Mən bu kəndin ən qədim nəslillərindən olan Hacı Hüseynli və Dostumlu tayfasından söz açmaq istəyirəm. Nüfuzlu din xadimi Hacı Hüseynin adı ilə tanınan bu məhəllənin vaxtilə hər bir üzvü imkanlı olub. (şəkildə nacı Hüseynli məhəlləsinin sakinləridir.)Onların arasında din xadimlərindən, tacirlərdən, mülkədarlardan tutmuş, neft maqnatlarına qədər böyük sərvətə malıik insanlar olub. Halal və dindar olduqlarına görə kənddə hamı bu nəslin nümayəndələrinə hörmət edib.
Onlardan biri də Xalıq kişi olub. Xalıq oğlanlarından birinə, Ələkbərə yaxın qohumu, məhəllənin nüfuzlu din xadimi olan Hacı İsrafilin qızı Hacıxanımı alıb. (Hacı İsrafilin atası isə həmin məhəllənin adı ilə tanınan Hacı Hüseyn kisi olub. Bu ad sonradan dəyişikliyə uğrayaraq Hacsönnü kimi işlənməyə başlayıb. ) Hacı İsrafil həyat yoldası ilə Həcc ziyarətinə gedərkən arvadı hamilə imiş və Məkkədə doğulduğu üçün qızın adını Hacıxanım qoyublar.
Ələkbər gəncliyində atıb-vuran, hamının çəkindiyi, nüfuzlu qoçu olub. Lakin hər zaman kasıblara əl tutduğu, həmişə haqlının tərəfində olduğu üçün gənc olmasına baxmayaraq, hamı onu çox sevib.(şəkildə oğlu Qəzənfər və böyük qızı Gülpəri llə ilə birlikdədir.)
Sonralar kəndin igid oğlanlarından özünə qoçu dəstəsi (mühafizə) toplayıb. Bu dəstənin başına isə ən yaxın dostu, qardaşlıq etdiyi məşədi Hilalı gətirib. Qoçu dəstəsi, 18-ci ildə kəndə gəlib burdakı yerli mülkədarın evində qərərgah quran Nuru pasanın ordusunda erməlilərə qarşı döyüşüb.
13 yaşlı gözəl Hacıxanımla evlənən Ələkbərin bi il sonra oğlu dünyaya gəlib.(Bu körpə böyüyüb Nizami Gəncəvi, Fizuli, Xaqani kimi dahilərin rəsmlərini yaradan xalq rəssamı Qəzənfər Xalıqov kimi ad qazandı) Gənc ata oğlunun doğulması münasibətilə kasıbları sevindirir, sürülərindən dəvələr, qoyunlar gətirdərək qurbanlar kəsdirir, oğlunun adına isə torpaq sahəsi alır. Balaca Qəzənfərin ayağı düşərli olur. Tezliklə Suraxanıdakı həmin torpaq sahəsində neft fontan vurur. Qəzənfərin sonradan Gülpəri, Sona, Ədilə adlı bacıları dünyaya gəlir. Ələkbərin var-dövləti ilə ilə bərabər nüfuzu da artır. O, Kərbəla ziyarətinə yola düşür və qayıdandan sonra qoçu deyil, kərbəlayı çağrılmağa başlayır. O, özünə ticarət gəmiləri alaraq işlərini genişləndirir, şəhərin mərkəzində, içərişəhərdə bir neçə möhtəşəm bina tikdirir. Qayınatası Hacı İsrafilin məsləhəti ilə Qobuda və ətraf kəndlərdə əlavə torpaq sahələri alib taxıl əkdirir, dəvə- qoyun sürülərinin sayını artırır.
Oğlu Qəzənfəri isə Sankt- Peterburqa, gimnaziyaya oxumağa göndərir. Üç gözəl- göyçək qızı-Gülpəri, Sona, Ədilə üçün xarici mürəbbiyələr tutur, onları ayrıca fayton gəzdirir.