Öncə ondan başlayaq ki, hazırda dünyada dövlət idarəetməsində paralellikdən, yəni özünü təkrar edən qurumlardan qaçırlar. Niyə ?
Birincisi, ona görə ki, paralel qurumlar dövlət büdcəsindən əlavə milyonların xərclənməsinə səbəb olur. Yəni bir-birini təkrar edən qurumlar dövlət büdcəsinə əlavə yük olur.
İkincisi, yüz minlərlə vətəndaş bu paralel qurumların arasında qalır. Loru dildə desək, “Şap elə bilir şupdadır, şup elə bilir şapdadır”.
Bəli, vətəndaşlar bir-birinə bənzəyən qurumlar arasında günlərlə, bəzən aylarla vaxt itirməli olurlar.
Sözün qısası, paralel qurumların olmasının dövlət və cəmiyyət üçün heç bir faydası yoxdur, əksinə problem mənbəyidir.
Heç kimə sirr deyil ki, son 30 ildə Əli İnsanov kimi yaramazın və Oqtay Şirəliyev kimi yumşaq desək məsuliyyətsiz birisinin rəhbərlik etdiyi səhiyyəmiz bərbad durumdadır.
Təsəvvür edirsiniz, cənab Prezidentin birbaşa göstərişi ilə ölkə səhiyyəsinə külli miqdarda vəsait ayrılıb, müasir xəstəxanalar istifadəyə verilib, ən müasir tibbi avadanlıqlar alınıb, amma səhiyyədəki problemlər bitib tükənmək bilmir. Deməli, ortada ciddi səbəblər var. Və bu səbəblər aradan qaldırılmalıdır. Vəziyyətdən çıxış yolu kimi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ( TƏBİB ) yaradıldı, yeni bir İcbari Tibbi Sığorta Dövlət Agentliyi yaradıldı, indi də rayonlarda Tibb Mərkəzləri yaradılıb.
Axı, bir ölkədə nə qədər tibb üzrə dövlət qurumu olar.
Axı, yuxarıda qeyd etdik ki, bir-birini təkrar edən qurumlardan qaçmaq lazımdır.
Bir neçə gün öncə vətəndaşın şikayəti əsasında qeyd etmişdik ki, ömürlük əlil olan xəstə dövlətin ona verdiyi 1 qutu dərmanı ala bilmir. Niyə ?
Çünki xəstə dərman üçün Səhiyyə nazirliyinə müraciət edir, deyirlər bizlik deyil, TƏBİB-ə müraciət elə, xəstə binəva TƏBİB-ə üz tutur, deyirlər bizlik deyil, İcbari Tibbi Sığorta Dövlət Agentliyinə zəng elə... ora zəng edir, deyirlər rayondakı Tibbi Mərkəzə müraciət elə..
Bu sadəcə rüsvayçılıq və biabırçılıqdır. Həm də vətəndaşlara verilən işgəncədir. Həm də qurumlar arasında səlahiyyət davası gedir.
Bu problemləri aradan qaldırmaq üçün sadəcə 1 normal adam balası olan səhiyyə naziri tapmaq yetər. Nə TƏBİB-filan...sığorta-zad...
Bəli, indi də rayonlardakı tibb müəssisələrini birləşdirib Tibb Mərkəzləri yaradılıb.
Onlardan biri də Nizami rayonundakı Tibb Mərkəzidir. Mərkəzin direktoru Yarıyev Nurməmməd Yarməmməd oğludur.
Və onun tabeçiliyində 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 7 nömrəli Doğum Evi və “Azərsutikinti” Xəstəxanası var.
Adını da qoyublar ki, idarəetmənin mərkəzləşdirilməsi məqsədilə aparılan struktur dəyişikliyi-filan.
Görəsən, Nurməmməd doğum evinə necə nəzarət edəcək?
Axı, Yarıyev Nurməmməd neçə il Bakı Baş Səhiyyə İdarəsində (BBSİ) “revizor”- müfəttiş işləyib sonra hansısa əməlinə görə qovulub. Sonra isə 11 saylı Birləşmiş şəhər xəstəxanasının Baş həkimi olub. Bu adamdan şikayətlər bitib-tükınmək bilmir. İndi Nurməmməd 4 böyük xəstəxanaya necə nəzarət edəcək ?
Görəsən TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov bilmir ki, Nurməmməd Yarıyev kimisinə belə bir məsuliyyətli vəzifəni tapşırmaq olmaz ?
Ən maraqlısı odur ki, görəsən Vüqar Qurbanov özü məsuliyyətin nə olduğunu anlayırmı ?
Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in sədri Ramin Bayramlı öz vəzifəsi ilə vidalaşdı. Və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin sədri Zaur Əliyev həmin vəzifəni icra etməyi müvəqqəti olaraq Vüqar Qurbanova həvalə etdi. Yəni, müvəqqəti icra etməyə.
Görək bu adam kimdir ?
Vüqar Qurbanov hazırda da Tibbi Sığorta Dövlət Agentliyində Tibbi iddialar departamentinin rəhbəri vəzifəsini icra edir.
Axı, bir adam neçə vəzifəni apara bilər ?
Bu adam həm TƏBİB-in sədri vəzifəsini icra edir, həm də Dövlət Agentliyində Departament rəhbəridir.
Cənab Zaur Əliyev, bu necə olur ?
Ən biabırçı hal bilirsiniz nədir ?
Əlimizdə olan sənəd də sübut edir ki, TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanovun adından tabeliyində olan tibbi müəssisələrinə göndəriləın rəsmi məktubda qeyd olunur ki: “İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən”, “İdarə Heyətinin sədr əvəzi” və s kimi qeyd olunaraq göndərilən məktublar tərəfimizdən qəbul olunmayacaq.
Hə, buna nə deyirsiniz, cənablar ?
Belə bir absurd və məsuliyyətsiz müraciətə rast gəlmisinizmi ?
Təsəvvür edirsinizmi, Dövlət Agentliyinin direktoru bu adamı müvəqqəti, icra edən kimi təyin edib vəzəfəyə. Bu adam isə tələb edir ki, mənə SƏDR kimi müraciət edin, icraçı sözünü işlətməyin.
Görəsən Vüqar Qurbanov göndərdiyi məktubun məzmununu anlaya bilirmi ?
Əslində onu qınamalı da deyil. Bu adam 5 saylı xəstəxanada həkim-implantoloq işləyəndə 5 manata EEQE edirdin, indi sənin yaşın qədər təcrübəsi olan həkimləri məcbur edirsən ki, sənə sədr desinlər.
Ay Vüqar Qurbanov, axı sən ziyalı ailədə böyümüsən, rəhmətlik atan da, anan da gözəl müəllimdir. Bəs, sən niyə özündən hər mənada böyüklərə qarşı belə rəftar edirsən ?
Deyirsən ki, yaşı keçmiş tibb işçiləri vəzifəsindən azad olunmalıdır. Bilmirsən ki, həkimin və müəllimin yaşı artdıqca, daha mükəmməl təcrübəyə malik olur.
Məgər Nurməmməd kimilər, yaşlı nəsli əvəz edə bilər ?
Yaxud yaşı 70-i keçən Adil Allahverdiyevi o boyda V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna ( keçmiş Mikrobiologiya, Epidemiologiya ve Peşə Xəstəlikləri İnstitutu ) direktor təyin edəndə heç yaşını soruşan olmadı.
Həm də yaşın nə fərqi var, ay Vüqar Qurbanov ?
P.S Yazıda adları keçən bütün şəxslərin münasibətini dərc etməyə hazırıq. //gundelik-baku.com//