Axtarış...

“Bizim bir yolumuz var - Ermənistanı sülhə vadar etmək” - TƏHLİL

“Bizim bir yolumuz var - Ermənistanı sülhə vadar etmək” - TƏHLİL
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla növbəti görüşünün Vaşinqtonda (ABŞ) baş tuta biləcəyini istisna etməyib.

Qeyd edək ki, ilk olaraq belə bir görüş təşəbbüsünün olması barədə E.Məmmədyarov açıqlama vermişdi. Azərbaycan XİN rəhbərinin sözlərinə görə, ABŞ dövlət katibi Pompeo Vaşinqtonun ev sahibliyi ilə Qarabağ danışıqlarının davam etdirilməsi təklifi ilə çıxış edib.

Erməni nazir isə nəhayət, bununla bağlı məlumata reaksiya verib. “ATƏT-in Minsk qrupunda üç həmsədr var. Bizim Parisdə və Moskvada görüşlərimiz olub, üçüncü həmsədr də var. Həqiqətənmi üçüncü görüş Vaşinqtonda keçirilə bilər? Əlbəttə. Həqiqətənmi biz buna hazırıq? Əlbəttə. Növbəti mərhələ olmalıdır axı”, - deyə Mnatsakanyan bildirib. (Report) Erməni nazirin sözlərinə görə, amerikalı həmkarları öz dəvətlərini təsdiqləyən kimi, bu barədə konkret danışmaq olar. “Amerikalı həmkarlarımız adından danışmaq istəmirəm, onlar hazırlaşmalıdırlar”, - deyə Mnatsakanyan əlavə edib.

Xatırladaq ki, 2019-cu ilin ilk dörd ayında Azərbaycan və Ermənistan XİN başçıları ilə yanaşı, hər iki ölkənin liderləri də bir araya gəliblər. Lakin hər görüşdən sonra Ermənistanın təxribatçı davranışlarının şahidi olmuşuq. Ermənistanın müdafiə naziri David Tonoyan daha uzağa gedərək Azərbaycanın digər ərazilərini də işğal edəcəyi ilə hədələyib. Bəzi hallarda “sülh carçısı” kimi görünməyə cəhd edən N.Paşinyan isə öz nazirinin sərsəm bəyanatını müdafiə edib. Belə olan təqdirdə danışıqların mənasının qalmadığı ciddi ekspertlər tərəfindən vurğulanmaqdadır.

Ermənistanın xarici işlər naziri onu da deyib ki, Bakı və İrəvan Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları hər hansı konkret sənəd olmadan aparırlar. “Biz bu gün hansısa sənəd olmadan danışıqlar aparırıq. Prinsipləri, yanaşmaları müzakirə edirik. Bu, konkret sənəd olmadan aparılan danışıqlardır. Ən mühümü odur ki, biz konkret mətn üzərində danışıqlar aparmırıq”-Mnatsakanyan bağlı qapılar arxasında baş verənlər haqda danışarkən bildirib. Bu zaman aparıcı ondan soruşub: “Belə çıxır ki, saatlarla kağızsız, sənədsiz söhbət edirsiniz?” Mnatsakanyan cavabında deyib ki, onlar saatlarla söhbət etmirlər, saatlarla müzakirə edirlər, müqayisələr aparırlar, mübahisə edirlər, öz yanaşmalarını təqdim edirlər və sonradan bəyanatlarda əks olunan hansısa razılaşmalar dairəsini formalaşdırmağa çalışırlar.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov danışıqlarda 2016-cı ildə irəli sürülmüş “Lavrov planı”nın müzakirə olunduğunu demişdi. (Virtualaz.org)

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a açıqlamasında danışıqların perspektivinə inanmadığını bildirdi: “Bizim bir yolumuz var - Ermənistanı sülhə vadar etmək. Bu isə o deməkdir ki, xoşluqla yola gəlmək istəməyəni zorla vadar etməliyik. Son günlər erməni mətbuatı o dərəcədə qudurub ki, artiq ərazi məsələsini bitmiş kimi qələmə verir. Bu, ən azından təhdidlərin yenilənməsi kimi yozulmalıdır. Odur ki, yolunu azmış qəsbkara təsirli yanaşma tətbiq etmək vacibdir ki, həddini aşmasın”.

T.Abbasov istisna etmir ki, Azərbaycan tərəfi də ermənilərin hiyləgər gedişlərindən xəbərdardır və vəziyyəti nəzarət altında saxlayır: “Elə bilirəm ki, rəsmi Bakı nə baş verdiyindən xəbərdardır və ən yaxın zamanda vəziyyətlə bağlı müvafiq qərar verəcək”.

QAT sədri Akif Nağı da savaşın alternativini görmür: “ABŞ-ın ştatı ermənipərəst qətnamə qəbul edir , ABŞ-ın ”Stratfor" mərkəzi Dağlıq Qarabağdakı qondarma rejimi “de-fakto müstəqil dövlət” kimi tanıyır , Rusiyanın dövlət kanalı Dağlıq Qarabağa film çəkməyə gedir, Fransa erməniləri bir az da isti qucaqlayır, BMT-də “DQR”-in hesabatını yayırlar . Ermənilər yurdlarımızda at oynadırlar. Biz isə bütün bunlara nə ilə cavab veririk? Mənasız bəyanatlarla özümüzü aldadır, görməməzliyə vururuq. Üstəlik, ermənilərlə dialoqdan danışırıq".

A.Nağı bəzi rəsmilərin müharibə çağırışına qarşı çıxmasını anlaşılmazlıq saydı: “Belə olmaz! Bu rüsvayçılığa son qoymağın yalnız bir yolu var: o da müharibədir. Heç nəyə, heç kəsə baxmadan, heç nəyi fikirləşmədən müharibəni başlayıb, torpaqlarımızı azad etməliyik!”

Maraqlıdır ki, Vaşinqtondakı Qarabağ danışıqları ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə müsahibə verib və ABŞ-ı tənqid edib. Paşinyan qəzetin icmalçısı Yuri Simonyanın “Suriyaya hərbi humanitar yardımın aparılması ilə bağlı Vaşinqton tərəfindən Ermənistanın keçmiş hakimiyyəti indiki iqtidar qədər açıq şəkildə heç vaxt tənqid edilməyib. Siz ABŞ-la münasibətləri necə tarazlaşdırmağı planlaşdırırsınız” sualına belə cavab verib: “Ermənistanda ABŞ hakimiyyətini mənim kimi heç bir hökumət tənqid etməyib”. Faktiki olaraq bu, Ermənistan rəhbərliyinin danışıqlar təşəbbüsünə verdiyi cavabdır. İrəvan status-kvonun saxlanması üçün hər cür təxribatlara əl atır ki, son cəhdləri də buna hesablanıb.

Paşinyanın bu davranışını publika.az-a şərh edən politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirir ki, Ermənistan baş nazirinin bu açıqlamanı verməyə vadar edən ciddi səbəblər var: “Erməni xislətidir: necə sərf edirsə, onun ardınca qaçır. Bu gün Paşinyan yaxşı başa düşür ki, Rusiyaya xoş gələn Amerikanın ciddi tənqid edilməsidir. Bu missiyanı Paşinyan çox böyük ”şərəflə" yerinə yetirir. Paşinyan dünənə qədər Qərb ölkələrinin qapısının ağzında dilənçi pozasında dayanıb pul dilənmirdi? Dünənə qədər özünün Qərbə inteqrasiya siyasətini axıra qədər aparacağını söyləmirdi? İndi deyir ki, onun qədər Amerikanı tənqid edən ikinci bir siyasi xadim yoxdur. Paşinyandan soruşmaq lazımdır ki, sən Putindən də çox ABŞ-ı tənqid etməyə başlayırsan? Özü də o, hansı arqumentlərlə Vaşinqtonu tənqid edir? Hansı eyiblərini açıb ortaya qoyur? Bu açıqlama sadəcə Rusiyaya xoş gəlmək üçün edilmiş siyasi manevrdir. Bu manevrlə o, bir çox məqsədlər güdür. Qərbdən əliboş qayıdan Paşinyan yaxşı başa düşür ki, Rusiyadan başqa onun istinad nöqtəsi yoxdur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində onun arxasında Rusiya dayanır. Prosesin ləngiməsi xəttində ona Moskva kömək edir. Azərbaycan Ordusunun hərbi hazırlıqlarını görüb bəzən vahiməyə düşəndə yenə onu sakitləşdirən Moskva olur. Bu kimi nüanslar Paşinyanı Putini və Rusiyanı daha çox sevməyə vadar edir".

N.Paşinyan təbii ki, hakimiyyətə gəldikdən sonra ürəyindəki arzulara çata bilmədiyi üçün pərtdir. O, prezident Trampla görüşə çox can atsa da, buna nail ola bilmədi. Hətta Ermənistan XİN başçısının ABŞ-a səfəri də son anda təxirə düşdü. Vaşinqton Ermənistan hərbçilərinin Suriyaya gönədrilməsinə cavab olaraq erməni naziri qəbul etməkdən vaz keçdi. Bu mənada Amerika uşaqlarından ibarət komanda toplamış Paşinyanın Vaşinqtonun siyasətini tənqid etməsinin səbəbi aydındır. Ancaq təəssüf ki, Ağ Ev Ermənistana layiq olduğu yeri göstərmir. Ekspertlərin dediyi kimi, işğalçı ilə masa arxasında danışmağın heç bir mənası qalmayıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz