“2019-cu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün perspektivli bir il kimi başladı. Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsi rəsmi İrəvan tərəfindən münaqişəyə yeni baxış olacağı kimi görünürdü”.
Bunu Azvision.az -a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
“Bakıda keçirdiyim görüşlərdən, danışıqlardan çıxış edərək deyə bilərəm ki, rəsmi şəxslər optimist idilər. Onlar Paşinyanın Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə ənənəvi yanaşmasını dəyişdirə, bu münaqişədə hər hansı irəliləyişin əldə olunmasına təsir göstərə biləcəyini hesab edirdilər. Bu, optimizmin sübutlarını Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında keçirilən görüşlərdən, eləcə də iki ölkənin XIN başcılarının apardıqları danışıqlardan da görmək olardı. Bu görüşlər çərçivəsində tərəflər xalqların sülhə hazırlanması üçün etimad tədbirlərinin qurulması barədə razılaşdılar. Ancaq optimizm o zaman yoxa çıxdı ki, Qarabağ klanı Paşinyanın münaqişəyə konstruktiv yanaşmasına negativ reaksiya verdi. Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yeni, güclü addımlar atmaq üçün öz siyasi gücünü toplamağı bacarmadı”, - deyə Brayza bildirib.
Sabiq diplomat Ermənistan baş nazirinin ötən il səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” kimi təxribatçı bəyanatlarına da toxunub. Onun sözlərinə görə, “Qarabağın müstəqil olması, yaxud Ermənistanın bir hissəsi olması” barədə açıqlamalar münaqişənin həlli üçün yüksək səviyyədə sarsıdıcıdır.
“Belə bəyanatlar əvvəllər heç vaxt nə Ermənistan, nə başqa ölkə tərəfindən səsləndirilib. Və bu açıqlamalar Paşinyanın 2019-cu ilin başlanğıcında sərgilədiyi yanaşmaya uyğun deyil. Beləliklə, deyə bilərəm ki, Paşinyan Qarabağ klanının möhkəm təzyiqi altındadır. Hansı ki, bu klan Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin əldə olunmasını istəmir. Amerikada fəaliyyətdə olan “Daşnaksütyun” nümayəndələri, hansılar ki, Amerikanın erməni icmasının üzvləridir, onlar Amerika Senatına mənim Azərbaycanda səfir kimi fəaliyyətimi davam etdirməməyim, namizədliyimin təsdiqlənməməsi üçün təsir göstərdilər. Amerikada yaşayan “Daşnaksütyun” üzvləri Azərbaycan və Türkiyəyə nifrət bəsləyirlər. Onlar münaqişənin həll olunmasını istəmirlər, çünki inanırlar ki, davam edən münaqişə onlara Amerikada daha çox pul qazanmağa yardım edir. Onlar münaqişənin siyasi həllini istəmirlər və Dağlıq Qarabağ, ətraf 7 rayonu mənimsəmək niyyətindədilər. Onların, eləcə də Türkiyədəki torpaqlara iddiaları var, çünki məqsədləri “Böyük Ermənistan” yaratmaqdır.
Brayza, həmçinin 2020-ci ildə münaqişənin nizamlanmasında gözləntilərini də açıqlayıb. Onun sözlərinə görə, hazırda optimizim üçün səbəb görmür: “Paşinyan 2019-cu ilin əvvəlində tutduğu konstruktiv yanaşmadan uzaqlaşmaqda davam edir. Düşünürəm ki, o, Qarabağ klanının təsirinin altında qalmaqda davam edir. Beləliklə, Paşinyan istənilən bir konstruktiv addımı ata bilməyəcək. Hesab edirəm ki, hazırda baş verən, Dağlıq Qarabağ və ətraf 7 rayonda qeyri-qanuni məskunlaşma prosesi dayandırılmalıdır. Ümid edirəm ki, ATƏT-in Minsk Qrupu, üzv ölkələr, BMT bu cür məskunlaşmaların qeyri-qanuni olduğu barədə öz münasibətini ortaya qoyacaq. Bu proses BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir. İnanıram ki, ATƏT MQ, üzv ölkələr, BMT-nin bu barədə bəyanatları Paşınyanın daha əvvəl tutduğu konstruktiv mövqeyə qaytmasına yardım edə bilər.