdi ki, tut Allahin ən böyük nemətidir, onu zay etmək günahdır.) Biz tutu çırpıb qurtarandan sonra ağacın ən yuxarı budaqlarına çıxar, ordan ruhi xəstəxananın həyətinə baxardıq. Xəstələr ucu-bucağı bilinməyən həyətdə ağacların arasında gəzişir, ya da skamyalarda oturub öz aləmlərinə dalardılar. Ədilə xalanın bütün uşaqları məktəbdə əla qiymətlərlə oxuyurdular.Gülşən onların arasında öz biliyi, dünyagörüşü ilə seçilirdi. Arzusu böyüyəndə həkim olmaq idi. Orta məktəbi qızıl medalla bitirib Tibb institutuna daxil oldu.Ali məktəbi fərqlənmə diplomu ilə başa vurub 2 nömrəli şəhər psixi xəstəxanasında, Ağabəy Sultanovun yanında işə düzəldi. Gülşən onun ən savadlı və böyük ümidlət bəslədiyi tələbəsi idi.
Sonralar Az.tv-nin efirində birlikdə veriliş aparmağa başladılar. Ağabəy Sultanov çox maraqlı müsahib idi. “İki Sahil” qəzetində çalışdığım illər onunla çox görüşlərimiz olmuşdu. Söhbətlərindən doymaq olmurdu. Sonra diktafona qulaq asaraq yazını işləyib qurtaranda müsahibənin çox uzun alındığını fərq edirdim. Amma heç bir cümləni kəsib atmağa əlim gəlmirdi. Maraqlıdır ki, nə qədər uzun çıxsa da müsahibəni olduğu kimi verir, ixtisar etmirdilər. Ora gedəndə öz xəstələrindən söz açır, məni onların palatalarına aparır, hərəni öz dilində danışdırırdı. Özlərini Napaleon, Hitler, Stalin, kral zənn edənlər çox idi. Bu xəstələrin danışığına qulaq asanda onların dəli olduğuna inanmaq çətin idi. Professorun sözlərinə görə, burda müalicə alanların əksəriyyəti ziyalılar, oxumuş, savadlı adamlar idi. Mənə deyirdi ki, hər sey qədərində gözəldir. Yemək, su, yuxu, hətta oxumaq belə qədərini keçəndə fəsadlara səbəb olur.
Onun həm də çox əsəbi olduğunu hiss etmişdim. Bir dəfə masasının üstündəki şəkli göstərib “istəyirəm ki, mənim nəvəmin, balaca Ağabəy Sultanovun da şəklini mənimlə yanaşı verəsən” dedi. Razılığımı bildirib sağollaşdım və redaksiyaya geri döndüm. İşə çatanda katibə mənə dedi ki, Ağabəy Sultanov iki dəfə zəng edib səni soruşub. Mən cəld onun kabinetindəki iş telefonuna zəng etdim. Açıqlı səslə söylədi ki, nəvəsinin şəklini icazəsiz götürüb aparmışam:” O masamın üstündə olmayanda mən işləyə bilmirəm. Tez qayıt və şəkli geri gətir”. Sözünü bitirən kimi dəstəyi asdı. Mən yenidən xəstəxanaya gedib şəkli özünə çatdırdım. Başa salmaq istədim ki, onu özü mənə verib. Məni dinləmədən qapını üzümə bağladı. Müsahibədə nəvəsinin şəkil olmasa da, ertəsi gün zəng edib heç nə olmamış kimi təşəkkürünü bildirdi, çox səviyyəli yazı alındığını söylədi. Mən nəvəsinin şəklilndən söz açanda təəccüblə “ nə şəkil?” dedi. Mən də üstünü vurmadım. Anladım ki, uzun illər psixi xəstələrlə işləmək onun əsəblərini pozub və hafizəsini korlayıb. Sonralar da onunla bir neçə dəfə həmsöhbət odum. Amma bir daha həmin əhvalata bənzər hadisənin şahidi olmadım. Allah ona rəhmət eləsin.