Əvvəli ötən sayımızda
Bu gün yaxın qohumların bir-birinə qonaq getməsinə nadir hallarda rast gəlinir. Onlar hazırda adətən ya toyda, ya da yaş məclislərində görüşürlər. Amma bir vaxtlar bütün ailələr qohumlarının evinə tez -tez baş çəkir, birlikdə vaxt keçirməyi sevirdilər. Bizə daha çox qonaq gələnlər nənəmin bacıları və onların ailə üzvləri, o cümlədən, Şəfiqə bibim və ailəsi, nənəmin çoxsaylı qohumları idi. Az qala kəndin yarısı onun bibi, xala, dayı və əmisi uşaqları idi. Elə babamın da qohumları az deyildi. Təkcə biz əmi -xala üzünə həsrət idik. Anam evin tək qızı, aram isə tək oğlu olub. Atam çox uşağının olmasını məhz özünün ailədə tək olması, uşaq vaxtı yaşıdlarının bacı-qardaşlarına həsrətlə baxması ilə izah edir, bizi özünün bacı-qardaşı hesab etdiyini deyirdi. Təsadafi deyil ki, biz ölən günə qədər onu”qaqaş” deyə çağırdıq. Uşaqlıqda çox dəcəl, heç nədən çəkinməyən atam yaşıdlarına asanlıqla üstün gəlsə də onların böyük qardaşları tərəfindən tez-tez döyülürmüş. Ona görə də tək uşaq olması onun uşaq qəlbində dərin izlər buraxmışdı.
Müzəffər dayım da ayda bir-iki dəfə öz ailəsi ilə bacısını və bizi görməyə gəlirdi. İndi uzaqda qalan o keçmiş günlərdə qonaqların gəlişi bizi uşaqlar üçün əsil bayram idi. Sona xalanın nəvələri Gülnarə bacım Şəhla, Elnarə və qız nəvəsi Səidə mənimlə yaşıd olduqları üçün birlikdə oyunlar oynayır, həyətdəki albalı ağacından və hasardan adlayıb məktəbin həyətindəki tut və qaysı ağaclarından doyunca meyvə yeyir, beş-daş, qaçdı-tutdu, gizlənqaç və digər oyunlar oynayaraq bütün günü şənlənirdik. Ona görə də qonaqların gedişi ilə əhvalımız tamam korlanırdı. Nənəmin baçısı Sona xalanın əri Ağamirzə Mirzəli müharibədən geri qayıtmamışdı.
Tibb bacısı işləyən Sona xala iki uşağını qardaş-bacılarının köməyilə tək böyütmüş, onunla evlənmək istəyənlərə isə rədd cavabı vermişdi. Ağamirzə camaat arasında “kəndçilər balnisası” kimi tanınan 2 nömrəli xəstəxanaya adı verlən M. Əfəndiyev ilə ali məktəbi bir yerdə qurtarmış və hər ikisi istedadlı həkimlər kimi gənc yaşlarında böyük uğur qazanmışdı. Müharibə başlayanda Ağamirzə ön cəbhəyə yola düşür və yüzlərlə yaralı əsgəri ölümdən xilas edir. Lakin bombardmanların birində özü də yaralanaraq əsir düşür. Bəlli olduğu kimi M.Ə.Rəsulzadənin səyi ilə azərbaycanlı əsirlərin böyük bir qismi Misirə, oradan da Türkiyəyə keçə biliblər. Türkiyəyə keçə bilən əsirlərdən biri də Ağamirzə olur. Vətənə geri qayıtmaq üçün yollar arayanda öyrənir ki, qayıdan kimi onu ya güllələyəcək, ya da Sibirə sürgün edəcəklər. Ona görə də İstanbulda qalmağı qərara alır. (Musa Qocayevin “Gecələrin mahnısı”kitabında digər mühacirlər kimi Ağamirzənin də adı çəkilib.) Ordakı azərbaycanlı mühacirlərin köməyi ilə özünə klinika açır, türk qızı ilə ailə qurur, iki övladı dünyaya gəlir. İstedadlı cərrah olaraq təkcə Türkiyə vətəndaşlarını deyil, orda yaşayan həmvətənlərimizi də müalicə edərək onlara yeni həyat bəxş edir. Şöhrəti hər yana yayılır.
Bakida qalan ailəsindən xəbər tutmaq, onlarla ələqə yaratmaq səyləri isə boşa çıxır. Yalnız 70-ci illərin sonunda bu cəhdləri nəticə verir. Ailəsinin də onun yaşadığından xəbəri olmur. Müharibə illərində ondan itkin düşməsi ilə bağlı bildiriş alırlar. İllər sonra Ağamirzə Bakıya qonaq gəlir. Doğmaları ilə görüşür. Dayımgildə qurulan məclisdə onun yanıqlı səslə oxuduğu “Sarı gəlin” məhnısını mən sonralar maqnitafonda dinləmişdim.O vaxt uşaq olsam da bu səsdəki vətən həsrətini, qəribliyin nisgilini duya bilmişdim. Ağamirzə İstanbula qayıdandan sonra da ailəsi ilə əlaqəsini kəsmədi. Ən böyük arzusu Sona xalanı və övladlarını Türkiyədə görmək idi. Xalam dünyasını dəyişsə də sonradan qızı Afət və nəvəsi Səidəni öz evində qonaq etdi. Aqamirzənin ordakı övladları bacılarını mehribanlıqla qarşıladılar. Özü də ölən günədək Azərbaycandakı övladları və onların ailəsi ilə məktublaşdı, göndərdiyi bahalı hədiyyələrlə nəvələrini sevindirdi.
Ardı varNazilə Nəriman