“İki dostum var, sağ olsunlar, hər ay yoxlayırlar, balansımda kontur bitəndə yükləyirlər. Balansım ildırım sürəti ilə uçur. Hətta deyirlər ki, müəllim, axı konturu bu yaxınlarda yükləmişik. Özü də mən telefonda çox danışmıram axı. Mənə kim zəng edirsə, deyirəm ki, qardaş, konturum yoxdur, zəhmət çək, sən mənə zəng et. Konturum boşa gedir. Faktım, dəlilim, əlimdə aparatım yox. Qalıb “Azercell”in vicdanına, insafına, bir də dövlətin bu işə nəzarət edən qurumlarının nəzarətinə. Nəzarət etsinlər. Bunların birini tutsunlar, birini güllələsinlər, edam etsinlər, cəza olsun ki, bunlar da qorxsunlar. Dəhşət burasındadır ki, qorxu yoxdur. Bilirsiniz niyə? Çünki Azərbaycanı çapıb-talayan qohum-əqrəba, tayfa bir yerdədir. Hamısı eyni şeydirlər. Yüz faiz əminlik var ki, sabah cinayətlərinin üstü açılsa, yalandan hay-küy qopacaq, iki-üç mətbuat orqanı yazacaq, məhkəmə, vəssalam. Sonra da gedib özləri üçün yığdıqları milyonları xərcləyib kef edəcəklər”.
Millitv.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti, kinorejissor Əbdül Mahmudov deyib.
O bildirib ki, ümumiyyətlə, bu gün Azərbaycanda beş-on faiz dövlət strukturları, məmurları istisna olmaqla, digərləri bir məqsədə xidmət edir: “Ağıllı, bəzən ağılsız, qərəzli başlar baş-başa verib planlı şəkildə bir yerə yığılırlar, fikirləşirlər ki, etimad göstərilən vəzifələrindən necə sui-istifadə etsinlər ki, xalqa ziyan vurub, çoxlu qazanc əldə etsinlər. Bu, düsturdur. Həmin o məmurlar, dediyim faiz öz adamları ilə bir yerdə başlarını işlədib az-çox xalqın, dövlətin xeyrinə düşünsələr, inanın, indi millət yağ-bal içində yaşayırdı, heç bir sosial problem, gərginlik, narazılıq, mərkəzdənqaçma da olmazdı. Çox təəssüf ki, belədir, amma danışsaq da, bizə bəlli olmayan səbəblərdən ortada heç bir nəticə yoxdur. O cümlədən də “Azercell”lə bağlı nəticə yoxdur...”