Bir dəfə bizə gələndə paltarlarının toza batdığını görüb mat qaldım. Adətən Qəzənfər dayı olduqca səliqəli geyinir, pullarının çox hissəsini xaricdən gətirilən kostyumlara xərcləyirdi. Onu tozlu geyimdə görmək təəccüblü idi.
Bizə dedi ki, "Nizamı" metrostansiyasında Nizami Gəncəvinin böyük təsvirini və əsərlərindən illüstrasiyaları pannolara həkk edirik, üst- başımız toz-torpaq olur. Hələ Mikayılı(sevimli tələbəsi və dostu, xalq rəssamı Mikayıl Abdullayevi nəzərdə tuturdu) görəsiz, məndən də pis günə düşür üst-başı.
Mən altıncı sinifdə oxuyanda atam bir bazar günü məni və böyük bacım Şəhlanı də götürüb şəhərə gəldi. Hündür və əzəmətli binaya çatıb işəri girdik.
Atam liftin düyməsini basdı. ilk dəfə idi ki, belə lift görürdüm. "Liftçi qız" filmindəki açıq liftə bənzəyirdi. (Kim bilir bəlkə elə o filmə də həmin lifti çəkmişdilər.) Atam dedi ki, bu binanı alman əsirlər tikib və burda yaşayanlar tanınmış rəssamlar, sənətkarlardır.Qəzənfər dayı bizi kənd uşağı üçün qeyri-adi olan yeməklərə qonaq etdi. Sonra da ilk dəfə qəhvənin dadına baxdım. Gec olduğu üçün o gecə onlarda qaldıq. Gecəyarısı aramsız çalınan telefon zənginə yuxudan ayıldım. Atam və bacım şirin yuxuda idilər.. Mən dəhlizə çıxdım. Dayımın yatdığı otağın işığı yanırdı. Otaqdan çıxıb gözlüyünü taxaraq telefona yaxınlaşdı. Qəzənfər dayı iri qara telefonun hansısa düyməsini basdı və rus dilində danışan qadının gur səsi dəhlizə doldu
Qadın dayıma bildirdi ki, indi sizinlə Heydər Əliyeviç danışacaq. Mən dəhlizdəki iri zəngli saata baxdım. İkiyə işləyirdi. Onlar əvvəlcə rus dilində danışdılar, Heydər Əliyev Qəzənfər dayını xalq rəssamı adı alması münasibəti ilə təbrik etdi. Sonra öz dilimizdə danışmağa başladılar və onların söhbəti xeyli çəkdi. Söhbəti bitirib dəstəyi yerinə qoydu və kətildə oturdu. Gözlərində yaş damlaları görəndə yanına gedib boynunu qucaqladım. Saclarıma sığal çəkib fikirli -fikirli dedi:”Dünyanın yarısını gəzmişəm, heç yerdə sənət adamına bu qədər diqqət və qayğı ilə yanaşan bir dövlət başçısı gormədim. O qədər işin- gücün içində vaxt tapıb gecənin bu vaxtında zəng edib təbrik edir. Onun bu diqqəti məni kövrəltdi”. (Həmin ərəfədə Qəzənfər dayı oğlu Altayı gənc yaşında itirmişdi. Bu qəfil ölüm onun qəddini əymiş, yaşamaq həvəsini və cəkmək ehtirasını öldürmüsdü. Hər xırda söz qəlbinə dəyir, hər təsirli əhvalat onu kövrəldirdi.) O gecə dayı bacınəvəsi xeyli söhbət edib dərdləşdik. Əslində mən suallar verir, o da səbirlə cavablandırırdı. Düzünü deyim ki, hələ böyüklərdən heç biri mənə,12-13 yaşlı bir qız uşağına bu qədər hövsələ ilə yanaşmamışdı. (O dövrdə bütün ailələrdə olduğu kimi oğlan uşaqları qızlardan daha qiymətli idi.)
Dayımın ən istəkli dostlarından biri də Səttar Bəhlulzadə idi. Bir dəfə aralarında olan söhbəti danışarkən qeyd etdi ki, Səttar əsil dahidir. Onun üçün şəkil çəkməkdən kənarda heç nə mövcud deyil:" Bizi tez- tez dövlət tədbirlərinə, həmkarlarımızın sərgilərinə dəvət edirdilər. Bir dəfə də Səttarın fərdi sərgisi keçirilirdi. Tədbirdən əvvəl onu kənara çəkib dedim ki, gedək sənə əyin -baş alaq. Qonaqlar arasında xaricilər də olacaq. Onun bir ağ plaşı vardı, hara getsə onu geyinirdi. Ətəkləri papirosun közündən deşik -deşik olmuşdu. Mənə dedi ki, gələn qonaqlar mənim işlərimə, çəkdiyim əsərlərə baxıb qiymət versinlər. Hansı rəssam geyimi ilə gündəmə gəlib ki? Onlar yaratdıqları əsərlərlə yadda qalıblar. Onun sözləri mənə çox təsir etdi. Çünki haqlı idi. Qərara gəldim ki, mən də onun kimi sadə geyinim. Hətta özümə ucuz paltarlar da aldım. Lakin güzgünün qarşısına keçəndə başa düşdüm ki, belə geyinsəm riyakarlıq etmiş olaram. Mən milyoncu oğlu idim, uşaqlıqdan şıq, bahalı geyimlərdə olmuşdum və məni bu günə qədər hamı bu görkəmdə görmüşdü. İndi dəyişsəydim, özümü saxtakar kimi hiss edərdim."
Nənəm danışardı ki, qardası o dövrün əksər ziyalıları ilə dost olub, onların içərişəhərdəki mənzilləri həmişə qonaq-qaralı olub. Hacıxanım nənə qızlarını da yanına alıb qonaqlara düşbərə-qutab bisirərmış. Nənəmin öz adından xosu gəlmirmiş. Qardaşı onu cırnatmaq üçün qonaqlatın yanında bunu açıb danışır. Nənəmin utandığını görən rəhmətlik Cavid əfəndi deyib ki, sənin çox gözəl adın var-gül pərisi. Yəni çiçəklər içində yaşayan pəri.