Axtarış...

İrəvana ismarış: bu, Bakının maksimalist mövqeyi deyil, müharibədən qaçmağın tək yoludur... - TƏHLİL

İrəvana ismarış: bu, Bakının maksimalist mövqeyi deyil, müharibədən qaçmağın tək yoludur... - TƏHLİL

Rəsmi İrəvan Qarabağ danışıqlarını daha da mənasız edən təxribatçı bəyanatlarını davam etdirir. Belə təxribatçı ritorikanı Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ səfəri öncəsi və iki ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın gələn həftə Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində də müşahidə etməkdəyik.

Düşmən tərəf dəridən-qabıqdan çıxır ki, guya məhz Azərbaycanın müharibə tərəfdarı olduğunu, sülhdən qaçdığını dünyaya nümayiş etdirsin. Bunu ABŞ-ın Bakıdakı keçmiş səfiri, Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayzanın Nikol Paşinyanın Qarabağı Ermənistanın “tərkib hissəsi” elan edən bəyanatını tənqid etməsinə cavabı bir daha təsdiqləyir.

Xatırladaq ki, ötən həftəsonu Brayza həmin bəyanatın danışıqlar prosesini tamamilə heçə endirdiyini söyləyib. Eyni zamanda əlavə edib ki, N.Paşinyan Qarabağ qruplaşmasının güclü təzyiqlərinə məruz qaldığı üçün belə danışıb. “Əslində isə Bakıda, çox yüksək səviyyədə mənə deyiblər ki, Paşinyan Azərbaycanla danışıqları axıradək aparmağa hazır olduğunu bildirib”, - deyə Brayza Gürcüstanda yayımlanan internet televiziyasına müsahibəsində bildirmişdi.

Paşinyan bu xüsusda öncə yada salıb ki, avqustun 5-də onun Xankəndində səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı şərhlər qasırğasına məruz qalıb (virtualaz.org): “Lakin hələ əvvəl, mart ayında mən demişdim ki, ”Madrid prinsipləri"nin nələri nəzərdə tutduğu ətraflı aydınlaşdırılsın, o cümlədən statusa dair bu prinsiplərin hansı imkanlar yaratdığı göstərilsin. Yalnız bundan sonra deyə bilərik ki, həmin prinsiplər qəbulediləndir, ya yox. İstənilən həll Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır. Mən Ermənistanın ilk başçısıyam ki, həllin Azərbaycan xalqı üçün də məqbul olması haqda danışmışam. Biz gözləyirik ki, Azərbaycan da belə cavab verəcək. Hələlik bu yoxdur. Əksinə, onların yanaşması maksimalistdir. Hərçənd Minsk Qrupunun işçi müzakirələrində statusun müxtəlif ola biləcəyi göstərilir - o cümlədən Azərbaycandan kənarda. Azərbaycan deyir ki, həll ancaq onun ərazi bütövlüyü çərçivəsində mümkündür. Lakin əgər onların mövqeyi belə qətidirsə, o zaman bizim prinsip də “Qarabağ Ermənistandır, nöqtə” olacaq".

*****

Diqqət edildi yəqin, Azərbaycanın problemin həllini ərazi bütövlüyü prinsipi çərçivəsində görməsini N.Paşinyan maksimalist, qəbuledilməz mövqe hesab edir. Halbuki belə yanaşma, sadəcə, beynəlxalq normalardan qaynaqlanır: ölkəmiz bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT və ATƏT-ə Dağlıq Qarabağla birgə üzv olub. Azərbaycan prezidenti İlham Əliyev də məhz bu reallıqlardan, beynəlxalq hüquqdan çıxış edərək dəfələrlə bəyan edib ki, danışıqlarda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb, olmayacaq. Bu mənada “Dağlıq Qarabağ Azərbaycanındır, nöqtə” bəyanatında qeyri-adi, Paşinyanın həyasızcasına iddia etdiyi kimi, maksimalist heç nə yoxdur.

Maksimalizm məhz “Qarabağ Ermənistanındır. Nöqtə” bəyanatıdır. Çünki Dağlıq Qarabağ beynəlxalq qanunlara və sənədlərə görə, məhz Ermənistan tərəfindən işğal olunub və bu fakt dünya tərəfindən, BMT, ATƏT, AŞ PA, NATO, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən təsdiqlənib. Başqa sözlə, Ermənistan işğalçı kimi qəbul edilir. İşğalçı isə müharibənin müvəqqəti nəticələrindən çıxış edib şərtlər diktə edə bilməz - illah da müharibə hələ bitməyibsə.

Erməni baş nazirin sözlərindən isə belə çıxır ki, Dağlıq Qarabağ artıq beynəlxalq birliyin qəbul elədiyi mübahisəli ərazidir və Azərbaycan da bu reallıqdan çıxış eləməlidir. Yəni İrəvanın xəstə məntiqinə əsasən, Azərbaycan o halda konstruktiv sayılacaq ki, yekun sülh sazişinədək Dağlıq Qarabağı öz qanuni ərazisi saymasın, bu haqda hər hansı bəyanat verməsin, Dağlıq Qarabağın yekun statusu da referendumla həll olunsun - hansı referendum ki, Azərbaycan Konstitusiyasına tamamilə ziddir.

Qısası, tipik erməni hiyləgərliyi yəni. Bu, eyni zamanda işğalçı ölkənin özünü dünyanın gözündə növbəti dəfə sülhpərvər kimi göstərmək, Azərbaycanın guya sülh anlaşmasında maraqlı olmadığını nümayiş etdirmək cəhdidir ki var - xüsusən də Paşinyanın ABŞ səfəri öncəsi.

Belə çıxır ki, Bakı “Qarabağ Azərbaycanın deyil, nöqtə” deməlidir ki, erməni tərəfin gözündə konstruktiv görünək? Bəs o zaman Paşinyanın “Konfliktin həlli Azərbaycanı da qane eləməlidir” bəyanatı necə olsun? Əgər konflikt ölkəmizin ərazi bütövlüyü çərçivəsindən kənarda çözüləcəksə, Azərbaycanın maraqları necə təmin olunacaq görəsən? Ümumiyyətlə, Bakı o halda erməni tərəfi ilə nəyi müzakirə edəcək?

Məsələ də bundadır: münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görülür, yoxsa yox? Görülmürsə, demək, sülh anlaşması müharibənin nəticələri əsasında təsəvvür edilir. O halda İrəvanla danışıqlara vaxt itirməyə dəyməz və yeni müharibəni gözləmək lazımdır.

*****

Yeri gəlmişkən, dünən Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində dövlət katibi Pietro Parolinlə görüşüb və qarşı tərəfi Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıb, Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışının bölgədə gərginliyin artmasına xidmət etdiyini bildirib.

Öz növbəsində Bakıda səfərdə olan Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycan-Türkiyə Biznes Forumunda çıxışı zamanı Nikol Paşinyanın son sərsəm bəyanatlarını pisləyib, Qarabağ məsələsində qardaş ölkənin daim Azərbaycanın yanında olduğunu bəyan edib.

Oktay deyib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, 1 milyon azərbaycanlının öz torpaqlarına qayıtması ən böyük arzularıdır. “Ermənistan baş nazirinin Dağlıq Qarabağın Ermənistana aid olması barədə bəyanatını da təəccüblə qarşılayırıq. Bu cür bəyanatlara beynəlxalq ictimaiyyətin biganə qalmaması lazımdır. Türkiyə buna səssiz qalmayıb və qalmayacaq. Azərbaycan torpaqları üzərindən işğalın qaldırılması üçün həmrəyliyimizi davam etdiririk”, - deyə o vurğulayıb.

Bunu Türkiyənin işğalçı tərəfə daha bir ciddi xəbərdarlığı da saymaq olar.. //musavat.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz