Axtarış...

Paşinyanın Almaniya HİYLƏSİ, Merkelin TƏRS ŞİLLƏSİ

Paşinyanın Almaniya HİYLƏSİ, Merkelin TƏRS ŞİLLƏSİ

Yanvarın 31-də Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya rəsmi səfəri baş tutdu. Paşinyan səfər çərçivəsində Almaniya kansleri Angela Merkel və Almaniyadakı erməni icması ilə görüşlər keçirdi. Baş nazirin səfər müzakirələrində diqqət çəkən əsas məqamlardan biri Merkellə söhbət zamanı Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda Ermənistan və Azərbaycanla yanaşı, Dağlıq Qarabağı da tərəf kimi göstərməsi oldu. Lakin Merkel çıxışı əsnasında Paşinyanın istifadə etdiyi bu ifadəni təkrarlamadı və yalnız Ermənistanla Azərbaycanın adını qeyd etdi.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirir ki, Paşinyan bu ifadəni məqsədli şəkildə işlədib:

"Angela Merkel Dağlıq Qarabağ problemini dərindən bilən insanlardan biridir. Hətta Almaniyanın hazırkı Ştaynmayer xarici işlər naziri olan kanslerin tapşırığı ilə Dağlıq Qarabağ məsələsi ilə bağlı öz hökumətinə müfəəssəl məlumatlar çatdırmışdı. Almaniyanın sülhməramlı missiyada iştirakının imkanlarını, şərtlərini və perspektivlərini dəyərləndirmişdi. Almaniya elitasında, siyasi rəhbərliyində Dağlıq Qarabağ problemini kifayət qədər yaxşı bilənlər çoxdur. Almaniya elitası Avropa İttifaqının qonşuluq siyasətində həmin bu məsələni çox vacib hesab edirlər və bildirirlər ki, bu məsələnin həlli son dərəcə mühümdür. Almaniya da Minsk qrupunun 3 həmsədr dövlətinə dəstək verə bilər.

Nikol Paşinyanla Angela Merkelin müzakirəsində isə diqqət daha çox Paşinyanın üzərinə çəkilir. O, həm kanslerlə, həm də Köln şəhərində yaşayan ermənilərlə görüş keçirdi. Hər iki görüşdə birbaşa dedi ki, Dağlıq Qarabağın erməni icması Azərbaycan-Ermənistan arasındakı prosesə qatılmalıdır. Paşinyan özü də gözəl bilir ki, bu məsələ baş tutan deyil. Çünki Azərbaycan bu problemi çoxdan rədd edib. Ona görə ki, Azərbaycanın tələbi Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını bildirib. Həm də Azərbaycan Qarabağda yaşayan erməni icmasına ən yüksək statusu verməyə hazır olduğunu bəyan edib. Əgər burada kompromislərdən söhbət gedirsə, onda gərək Dağlıq Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan icmasının nümayəndələri ilə görüşsün. Rəsmi İrəvanla Bakı arasında münasib şərait formalaşmağa başlasın ki, kommunikasiya vasitələri bərpa olsun. Həm də iki ölkə arasındakı münasibətlərdə bir balaca tərpəniş olsun. Ona görə Paşinyanın danışıqlar prosesinə üçüncü tərəfi cəlb etmək niyyəti keçərli olmayan variantın gündəmə gətirilməsi deməkdir. Paşinyan bunu ona görə edir ki, özündə qətiyyət, güc, təpər hiss edə bilmir. Çünki ona qarşı müqavimət göstərən Ermənistanın daxili rəqibləri, Qarabağ klanı, Respublikaçılar Partiyasının qalıqları bu məsələlərdə çox sərt mövqe tuturlar. Paşinyan hakimiyyətinin kövrək olması, komandasının zəif mövqe tutması onu geri çəkir və bu minvalla vaxt qazanmağa çalışır".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz