“Azəriqaz” İstehsalat Birliyi Azərbaycanda fəaliyyət göstərən “Pareks Lizinq and Faktoring” MMC-ni (Parex Leasing and Factoring) məhkəməyə verib.
“Azəriqaz” 1 saylı Bakı inzibatı-iqtisadi məhkəməsinə müraciət edərək istifadə olunmuş 1,45 milyon manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə tələb irəli sürülüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il martın 27-də verdiyi qərarla iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh “Pareks Lizinq and Faktorinq” MMC-nə qarşı “borcun ödənilməsi” tələbinə dair işin iddia icraatı qaydasında baxılması qərara alıb.
İstənilən halda hüquqların pozulmasına görə məhkəməyə müraciət etmək qurumun və ya vətəndaşın hüququdur. “Azəriqaz” da istifadə olunmuş 1,45 milyon manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun qaytarılmaması səbəbindən maliyyə qurumunu məhkəməyə verib. Düz edib. Bəs vətəndaşlar “Azəriqaz”ın keyfiyyətsiz və normal emal edilməmiş, xüsusi iyi olan qazına görə nə etsin? Hələ qış mövsümünün başlanmasıyla dəm qazından dünyasını dəyişənlərin sayının durmadan artmasına nə demək olar? Problemlərin həllinə məsul qurum belə ağır mənzərəyə göz yumur, baxmayaraq ki, məsələ, hətta parlamenetdə də səsləndirlib.
Dəfələrlə yazılıb, deyilsə də, yenə də nəticə yoxdur. Əgər müsbət nəticə olsaydı, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azəriqaz”ın fəaliyyətindən narazılıqları dilə gətirməzdi. Prezident bildirib ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır:
“Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır".
Maraqlıdır, əhali “Azəriqaz”ın yarıtmazlığını, qazın keyfiyyətinin aşağı olmasını, qurumun qeyri- şəffaflığını əsas gətirərək kütləvi şəkildə məhkəməyə müraciət edə bilərmi? Bununla daha keyfiyyətli xidmətə ümid etmək olarmı?
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Cümhuriyət” qəzetinə bildirib ki, əhalidə heç vaxt kütləvilik olmayacaq:
“Qaz işçiləri barədə mütəmadi məlumatlar veririk. İzah edirik ki, dəm qazından baş verən zəhərlənmələrdə başlıca amil qaza vurulan havanın çoxluğudur. Qaza hava çox vurulanda yanma yaxşı getmir nəticəsində zəhərlənmə baş verir. Qaz emalında “mavi yanacağ”ın düzgün emal edilməməsində də böyük problemlər var.
Əhalinin “Azəriqaz”ı məhkəməyə verməsi üçün əllərində olan müqavilə kifayətdir. Müqavilədə qeyd olunur ki, istehsalçı, yəni “Azəriqaz” istehlakçını yəni, abonenti 24 saat ərzində fasiləsiz, standartlara uyğun təbii qazla təmin etməyi üzərinə götürür. Əgər həmin abonentlər heç olmasa, 1 ay ərzində öz sayğacını nəzarətə götürüb öz funksiyalarını yerinə yetirib-yetirmədiklərin yoxlasa, elə bu, qurumu məhkəməyə verməyə kifayət edir. Sayğacın funksiyalarına nəzarət yanmanın düzgün olmayan hallarını üzə çıxarda bilir. 1 ildən çoxdur ki, avadanlıqlara nəzarət yoxdur, bilinmir ki, qaz sızma var, ya yox. Müxtəlif bəhanələrlə tez-tez əhalinin qazla təminatını saxlayırlar. Təminat başlayan kimi minimum 10-15 dəqiqə hava vururlar. Vurulan hava da sayğacın sürətlə fırlanmasına səbəb olur ki, bu da oğurluq adlanır. Yaxud da sayğacların plombları “Azərqaz” işçiləri tərəfindən qırılır. Yəni, əhalinin “Azəriqaz”ı məhkəməyə vermək üçün o qədər səbəbi var ki... Təkcə ötən il 50-dən çox abonent bu qurumu məhkəməyə verib və qalib olub”.
Hüquq müdafiəçisi hesab edir ki, əhalinin “Azəriqaz”ı məhkəməyə verməsindən daha çox, prezidentin verdiyi göstərişlər yerinə yetirilməlidir:
“Bütün addımlardan ən effektiv gediş bu olardı ki, əlaqədar strukturlar - Energetika Nazirliyi islahat apararaq “Azəriqaz”ı SOCAR-ın tərkibindən çıxarsın. Çünki SOCAR prezidentin sərəncamını yerinə yetirməyəcək. Eyni zamanda “Azəriqaz”da ciddi struktur islahatları aparıb “qohum şəbəkəsi” ləğv edilməlidir. Əhali “Azəriqaz”ı məhkəməyə verməyəcək. Bəhanələr çox olsa da, məhkəməyə ərizə yazmaq üçün vəkil lazımdır. Vəkillər Kollegiyası da gündə bir vəkilin fəaliyyətinə xitam verir, artıq vəkil də qalmayıb. Nümayəndəlik institutu da ləğv olunub. Əlac Prezident sərəncamının, göstərişinin yerinə yetirilməsinə qalıb. Bu, ən yaxşı məhkəmə qərarından da üstündür”.