Bu gün müxtəlif mövzuları, şəhərdə tıxac, səhiyyə sistemindəki problemlər, notarius və s mövzuları işləyəndə görürəm ki, cəmiyyətin bir tərəfi gülü dərə, o biri tərəfi çirkli dərə ola bilməz.
Bu aksiomadır. Kimsə bunu inkar etməyə çalışmasın.
Biz hamımız bir yerdə, bir cəmiyyət olaraq ruslar demişkən, “odnorodnı”, yəni bircinc mühitik.
Yəni səhiyyədə baş verən problemlər eyni ilə təhsildə baş verir, təhsildəki problemlər müdafiə nazirliyi sistemində təkrar olur...eyni problemlər meliorasiya sistemində davam edir və bu zəncir məhkəməyə qədər davam edir.
Aydın oldumu nə demək istəyirik..?
Heç kəs yaxasını qırağa çəkməsin.
Eləcə də indi haqqında bəhs edəcəyimiz, ədliyyə sistemi və onun bir parçası olan Notarius idarələri...
Ədliyyə ƏDALƏT sözündəndir və bir dəfə cənab Prezident İlham Əliyev də bu qurumu və məhkəmələri ƏDALƏT SARAYI adlandırıb.
Gəlin, görək, bizim məhkəmə sistemi ƏDALƏT SARAYIDIR..?
Əlbəttə, yox. Hətta Milli Məclisin tribunasından millət vəkilləri dəfələrlə deyib ki, məhkəmə-ədliyyə sistemimiz fəlakətli durumdadır.
Nə isə, sözün qısası, ölkəmizdə fəaliyyət göstərən dövlət və fərdi (özəl) notarius kantorlarındakı vəziyyət acınacaqlıdır.
Qısa məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 200-ə yaxın notariat kontoru fəaliyyət göstərir. Onlardan 100-dən çoxu dövlət kontorudur və 30-u Bakıda, 70-dən artığı isə regionlarda yerləşir. Və eyni zamanda fərdi ( yəni özəl ) notariat kantorları da fəaliyyət göstərir.
Və ən dəhşətlisi odur ki, Azərbaycanda dövlət qurumlarının verdiyi, dövlətin tanıdığı notariuslarda təsdiqlənən sənədlərin saxta çıxarılması, qanunsuz hesab edilməsi halları az qala adi hala çevrilib.
Vətəndaş pulunu verib əmlak alır, əmlakı təmir edir, iş yerinə, yaşayış yerinə çevirir və aylar, illər sonra ortaya çıxan biri deyir ki, bəs əmlak mənimdir.
Məlum olur ki, hansısa notariat kantoru saxta sənəd verərək vətəndaşın mülkiyyət hüququnu pozub.
Daha dəqiq desək, notariat kantorlarda alqı-satqı prosesində saxtakarlığa yol verilib.
Belə kantorlardan biri də Hacıqabul rayonu dövlət notariat kantorudur.
Bir məsələni də xüsusi olaraq qeyd edək ki, hüquqların notariat qaydasında təsdiq edilməsinin üstünlüyü ondadır ki, notariat qaydasında tərtib edilmiş sənəd hüququ DÖVLƏTİN ADINI QORUYUR.
Amma təəssüf ki, Hacıqabul notariat kantorunda nəinki DÖVLƏTİN, heç kantorun öz adı qorunmur.
Hacıqabul sakinləri adından mediada gedən məlumatlardan bəlli olur ki, Hacıqabul notariat kantoru mülkiyyətin alqı-satqısı, avtomobillərin satışı zamanı ciddi saxtakarlığa yol verir.
Bu isə gələcəkdə mülkiyyət hüquqi ilə bağlı vətəndaşlara ciddi problem yaşadır.
Bütün bunlar azmış kimi, kantorun notariusu vəzifəsini icra edən Ruslan Səfərov hamıya deyir ki, Ədliyyə Nazirliyində adamım var, mənə kimsə bir söz deyə bilməz.
Görəsən, Ədliyyə Nazirliyində, yaxud Qeydiyyat və Notariat Baş İdarəsində Ruslan Səfərovun adamı kimdir ki, belə qanunsuzluqlara yol verir..?
Bütün bu yazdıqlarımız kiməsə subyektiv mövqe kimi gələ bilər.
Kimsə düşünə bilər ki, bəlkə ortada nəsə qərəz-filan var.
Amma müdirklər deyib ki, hər kəs öz dilinin altında gizlənib. Yəni danışmağa başlayan kimi, hər şey açılıb-tökülür.
Bəli, bizim yazdıqlarımıza şübhəniz varsa, Ruslan Səfərovun şikayətçi tərəflə 20 dəqiqə 43 saniyəlik telefon danışığına qulaq asın və nəticə çıxardın.
Vallah, bizi qınamayın, bu danışığa qulaq asanda bu adamın nəinki hüquq təhsili, hətta orta təhsili olmasına ciddi şübhələrimiz yarandı.
Kəlmə başı, “Qardaş, gəl sən allah bu məsələni yoluna qoyaq....sən mənim çörəyimə bais olmaq istəyirsən, məni işdən çıxartmaq istəyirsən həə...” deyən bu adam ən yaxşı halda toyda-zadda tamada ola bilər, nəinki hüquqşünas, nəinki notaruis...
Bəs görəsən, Ədliyyə Nazirliyi, yaxud Qeydiyyat və Notariat Baş İdarəsi bu adama notariat kantoru etibar edəndə nə düşünürdü..?
Təsəvvür edirsiniz, qanuni avtomobili dələduzluq yolu ilə satılan şəxs telefon söhbətində Ruslan Səfərovdan soruşur ki, sən idarəetmə üçün verilən etibarnamə ilə alqı-satqı üçün verilən etibarnamənin fərqini bilmirsən..?
Bu sual, özünü hüquqşünas hesab edən şəxs üçün söyüşdən min dəfə betərdir ee...
Ruslan Səfərov isə deyir ki, qardaş, işçimə etibar etmişəm dəə...
İndi təsəvvür edirsinizmi, sabah Ruslan Səfərov diri-canlı adama ölülük kağızı versə, ona bir söz deyən olmayacaq.
Notariat kantorlarla bağlı araşdırmalarımız davam edir.
Bizi izləyin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//