Qarabağa dair real sülh danışıqlarının nə vaxt bərpa olunacağı hələ ki dəqiq bilinmir. Araya pandemiyanın düşməsi ATƏT-un Minsk Qrupu həmsədrlərinin bölgəyə turist səfərlərini də artıq gündəmdən çıxarıb. Hərçənd bu səfərlər nizamlama prosesinə onsuz da dinamika vermək gücündə deyildi. Ona görə ki, Dağlıq Qarabağ konfliktinin həllinə yanaşmada vasitəçilər illərdir “balanslı mövqe” nümayiş etdirirlər.
Yəni Minsk Qrupu həmsədrləri işğalçı ilə işğala məruz qalan tərəfə eyni gözlə baxır, daha dəqiqi, “ikili standart” yanaşması nümayiş etdirirlər. Halbuki BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağa dair qətnamələri, digər çoxsaylı mötəbər beynəlxalq qurumların qərar və qətnamələri Ermənistana məhz təcavüzkar kimi yanaşmağı tələb edir. ATƏT-in Minsk Qrupuna mandatı da məhz elə BMT Təhlükəsizlik Şurası verib. Həmin mandata əməl eləmək həmsədr dövlətlərin borcudur. Əfsuslar olsun ki, reallıqda biz başqa mənzərənin şahidiyik.
Məsələ də ondadır ki, işğalçı ölkəyə loyal münasibət onu ildən-ilə daha maksimalist və güzəştsiz mövqe tutmağa, özünü cəzasız hiss eləməyə ruhlandırıb. Nəticədə 27 ildir aparılan sülh danışıqları heç bir real səmərə verməyib. 1996-cı ildə “yük” harada idisə, oradaca qalır. Sülhün, atəşkəsin tək alternativi isə müharibədir, hərbi toqquşmadır. Aydındır ki, danışıqların imitasiyası sonsuzadək sürə bilməz. Koronaviris pandemiyası müharibə ehtimalını yalnızca müvəqqəti azalda bilər, gündəmdən isə çıxara bilməz.
*****
“Hazırda hərbi əməliyyatların bərpası ehtimalı çox yüksəkdir”.
Bunu Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Onun sözlərinə görə, səbəblər çoxdur. “Ermənilər Azərbaycana qarşı təxribatlarına davam edir. Əslində bu təxribatlar Azərbaycanın ictimai rəyinə yönəlib. Şuşadakı şou və s. kimi addımlar bu qəbildən olan təxribatlardır. Hesab edirəm ki, indiki situasiyada hərbi əməliyyatların bərpası çox real görünür”, - deyə eks-diplomat qeyd edib.
Təbii ki, sülh danışıqlarının nəticə verməməsinin ən çox rəsmi Bakı fərqindədir. Çünki torpaqları illərdir işğal altında olan tərəf Azərbaycandır. Bu xüsusda ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan istənilən an, qısa zamanda öz ərazi bütövlüyünü təmin eləmək üçün son varianta - hərbi güc yoluna əl ata bilər. Bundan ötrü silahlı qüvvələrimizin hərbi və döyüş potensialı yetərlidir. Yeni müasir hərbi sistemlərin sınağı da daxilı, ötən ay keçirilən genişmiqyaslı hərbi təlimlər bunu bir daha həm təcavüzkara, həm də onun himayədarlarına nümayiş etdirdi. Yeni silahların arasında təbii ki, İsrail istehsallı sistemlər də var.
“Azərbaycan raketləri İrəvanı darmadağın etmək gücünə malikdir”.
Bu barədə politoloq Zaur Məmmədov İsrailin yeganə dövlət olaraq bizə satdığı “LORA” raketlərinin İsrail ordusu tərəfindən dənizdə sınağı baş tutması barədə danışarkən deyib.
“Yerusəlim Post” qəzeti yazır kı, İsrail ordusu “LORA” ballistik raketini dənizdə sınaqdan keçirib. “LORA” maksimim 300-400 kilometr (döyüş başlığından asılı olaraq dəyişə bilir), minimum 30 kilometr mənzilə sahibdir. Atışdan hədəfə dəyənə qədərki uçuş vaxtının 10 dəqiqədən daha az olduğu bildirilir. Öz göstəricilərinə görə “LORA” ABŞ-ın “ATACMS” operativ-taktiki raketlərinə və Rusiyanın “İsgəndər-E” operativ-taktiki raketlərinə yaxındır, yaxud onlarla eyni sinif raketlər hesab edilir", - deyə o qeyd edib.
Raketin işlənib hazırlanmasının böyük məxfilik şəraitində həyata keçirildiyini deyən ekspert daha sonra bildirib: “Yalnız 2003-cü ildə İsrailin peyk telekanallarından biri təsadüfən raketin sınaqlarından görüntüləri sızdırıb. Bundan sonra ”LORA" raket kompleksləri üzərindən məxfilik pərdəsi qaldırılıb, 2004-cü ildə raketlər İsrail ordusunun quru qoşunlarının, daha sonra hərbi dəniz qüvvələrinin silahlanmasına daxil edilib. Türkiyə və Hindistanın İsraildən bu raketləri almağa maraq göstərdiyi haqda məlumatlar var, lakin bu sövdələşmələr baş tutmayıb. Ona görə də Azərbaycan İsraildən “LORA” raketlərini alan ilk ölkə hesab edilə bilər".
“LORA” raketləri uçuş trayektoriyasına görə ballistikdir, ancaq raketdən müdafiə sistemlərindən yayınmaq üçün proqramlaşdırılmış və ya ixtiyari manevrlər edə bilir: “Bu səbəbdən onu kvaziballistik raket də adlandırırlar. Raket həm GPS sistemi, həm operator tərəfindən idarə edilə bilər. Dörd konteynerdən ibarət buraxılış qurğusu adi yük maşınının və ya treylerin şassisində yerləşdirilir. İsrail ordusu ”LORA" raketlərini Suriyada İran hərbi bazalarını vurmaq üçün dəfələrlə istifadə edib. 2017-ci ilin sonlarında bu raketlərdən birinin Rusiyanın “Pantsir-S” artilleriya-raket kompleksi tərəfindən vurulduğu haqda məlumatlar yayılsa da İsrail tərəfi bu məlumatı şərh etməyib. Habelə, Belarusdan aldığımız “Polonez”ləri də unutmamalıyıq. “Polonez” raket kompleksi Moskvanın Minskə “İsgəndər” raketləri satmaqdan imtina etməsindən sonra yerli müdafiə sənayesinin ekspertləri tərəfindən yaradılmışdı".
Ekspert bundan əvvəl ordumuzun silahlanmasında İsrail istehsalı olan “Lynx” çoxfunksiyalı raket atəş sisteminin - Naxçıvandan İrəvanı vurmağa qadir olan silahların mövcudluğuna da diqqət çəkib: “Müxtəlif kalibrli ”YARS" raketləri ilə silahlanmış bu sistem üçün müasir ballistik “LORA” raketləri alınıb. Onun taktiki imkanlarının artırılması, Azərbaycanın raket-artilleriya qoşunlarının imkanlarını dəfələrlə artıraraq, dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatdırdı. Artıq ölkəmizi “İsgəndər” raketləri ilə hədələmək mümkün deyil. Bu hədələri edənlər və onlardan qorxanlar onsuz da hərbi işdən xəbərsiz adamlar idi. Bu tipli silahların effektiv tətbiqi yüksək keyfiyyətli texniki kəşfiyyat tələb edir ki, Ermənistan ordusunda heç buna oxşar bir şey də yoxdur".
*****
“Azərbaycan Ordusu işğal olunmuş ərazilərini ən qısa müddətdə azad etməyə qadirdir”. Bunu isə rusiyalı politoloq Aleksandr Perenciyev deyib.
Ermənistanda və işğal altındakı Dağlıq Qarabağda ictimai həyatın bütün sferalarında böhranlı durumun artmaqda olduğunu qeyd edən politoloq hesab edir ki, hazırda Azərbaycan ictimai şüurunda əraziləri hərbi güc tətbiqi yolundan başqa hər hansı yolla qaytarmaq mümkün olmadığı barədə dəqiq fikir formalaşıb.
“Buna görə də cəmiyyətdə, xüsusən də Azərbaycan Respublikası Silahlı Qüvvələrində əhval-ruhiyyə çox qətiyyətlidir. Eyni zamanda İrəvan ”Madrid prinsipləri" çərçivəsində mövcud anlaşmaların icrasına dərhal davam edərsə, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə də hazırdır. Söhbət işğal altındakı 7 rayondan qoşunlarını dərhal çıxarmağa və rəsmi Bakı üçün məqbul sayılacaq bir şəkildə Azərbaycan SSR-in tərkibində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin gələcək statusunu müzakirə etməyə başlamaqdan gedir" - deyə analitik əlavə edib.
Zatən, Azərbaycan dövlətinin Qarabağ məsələsində gedə biləcəyi ən böyük güzəştin sərhədi çoxdan bəlli: problemin mərhələli həlli və regiona azərbaycanlı və erməni əhali ilə birgə Azərbaycan Respublikası daxilində özünüidarə statusu vermək. Yəni “sülh, tərəqqi əvəzinə torpaq”. Ölkəmizin ərazi bütövlüyünün müzakirə predmeti olacaq hər hansı başqa variant, o cümlədən erməni tərəfinin israr elədiyi “torpaq əvəzinə torpaq” formulu (ərazimizi ərazimizə dəyişmək) heç vaxt qəbul edilməyib, edilməyəcək.
Odur ki, işğalçı tərəf də, Bakıdan hansısa mümkünsüz güzəşti gözləyən və tərəflərə eyni gözlə baxan həmsədrlər də boşuna gözləməsinlər və nə qədər gec deyil, BMT TŞ-nin Minsk Qrupuna verdiyi mandat çərçivəsində vasitəçiliyə başlasınlar. Təcavüzkar tərəfə, nəhayət ki, təcavüzkar kimi baxsınlar. Əks halda, hamı müharibəni gözləsin...