Axtarış...

Ağsunun təzə başçısı da camaatı dinləmir... - “Evim başıma uçur, şikayətimə baxan yoxdur”

Ağsunun təzə başçısı da camaatı dinləmir... - “Evim başıma uçur, şikayətimə baxan yoxdur”

“Müharibədə can qoymuşam, iki dəfə yaralanmışam. İstədiyim odur ki, Qarabağ qazisi olaraq mənə azacıq da olsa qiymət verilsin. Evim başıma uçur, şikayət etmədiyim yer qalmayıb, amma ev problemimə baxan yoxdur”. DİA.AZ bildirir ki, Ağsu rayonu, Babək küçəsi 7 ünvanında yaşayan Elşən Abdulla oğlu Nağıyev belə deyir.

1991-ci ildə həqiqi hərbi xidmətə yollanan Elşən Nağıyev bir il sonra döyüş bölgələrində olub, iki dəfə yaralanıb: “1992-ci ildə müharibəyə getmişəm. İki dəfə yaralanmışam, qəlpə və güllə yarası almışam. Birinci dəfə Tərtərdə qəlpədən yaralandım, xəstəxanada yatdım, sağalandan sonra yenidən döyüş bölgəsinə getdim. İkinci dəfə Ağdamın Sırxavənd kəndində yaralandım. Güllə ayağımda qalmışdı, bizi əsir götürəcəkdilər. Ayağımı rezinlə sıxdım, həmin vəziyyətdə ermənilərlə atışa-atışa döyüş bölgəsindən çıxdım. 1992-ci ildə təxminən beş yüz, min nəfər adam müharibəyə getmişdik. Orada iki-üç nəfər sağ qalanlardan da biri mənəm”.

Elşən Nağıyev deyir ki, müharibə olarsa, yenə döyüşə getməyə hazırdır: “Mən yenə də gedib, öz borcumu yerinə yetirəcəyəm. Vətən uğrunda yeri gəlsə, canımı da verəcəyəm. Amma dövlət də gərək mənim qayğıma qalsın. Qırx beş ilin evidir, başımıza uçur. Ağsu Rayon İcra Hakimiyyətinə gedirsən, adama məhəl qoymurlar. Prezidentə və Birinci vitse-prezidentə məktub yazdım, yolladılar icraya. Məktubuma cavab gəldi ki, siz qeydiyyata alınmısınız, amma tikinti işlərinə başlamırlar. Mənimlə eyni vaxtda müraciət edən adamların evi təmir olunub. Nədənsə mənim evimə baxılmır”.

Şikayətçi narahatdır, deyir ki, qorxuram, vəd verilsə də, evim təmir olunmasın: “İcra hakimiyyətindən dörd beş dəfə gəlib baxıblar, sonra da təmir yazıblar. İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov qonşumdur. Əlli dəfə icra hakimiyyətinə getmişəm, məni görüb, heç maraqlanmayıb ki, bura niyə gəlmisən. Az qala, hər gün ora gedirəm, hər dəfə deyirlər: “gözlə”. Fevraldan müraciət etmişəm, daha nə qədər gözləyim? Qış yaxınlaşır, təmirə başlasalar, harda yaşayacağıq? Demirəm ki, gəl, mənim evimi sök, yerində malikanə tik. İstəyirəm ki, evə baxıb, nə lazımdırsa, həmin köməkliyi etsinlər. Ağsunun bir neçə kəndini gəzin, evlərə baxın, hamıya ev tikirlər. Mən müharibədə canımı qoymuşam, amma evimə, yaşayışıma baxan yoxdur. Anam yaşlı, xəstə adamdır. Yoxsa, ailəmi də götürüb Azərbaycandan çıxıb gedərəm. Bilmirsən ki, dərdini kimə deyəsən. Anam 190, mən 80 manat pensiya alıram, birtəhət dolanırıq. Övladımı kreditlə gəlin köçürdüm. Oğlumun yaşı çatıb, bir-iki aya əsgər gedəcək. Evlənəndə necə yaşayacağı heç kimi maraqlandırmır”.

DİA.AZ xatırladır ki, Ağsuya yeni başç təyin olunsa da, elə bu gün sözügedən RİH qarşısında şikayətçilərin böyük növbəsinin yarandığı haqda informasiyalar yayıldı. Görünəni odur ki, təzə başçı da köhnə rəhbərliyin yolunu getməkdədir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz