Axtarış...

Qarabağ probleminin həllinə vasitəçi - əngəllər - GƏLİŞMƏ

Qarabağ probleminin həllinə vasitəçi - əngəllər - GƏLİŞMƏ

Bir neçə gün öncə işğal altında olan və etnik təmizlənmə aparılan Dağlıq Qarabağda daha bir seçki tamaşası keçirildi. Bu dəfə “yerli seçkilər” adı altında. Əsas hədəf şübhə yox ki, “DQR” adda ikinci qondarma erməni dövlətinin varlığını dünyaya nümayiş etdirmək idi. Təbii ki, bu seçkilərin “legitimliyini” separatçılardan və işğalçı Ermənistandan başqa heç kim, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrləri və qonşu ölkələr, Türkiyə, Gürcüstan və İran tanımadı.

“Gürcüstan da bu məsələdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə elədi”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri tanınmış gürcü politoloq, Tiflisdəki “Black Sea” İnformasiya Agentliyinin redaktoru Qela Vasadze Axar.az-ın rus versiyasına müsahibəsində bildirib.

“İrəvan sübut eləməyə çalışır ki, Dağlıq Qarabağ dövlət orqanları olan müstəqil dövlətdir. Əks halda, seçki keçirməzdilər”, - deyə o qeyd edib. Onun sözlərinə görə, Ermənistanda Gürcüstanın bu məsələdə başqa cür hərəkət etməsinə ümid bəsləyə bilməzdilər: “İrəvanda hamı əla başa düşür ki, Gürcüstan birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu məsələdə başqa variantlar ola bilməz”.

Bu üzücü münaqişənin həlli imkanlarına gəlincə, gürcü ekspert hesab edir ki, Qarabağ ixtilafı ətrafında hazırkı vəziyyət Rusiya Güney Qafqaz siyasətində ciddi faktor qismində mövcud oluncaya qədər davam edəcək. “Hələlik bu münaqişəni həll eləmək mümkün deyil. Hansısa aralıq, lokal qələbələr qazanmaq və ya hansısa məğlubiyyətlərə məruz qalmaq olar, ancaq istənilən vasitə ilə problemin qəti şəkildə çözümündən danışmağa dəyməz. Çünki bu, Kremlin maraqlarına daxil deyil”, - deyə o əlavə edib.

*****

Rusiya isə tərs kimi, ATƏT-in Minsk Qrupunun iki əsas həmsədrindən biri olaraq qalır. Daha dəqiqi, o, münaqişənin dinc həllinə ən güclü təsir imkanı olan dövlətdir. Çünki işğalçı Ermənistan üzərində ciddi və həlledici söz sahibidir. Təəssüf ki, rəsmi Moskva bu imkandan istifadə eləməyə tələsmir, ona görə ki, gürcü ekspertin də vurğuladığı kimi, bu, onun maraqlarına daxil deyil. Üstəlik, Rusiya münaqişədə, faktiki, tərəfdir. Hərçənd Rusiya rəsmiləri daima Dağlıq Qarabağ konfliktinin həllinin tərəfdarı olduqlarını bəyan edirlər.

Yaranmış vəziyyətdə beynəlxalq təşkilatların diplomatik təşəbbüs imkanları xeyli məhdud görünür. Həm də o səbəbə ki, Rusiya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir və istər Qarabağa dair BMT-nin 4 məlum qətnaməsinin icraya yönəldilməsi, istərsə də təcavüzkar Ermənistana sanksiyalar tətbiq olunması məsələsində Moskvanın iradəsi həlledicidir. Nədən ki, Rusiyanın qərarlara veto qoymaq hüququ var.

Söz yox ki, Ermənistan rəhbərliyi özündə iradə tapıb öz xalqını sülhə hazırlaya bilsə, yəni Azərbaycanla sülh anlaşması olmadan ölkənin inkişaf perspektivinin olmadığına erməni cəmiyyətini inandırsa, qısası, işğalçı tərəf “daşı ətəyindən töksə”, konfliktin dinc həlli Rusiyanın və ya başqa vasitəçilərin təşəbbüsü olmadan da yaxınlaşa bilər. Hər necə olmasa, bu iki qonşu xalq gec-tez dinc-yanaşı yaşamaq zorundadır. Bu da ilk növbədə Ermənistanın davranışından və apardığı siyasətdən asılı olacaq. Yerdə qalanlar, o sırada beynəlxalq təşəbbüslər ikinci plandadır. Yaxud İrəvan güc yolu ilə sülhə vadar edilməlidir. Bunu da ya Azərbaycan edəcək, ya da beynəlxalq güclər...

*****

“ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzərində çalışır və biz də bu prosesdə vasitəçilik edirik. Lakin təbii ki, istənilən münaqişənin həlli tərəflərdən asılıdır”. Bunu dünən ATƏT Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, münaqişənin həlli üçün siyasi iradə tələb olunur. “İstər Rusiya-Gürcüstan, istərsə də Dağlıq Qarabağ münaqişəsi regionun ümumi inkişafına mane olur. Buna görə də əsas vəzifə bu münaqişələrin həlli üçün mümkün olan hər şeyi etməkdir. Bu istiqamətdə dəstək tələb olunur və ATƏT bu prosesdə fəal iştirak edir”, - deyə o qeyd edib.

Məsələ də ondadır ki, ATƏT-in Dağlıq Qarabağ ixtilafının həlli üçün yaratdığı Minsk Qrupu mövcud olduğu 25 ildə problemin dinc nizamlanması yönündə heç bir ciddi irəliləyişə nail ola bilməyib. Reallıq belədir ki, konfliktin nizamlanması üzrə köhnə format daha işləmir. Bunun bir səbəbi Rusiyanın yaratdığı əngəldirsə, digər səbəbi cəzasızlığa arxayın olan Ermənistanın konstruktiv danışıqlardan yayınmasıdır. Demək, qalır radikal yol - müharibə variantı.

2016-cı ildəki 4 günlük aprel savaşı bu mənada düşmənə ciddi nəticə çıxarmaq üçün son dərs olmalıdır - hansı ki, işğalçı ordu haqda “məğlubedilməzlik” mifini darmadağın edib, “qəti qələbə” eyforiyası ilə yaşayan erməni toplumunu dərin məyusluğa soxub. Bunun nəticəsi idi ki, az öncə baş nazir Nikol Paşinyan ilk erməni lideri kimi etiraf elədi ki, müharibə hələ bitməyib. Düşmən ölkədə 500-dən çox erməni hərbçisinin məhvinə səbəb olan aprel hərbi uğursuzluğu ilə bağlı parlamentin xüsusi komissiyasının yaradılması da az şey demir.

Yeri gəlmişkən, komissiya həmin döyüşlərdə iştirak etmiş əsgər və zabitləri dindirməyə hazırlaşır. Bu haqda Ermənistanda nəşr olunan “Qraparak” (“Meydan”) qəzeti yazıb (Virtualaz.org). Bildirilir ki, ilk növbədə dindirməyə aprelin 2-də, yəni hərbi əməliyyatlar başlayan gün döyüş mövqelərində olan hərbçilər cəlb ediləcək. Məlumata görə, artıq Müdafiə Nazirliyinin əməliyyat idarəsinin keçmiş rəis müavinləri dindirməyə çağırılıb.

Xatırladaq ki, aprel döyüşləri zamanı Azərbaycan ordusunun əks-həmlə edən bölmələri düşmənin uzun illərdir möhkəmləndirilmiş müdafiə xəttini iki istiqamətdə - cənub-şərq və şimal istiqamətlərində yarıb. Ordumuza düşmənin müdafiə xəttini darmadağın etməyə cəmi 40 dəqiqə vaxt lazım olub. Hücuma keçən bölmələr cənub istiqamətində Lələtəpə yüksəkliyini, şimal istiqamətində isə Talış yüksəkliklərini azad edib. Nəticədə minlərlə hektar ərazi düşmən işğalından azad edilib. Döyüşlərin sonrakı günlərində düşmənin əks-hücum cəhdləri boşa çıxıb, aprelin 5-də tərəflər Rusiya rəhbərliyinin israrları nəticəsində atəşkəsi bərpa etməyə razı olublar. Lakin aprel döyüşlərində düşmənin aldığı zərbə İrəvanda siyasi böhran yaradıb və bu böhran sonradan hakimiyyət dəyişikliyinə aparan səbəblərdən birinə çevrilib... //musavat.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz