Əvvəli ötən sayımızda
Doğma qardaşı aldadıb sevdiyi qızın bacısının toyuna aparmaq adı ilə Mələyi evdən çıxarıb və həmin evə gətirib. Qardaşının külli miqdarda qumar borcu varmış. Həmin gün möhlətin son günü olduğuna görə onu ölümlə hədələyən adamlara bacısını borc əvəzinə verəcəyini deyib. Atası onu övladlıqdan çıxardığına və bacısını tək varis elan etdiyinə görə həm atasından intiqam almaq, həm də ölümdən qurtulmaq istəyən 18 yaşlı ağısız gənc o gecə bacısını evdə tək buraxıb həmin adamlarla birgə başqa məkanda qumar oynamağa gedib.
Həmin gecə bəxti gətirib, həm uduzduğu pulları, həm də bacısını geri udub. Bacısının dalınca gələndə onun qaçdığını öyrənib. Atasının onu sağ buraxmayacağını bildiyi üçün qaçıb gizlənib. Nənəmin Mələyin atası haqda danışdıqları isə mənə daha çox maraqlı gəldi. Həsənəli ağa neçə dəfə evlənsə də züryəti olmurmuş. Son arvadından da ümidini kəsən kişi sərvətinin yarısını kasıb-kusuba dağıdıb, qohum-qonşuya nəzir -niyaz paylayıb.
Nəhayət 50 yaşını keçəndən sonra Allah ona əkiz qız və oğlan nəsib edib. Onun başqa şəhərdə qan düşməni varmış. Həsənəlinin övladları olduğunu eşidib oğlunun böyüməyini səbirlə gözləyib. İllər sonra Baklya gələrək adamlar tutub, 16-17 yaşlı yeniyetməni izlətdirib. Saxta dostlar təşkil edib uzun müddət birliklə gəzib əylənmələrini təşkil edib. Ona əvvəl içki, sonra qumar öyrədiblər. 18 yaşına qədər əsil qumarbaza çevrilib. Evdən əşyaları oğurlayıb, dəyər-dəyməzinə satıb qumar borclarını ödəyib. Yaşlı atasının heç bir öyüd nəsihəti ona təsir etməyib. Axırda kişi bezib onu evdən qovub və bütün var-dövlətini qızına vəsiyyət edib.
Bunu eşidən gənc qəzəbindən nə edəcəyini bilməyib və atasından qisas almaq üçün belə şərəfsiz yola əl atıb. Mələk o gecə baş verənləri atasından gizlətmək istəsə də kişi hər şeyi öyrənib. Qan düşməni olduğu adam öz nökərini göndərib hər seyi ona xəbər verib. Qisasını aldığı üçün öz məmləkətinə geri döndüyünü bildirib. Həsənəli ağa dostu vasitəsilə oğluna çatdırıb ki, onu bağışlayıb, evə geri dönsün. Səhəri gün Buzovna qayalıqlarının yanında bahalı xalçaya bükülmüş bir gəncin meyiti tapılıb. Məlum olub ki, qətlə yetirilən Həsənəli ağanın yeganə oğlu Musadır. Onun qəlbi sərrast atəşlə açılan tək güllə ilə əbədilik susmuşdu.
Ötən əsrin əvvəllərində baş verən bu hadisə barədə o vaxt şəhərdə çıxan bütün qəzetlər yazmışdı. Nənəm onu da ələvə etdi ki, sonralar Mələklə bir neçə dəfə görüşüblər. Bacısıgilin qonşuluğunda olurlarmış. Oğlunun ölümündən sonra Həsənəli ağa da çox yaşamayıb, bir neçə ay sonra bu dünyaya gözlərini yumub. Mələk öz xalası oğluna ərə gedib. 2 uşağı olub. Xoşbəxt həyatını müharibə pozub. Cəbhədən geri qayıtmayan ərindən sonra Mələk daha ailə qurmayıb, tibb bacısı işləyərək övladlarını böyüdüb, onlara ali təhsil verib. 70-ci illərin sonunda övladlarının və nəvələrinin ətrafında atasının və həyat yoldaşının adlarını çəkərək gözlərini əbədilik yumub.
Ardı var [/justify]
Nazilə Nəriman