Axtarış...

Bakının “addım-addım” taktikası genişmiqyaslı əməliyyatlara da gətirə bilər - TƏHLİL

Bakının “addım-addım” taktikası genişmiqyaslı əməliyyatlara da gətirə bilər - TƏHLİL

BMT Baş Məclisinin növbəti, 74-cü illik sessiyası öz işinə başlayıb. Bir neçə həftə çəkəcək toplantıda Azərbaycan və Ermənistan nümayəndələrinin də iştirakı gözlənilir. Nyu-Yorkda sessiya çərçivəsində həmçinin iki ölkə xarici işlər nazirlərinin - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın görüşü planlaşdırılır. Bu barədə artıq Ermənistan XİN açıqlama yayıb. Azərbaycan tərəfi də görüşlə bağlı xəbərləri inkar etməyib.

Lakin nazirlərin budəfəki görüşü ilə bağlı heç də nikbin notlar səslənmir. Bu da görüş ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan da daxil, işğalçı ölkə rəsmilərinin dilindən sülh danışıqlarının fəlsəfəsinə daban-dabana zidd bəyanat və açıqlamalar verilməsi ilə birbaşa bağlıdır. Belə qənaətlər mövcuddur ki, İrəvan qarşıdakı görüşdən sırf özünün sülhpərvər imici üçün yararlanmaq, yəni statu-kvonu süni surətdə uzatmaq niyyətindədir, nəinki Qarabağ danışıqlarında konstruktiv mövqe tutub nizamlama prosesinə təkan vermək. Hər halda, N.Paşinyan hər hansı səviyyəli görüşləri mənasız edən “Qarabağ Ermənistanındır, nöqtə” təxribatçı bəyanatını geri götürməyib.

*****

“BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi fikri var”. Bu barədə “Report”un sualını cavablandırarkən Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Lakin onun sözlərinə görə, bunu, sadəcə, görüş adlandırmaq olar.

“Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə Ermənistan tərəfindən ciddi zərbələr vurulur və danışıqlar prosesinin pozulması üçün təxribatçı addımlar atılır. Bu baxımdan qarşıdakı görüşdə də Azərbaycanın mövqeyi həmsədrlərə, Ermənistan tərəfinə - xüsusən də Ermənistan tərəfinin səsləndirdiyi bu destruktiv açıqlamaların fonunda çatdırılacaq”, - deyə o qeyd edib.

H.Hacıyev əlavə edib ki, görüşün konkret vaxtı tərəflər arasında razılaşdırıldıqdan sonra XİN səviyyəsində ictimaiyyətə açıqlama veriləcək.

*****

Bəllidir ki, BMT Baş Məclisinin toplantısında Nikol Paşinyan iştirak və çıxış edəcək. Bəzi siyasi şərhçilərə görə, erməni baş nazir yüksək tribunadan bu dəfə də Azərbaycana qara yaxmaq üçün istifadə edəcək, Bakını sülh anlaşmasında deyil, guya müharibədə maraqlı olmaqda ittiham etməyə çalışacaq. Odur ki, rəsmi Bakı indidən kontur-addımla bağlı hazırlıq görməlidir. Bu mənada nazirlərin görüşünün Paşinyanın çıxışından sonraya, yoxsa əvvələ nəzərdə tutulduğu hələlik məlum deyil.

İstənilən halda, Azərbaycan tərəfinin əlində təcavüzkar ölkəni bir daha dünya birliyinin gözündə faş eləmək üçün kifayət qədər əsas var. Onlardan biri də elə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul elədiyi, Ermənistanın işğalçı kimi təsbit olunduğu, ancaq əfsuslar olsun ki, on illərdir icra olunmayan 822, 853, 874 və 884 saylı qətnamələridir. Şübhə yox ki, Azərbaycan tərəfi BMT tribunasından etdiyi çıxışı zamanı bu faktın üzərində xüsusi dayanacaq.

*****

Problem də ondadır ki, Ermənistana qarşı BMT qətnamələrinin diktə elədiyi sanksiya rejimi tətbiq olunmadığı üçün işğalçı ölkənin rəhbərliyi sülh danışıqlarında ildən-ilə daha aqressiv və həyasız mövqe tutmaqdadır. Son olaraq Paşinyan bu sənədlərə, eləcə də digər mötəbər beynəlxalq təşkilatların analoji qərar və qətnamələrinə tüpürərək, “Qarabağ Ermənistanındır, nöqtə” sərsəm bəyanatını verib. Bu, əlbəttə ki, ilk növbədə beynəlxalq rəyə və hüquqa, BMT-yə və onun nizamnaməsinə tüpürməkdir ki, bütün bunlar yəqin ki, BMT kürsüsündən bir daha iştirakçıların diqqətinə çatdırılacaq.

Bəs BMT, nəhayət, öz qərar və qətnamələrinə sahib çıxacaqmı? Axı fakt həm də bundan ibarətdir ki, mötəbər təşkilatın Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün ATƏT-ə (onun Minsk Qrupuna) verdiyi mandat özünü doğrultmayıb. Konflikt 24 il öncə hansı vəziyyətdə idisə, orada da qalır. O zaman bundan sonra da pul-para ayırıb Minsk Qrupunu saxlamağa, xərc çəkməyə dəyərmi? Dağlıq Qarabağ ixtilafının həlli üçün daha effektli və işlək bir formatın yaradılması zamanı deyilmi?

BMT nizamnaməsindən söz düşmüşkən, bu nizamnamə işğala məruz qalan üzv ölkəyə öz ərazi bütövlüyü və suverenliyini istənilən yolla bərpa eləmək hüququ verir. Söhbət təbii ki, həm də hərbi gücdən istifadədən gedir. Şübhə yox ki, Azərbaycan öz ərazi bütövlüyünü enində-sonunda bərpa edəcək: ya beynəlxalq hüququn ona tanıdığı güc vasitəsilə, ya da nə qədər fantastik görünsə də, danışıqlar yolu ilə.

Bakı ən azından “addım-addım” taktikası ilə, lokal hərbi əməliyyatlarla işğalçını öz ərazisindən çıxarmağa davam edəcək. Yeri gələndə lokal əməliyyatlar, antiterror əməliyyatları daha geniş miqyas ala bilər. Bu, beynəlxalq şərtlərdən, o sırada Rusiyanın davranışından və əlbəttə ki, İrəvanın nə dərəcədə ədalətli sülh anlaşmasında maraqlı olmasından asılı olacaq. Bütün hallarda Azərbaycan ərazi itkisi ilə heç vaxt barışmayacaq və bunu ilk növbədə İrəvanda bilməli və ciddiyə almalıdırlar... \\musavat.com\\
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz