“Mənim ilk nömrəm “Azercell” nömrəsi olub. O zamanlar “Azercell”lə münaqişəmiz yaranmışdı. Çünki istifadə etmədiyim halda, balansımdan 10 manat məbləğində vəsait mənimsənilmişdi. Mən bununla bağlı onlara iradımı bildirdim. Onlar isə məni hədələdilər və məhkəməyə verəcəklərini bildirdilər. O zaman dedim ki, məhkəməyə verin, orada görüşək və sübut edim ki, oğurluq etmisiniz”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış jurnalist Azər Həsrət deyib. Daha sonra bunları əlavə edib:
“Mən ilk fürsətdə “Azercell”dən imtina edəcəyimi də dedim. Belə ki, nömrə daşınma xidməti aktivləşdi və aktivləşən kimi də ilk işim “Azercell”dən nömrəmi daşımaq oldu. Mən odur-budur “Azercell”dən uzaqlaşmışam. Hətta, mənə dəfələrlə “Azercell” operatorları zəng vurublar və maraqlı təkliflərlə çıxış ediblər ki, nömrənizi qaytarsanız hansısa xidmətlərimiz faydalı ola bilər, yaxud da bizdən nömrə alsanız sizin üçün əlverişli xidmət təklif edərik. Mən də həmişə onlara cavab vermişəm ki, “Azercell” bir dəfə mənim pulumu oğurlayıb, ona görə də heç vaxtı o xidmətdən istifadə etmək fikrində deyiləm.
Əlbəttə ki, pulumu qaytarsınlar, ondan sonra danışa bilərik. Düzdür, eşitmişəm ki, “Azercell” daha keyfiyyətlidir, özəlliklə də əhatə dairəsi çox genişdir. İndi o problem də artıq arxa planda qalıb. Bu saat internet var, kəndlərdə belə faktiki olaraq mobil operatorların xidmətinə o qədər ehtiyac qalmır. Artıq illərdir ki, “Azercell”dən imtina etmişəm. Əgər nəsə dəyişibsə, buyursunlar. Göstərsinlər ki, artıq pulun əsassız yerə silinməsinə və s. kimi hallara yol verilmir. Onda biz nəsə düşünə bilərik”.
Demokrat.az