Həyat öz axarı ilə davam edirdi. Ələkbərin böyük qızı Gülpəri 14 yaşına çatmış, qızlar bulağından su içərək qənirsiz gözələ çevrilmişdi. Elçilərin ardı -arası kəsilmirdi. Ələkbər böyük qızını qardaşı oğlu Mehdiqulu bəylə evləndirir.Toydan sonra gənc cütlük Mehdi bəyin Qobunun mərkəzində tikdirdiyi malikanəyə köçüb orda yaşamağa başlayırlar.(Sovet dövründə həmin bina xəstəxana kimi fəaliyyət göstərib. Müstəqilliyin bərpasından sonra Qobuda yeni xəstəxana binası tikildi, həmin mülk isə Mehdiqulu bəyin doğma qızına geri verildi.)
Atası qızı üçün cehiz olaraq Almaniyadan "Zinger" tikiş masını və o vaxtlar təzə çıxan paltaryuyan maşın sifariş edib gətirdi. Evin mebeli də Avropadan gətirilmişdi.
Tezliklə onların bir qızı dünyaya gəldi, adını Şəfiqə qoydular. Lakin bu ailənin xoşbəxtliyi uzun çəkmədi. Mehdiqulu bəy öz avtomobilində qəzaya uğrayaraq həlak oldu. Gənc Gülpəri 18 yaşında iki uşaqla dul qaldı. O vaxt ərinin adını qoyduğu Mehdi hələ dünyaya gəlməmişdi. (Balaca Mehdi də çox yaşamadl, xəstələnib 3 yaşında dünyasını dəyişdi.) Qobu ağsaqqallarının məsləhətilə yerli mülkədarlardan olan, Dostumlu nəslinin nümayəndəsi, Novruzəli bəyin oğlu Meydanəli Gülpəri ilə evlənib onu ikimərtəbəli mülkünə gəlin gətirdi. Lakin subay bir oğlanın iki uşaqlı dul qadınla evlənməsindən məyusluq keçirən qohumlardan heç kəs bilmirdi ki, Meydan ilk gəncliyindən Ələkbər ağanın qızı Gülpərinin vurğunu olub. Lakin qızın atası onu öz qardaşı oğlu ilə evləndirəndən sonra Meydan bu sevgisini qəlbində dəfn etmişdi. Elə ona görə də ona edilən təklifi dərhal qəbul etmiş, nakam eşqinə yenidən qovuşmuşdu. Gülpərinin balaca qızı Şəfiqəni isə doğma ovladı kimi böyüdərək gözəl təhsil tərbiyə verdi. Nənəmin dediyinə görə Şəfiqə uşaqlıqda şrinliyi, mehribanlığı ilə bütün ailənin, qohumların sevimlisinə çevrilib. Babam nənəmlə qonaq getdiyi hər yerə onu da aparırmış. Babamın qanı qara olanda, əsəbiləşəndə nənəm balaca Şəfiqəni onun yanına göndərər, o da nazlı davranışı, şirin dili ilə atasını asanlıqla sakitləşdırırmış. Bir neçə il sonra bu çütlüyün oğlu dünyaya gəlir. Prinsipial kommunist olan Meydan oğlunun adını Nəriman Nərimanovun şərəfinə Nəriman adlandırır.
Şəfiqəni isə Meydan kişi böyüdüb el adəti ilə şəhərə gəlin köçürür. (şəkiıdə Şəfiqə,həyat yoldaşı Harun, böyük qızı Simanə)Şəfiqənın gözəl -göyçək 3 qızı balaca olanda, məktəbə gedəndən sonra da yay aylarını baba-nənəsinin yanında keçirirlər. (Nailə bibi qızı bu mövzuda söhbət etməyi sevər, Meydan babanın sayəsində özü və bacılarının gözəl və unudulmaz uşaqlıq illəri keçirdiklərini vurğulayardı. )
Ələkbər ağa milli hökumətin devrilməsindan sonra digər milyonçular kimi xaricə qacmaq istəmədi. Bütün sərvətini -mülklərini, neft çıxarılan torpaqlarını, əkin sahələrini, banklardakı qızıllarını yeni hökumətə təhvil verib üçüncü dəfə evləndiyi qadınla Kürdəxanıda yaşamağa başlamış, 40-cı illərin sonunda isə öz əcəli ilə dünyasını dəyişmişdi.