“Bu gün "İnşaatçılar" metrostansiyası yaxınlığında 050 536 94 XX mobil nömrəsi aldım. Gün ərzində bütün dostlarıma və yaxınlarıma yeni nömrəmi bildirdim. Sonradan məlum oldu ki, yeni nömrəmin “Whatsapp” xidmətindən başqa qadın istifadə edir. Mən “Whatsapp” açmaq və nömrədən tam istifadə etmək istədikdə mənə bu xidmətin əngəlləndiyi barədə mesaj gəlir”.
Millitv.az-ın pravda.az-a istinadən xəbərinə görə, bunu jurnalist Müşfiq Abdulla bildirib.
M.Abdulla qeyd edib ki, digər istifadəçi aktiv olduğuna görə “Whatsapp”a məhdudiyyət qoyulub: “Getmişəm “Azercell”ə, deyirəm, bu problemi həll edin. Cavab verirlər ki, kömək edə bilmərik. Deyirəm xanım, sizin bu hərəkətiniz bir şirkətin dələduzluq yolu bir mənzili beş adama satmasına bənzəyir. Cavab verir ki, siz bu nömrəni alanda nəzərə almalı idiniz ki, belə problemlə üzləşə bilərsiniz. Deyirəm, bəs mənə dəyən ziyanı kim ödəyəcək? Cavab verir ki, gedin “Azercell”in baş ofisinə müraciət edin, ya da müştəri xidmətinə. Müştəri xidmətindən deyirlər ki, biz “Whatsapp” məsələsi ilə məşğul olmuruq, “Azercell”in rəhbərliyi ilə danış. Ya da 6 ay gözləyin, nömrə adından çıxsın, yeni nömrə al. Sonda gedib bir gündə ikinci dəfə nömrə almaq məcburiyyətində qaldım”.