Axtarış...

İrəvanın fiaskosu, Bakının Qarabağ gözləntisi - Putin Paşinyanın “qələmi”ni qırıb

İrəvanın fiaskosu, Bakının Qarabağ gözləntisi - Putin Paşinyanın “qələmi”ni qırıb

Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da ATƏT-in Minsk Qrupunun Fransadan, Rusiyadan və ABŞ-dan olan həmsədrlərini qəbul edib. Bundan qabaq vasitəçilər İrəvan və Xankəndində olmuşdular. Həmsədrlər yəqin ki, az sonra regiona səfərin yekunu ilə bağlı növbətçi bəyanatla çıxış edəcək, orada konfliktin sülh yolu ilə həllinin vacibliyini xüsusi qeyd edəcəklər.

Ancaq bəyanatsız da aydındır ki, vasitəçilərin daha bir səfəri çətin ki, Qarabağ danışıqlarına canlanma gətirsin. Sadə səbəbə: həmsədrlər hələ də işğala məruz qalan tərəflə - Azərbaycanla işğalçı Ermənistana eyni gözlə baxırlar. Konfliktin həllində əsas kimi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsini deyil, “qarşılıqlı güzəştlər” yolunu məqbul sayırlar.

Belədə sual ortaya çıxır: işğala məruz qalan tərəf işğalçıya hansı güzəşti edə bilər və ya etməlidir? Bu, işğalçıya “sığal çəkmək” və onu şirnikləndirmək demək deyilmi?

Şübhəsiz, elədir. Məhz “sığal”a arxayın olan Ermənistanın müdafiə naziri David Tonoyan az öncə Azərbaycanı yeni ərazi işğalı ilə hədələmişdi. Baş nazir Nikol Paşinyan isə onu dəstəkləyərək bəyan etmişdi ki, “Tonoyan mənim sözümü deyir”. Belə olan surətdə Azərbaycana yeganə yol kimi öz torpaqlarını güc yolu ilə işğalçı qüvvələrdən azad eləmək qalır. Görünür, proseslər buna doğru da gedir.

*****

“ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin sülh yolu ilə həlli vacibliyini dəfələrlə bəyan ediblər. Lakin bu bəyanatlar dekorativ sözlərdən başqa bir şey deyil. Çünki Ermənistan özünü qeyri-konstruktiv aparır. İstənilən danışıqlardan qabaq onlar müəyyən təxribatlara əl atırlar. Buna görə də münaqişənin həll yollarından biri kimi hərbi variant gündəmdədir”. Bunu politoloq Arzu Nağıyev Qarabağ problemi ətrafında son durumu şərh edərkən deyib.

Politoloq haqlı olaraq vurğulayıb ki, Azərbaycan öz ərazilərini işğaldan azad eləməklə heç kimə müharibə elan etmir: “Biz, sadəcə, öz ərazilərimizdə antiterror əməliyyatları keçiririk. Bunun da qarşısını heç bir xarici qüvvə ala bilməz. Ona görə ki, BMT TŞ-nin qəbul etdiyi qətnamələrdə bu ərazilər Azərbaycan torpaqları olaraq təsdiq edilib və biz torpaqlarımızı işğaldan azad etmək üçün istənilən hərbi əməliyyat keçirə bilərik”, - deyə o əlavə edib.

Vəziyyətin müharibə həddinə çatıb-çatmayacağı isə müstəsna olaraq Ermənistanın hazırkı rəhbərliyindən, konkret olaraq Nikol Paşinyandan, bir də Rusiyanın məsələdə mövqeyindən asılıdır. O Paşinyan ki, Moskva ilə, prezident Vladimir Putinlə münasibətlərini nizama sala bilməyib. Kreml hələ də ona şübhəli nəzərlə baxmaqda davam edir. Hətta Pitinin yaxın dostu, eks-prezident Robert Köçəryanın həbsdən çıxması da, deyəsən, Putinin ürəyini “soyutmayıb”.

Bu da növbəti isti fakt. Qazaxıstanın paytaxtı Nur-Sultanda (keçmiş Astana) Avrasiya İqtisadi Birliyi Ali Şurasının sammiti çərçivəsində əvvəlcədən, mayın 29-na planlaşdırılan Paşinyan-Putin görüşü baş tutmayıb. Erməni KİV-i yazıb ki, Paşinyan bununla bağlı öz səfərini yarımçıq qoyub və Ermənistana qayıdıb. Hərçənd baş nazirin mətbuat katibi Vladimir Karapetyan bunu əlüstü təkzib etməyə çalışıb.

“Nur-Sultanda Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında görüşün baş tutmamasında məqsədli heç bir şey yoxdur”. Bunu Rusarminfo saytına açıqlamasında Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş Komitəsinin sədri Leonid Kalaşnikov deyib (Axar.az). O, görüşün baş tutmasının “təsadüfi ola biləcəyini” bildirib.

Deputat məsələnin Ermənistan-Rusiya münasibətlərinə təsir etməyəcəyini də iddia edib. Onun fikrincə, bu, mövcud vəziyyətlə bağlı ola bilər. “Burada hər şey ola bilər, amma ehtimal ki, hansısa əsaslı səbəb olub. Çünki Rusiya prezidenti adətən nəyisə nəzərdə tutursa, o, bunu mütləq edir. Deməli, görüşün gerçəkləşməsinə həqiqətən imkan verməyən bəzi hallar olub. Bunda hansısa məkrli motivlər axtarmağa ehtiyac yoxdur. Ehtimal ki, sadəcə, belə alınıb, həm də ki, oktyabrda Vladimir Putinin Ermənistana rəsmi səfəri gözlənilir. Düşünmürəm ki, bunda qərəzlilik var”, - deyə deputat bildirib və əlavə edib ki, buna “düşmənçilik aktı” kimi baxmağa gərək yoxdur.

*****

Ancaq Kalaşnikovun nə söyləməsindən asılı olmayaraq, gerçək dəyişməz qalır. Məsələ ondadır ki, Rusiya lideri içdiyi çoxsaylı sədaqət andlarına rəğmən, həqiqətən Paşinyandan xoşlanmır. Hətta obrazlı desək, Putin onun “qələmini” artıq qırıb. Yoxsa Rusiya prezidenti Nur-Sultanda Paşinyanla 3-4 dəqiqəlik də olsa görüşüb şəkil çəkdirərdi.

“Paşinyanın Putinlə münasibətlərdə hər şeyin qaydasında olması barədə aydın diplomatik bəyanatlarına rəğmən, Rusiya-Ermənistan əlaqələrinin təzədən qurulmasına ehtiyac var. Nədən ki aydındır ki, erməni inqilabına Rusiyada təhdid kimi baxılır. Avrasiya Birliyi və Rusiya da erməni inqilabı üçün təhdidi qismindədir”. Bu fikir 1in.am saytındakı məqalədəndir.

İnamısızlığın kökü də əslində buradadır. Yəni istənilən halda Putin heç vaxt Paşinyana ürək qızdırmayacaq. Sonuncunun Qazaxıstanda pərt edilməsinin nədəni ən əvvəl burada axtarıla bilər. Bu da o anlama gəlir ki, Kremlin satellit Ermənistana əsas sürprizi hələ qabaqdadır. Odur ki, Bakı da gözdə-qulaqda olmalıdır. Hər şeydən öncə Qarabağ məsələsini deyirik...
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz