Keçən həftə Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistanda səfərdə oldu. Ondan təxminən 10 gün öncə isə o, Bakıda idi və səfər zamanı iki ölkənin strateji tərəfdaşlıq əlaqələrinin ruhuna uyğun mövqe bildirmişdi. Zurabişvilinin xüsusən də “Azərbaycan və Gürcüstan eyni dərəcədə işğaldan əziyyət çəkir” bəyanatı diqqət çəkmiş, təqdir olunmuşdu.
Təəssüf ki, Gürcüstanın dövlət başçısının Bakıda nümayiş etdirdiyi prinsipiallığı İrəvanda görmədik. “Regional münaqişələrin hamısı ölkələrin ərazi bütövlüyü əsasında həllini tapmalıdır” bəyanatını onun dilindən eşitmədik. Zurabişvili yalnız Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin Abxaziya və Cənubi Osetiya separatçıları ilə dostluğundan dolayı Ermənistan rəhbərliyinə etirazını bildirdi. Yəni sırf öz ölkəsinin ərazi bütövlüyündən yana narazılıq ifadə elədi. Bundan əlavə, İrəvanda o, Azərbaycanı və Türkiyəni incidəcək daha bir addım atdı: saxta soyqırım abidəsini ziyarət edib, ora əklil qoydu. Halbuki, buna o, məcbur deyildi...
*****
Bu da indi Azərbaycan və Türkiyənin hesabına ayaqda qalan Gürcüstanın ikiüzlü mövqeyi. Zurabişvilinin səfəri bir daha göstərdi ki, Azərbaycan və Türkiyə dost-müttəfiq seçimində olduqca diqqətli olmalıdır. Ancaq o da var ki, azərbaycanlılara qarşı vuruşmuş erməni hərbi canisinə Axalkalikidə büst qoyulmasına hələ də seyrçi qalan qonşu və yaxın Gürcüstanla müqayisədə uzaq ABŞ-ın Qarabağla bağlı mövqeyi bizdən ötrü qat-qat böyük önəmdədir.
Təqdirəedicidir ki, ABŞ-ın xarici siyasət idarəsi sayılan Dövlət Departamentinin dünyada insan haqlarının 2018-ci ildəki vəziyyətinə dair yaydığı hesabatında Ermənistanı işğalçı adlandıran bənd yer alıb. Həmin bənddə deyilir: “Separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əksər hissəsini və ona bitişik 7 rayonu nəzarətdə saxlamaqda davam edirlər”.
Bu, diplomatik dildən tərcümədə sülh danışıqları səmərə verməzsə, Bakıya ABŞ-ın “vur!” iznidir. Hər halda, ABŞ-ın da qəbul elədiyi BMT Nizamnaməsinə görə, ərazisi işğala məruz qalan ölkə istənilən üsulla öz ərazi bütövlüyünü bərpa eləmək haqqına sahibdir. Üstəgəl, BMT Təhlükəsizlik Şurasının 1992-93-cü illərdə Dağlıq Qarabağa dair qəbul elədiyi və Ermənistanı işğalçı kimi tanıyan 4 qətnamə (822, 853, 874 və 884) var və heç kim onları ləğv eləməyib. Avropa Parlamentinin (Avropa Birliyinin əsas qurumu), Avropa Şurasının (AŞ PA), NATO Parlament Assambleyasının, habelə İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmamaq Hərəkatının Bakıya “vur!” rüsxəti verən analoji sənəd-qətnamələri də öz yerində.
Doğrudur, Dağlıq Qarabağdakı kriminal rejimin başçısı Bako Saakyan vaxtaşırı ABŞ-a da səfərlər edir, Konqresdə sülənir. Habelə, bəzi ermənipərəst konqresmenlər işğal altındakı Qarabağa zaman-zaman qanunsuz səfərlər ediblər. Lakin bizim üçün ən vacibi ABŞ-ın rəsmi dövlət mövqeyidir. Rəsmi Vaşinqton isə Azərbaycanlın ərazi bütövlüyünə hörmətini mütəmadi şəkildə bəyan edib, bunu sənədlərdə əks etdirib, separatçı bölgədə indiyədək keçirilən heç bir “seçki”nin, “referendum”un legitimliyini tanımayıb. Dövlət Departamenti isə bu il də öz sənədində Dağlıq Qarabağ və ətraf 7 rayonun erməni işğalı altında olduğunu təsbit edib.
Bundan əlavə, ötən ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda olarkən açıq mətnlə bildirdi ki, əgər baş nazir Nikol Paşinyan ölkəsinin rifahını, Rusiya asılılığından və blokadadan qurtulmasını istəyirsə, o zaman öncəliklə Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmalı, Qarabağ məsələsində dönüşə nail olmalıdır. Analoji tələb bu ilin yanvarında prezident Donald Trampın Paşinyana göndərdiyi təbrik məktubunda yer almışdı...
*****
Söz yox ki, Azərbaycan sonsuzadək Ermənistanın ərazilərimizdən çıxmasını gözləməyəcək. Bakı milyardlar xərcləyib aldığı müasir silahları, döyüş sistemlərini yalnız vitrinə qoyub paslatmaq və ya yalnız hərbi təlimlərdə və hərbi paradlarda nümayiş etdirmək niyyətində deyil. Bu silahlar ərazi bütövlüyümüzü bərpa eləmək üçün alınıb. Ermənistan tezliklə sülhə gəlməzsə, Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü təmin eləməyə tam hazırdır. Silahlı Qüvvələrimizin keçən həftə başa çatan, sırf hücum taktikasının cilalanmasına hesablanmış növbəti 5 günlük möhtəşəm təlimi düşmənə bu xüsusda daha bir sanballı ismarışdır.
Azərbaycan Ordusunun üstün gücü əcnəbi hərbi və siyasi analitiklər tərəfindən də etiraf olunur. Məsələn, hərbi təlimlərin davam etdiyi günlərdə (11-15 mart) ölkəmizdə olmuş rusiyalı tanınmış tarixçi-analitik Oleq Kuznetsov ordumuzun bütün gücünə şahid olduğunu söyləyib (axar.az). Onun sözlərinə görə, işğalçı Ermənistan Müdafiə Nazirliyinin Azərbaycandakı təlimlərə kəskin reaksiya verməsinin səbəbini yalnız bir sözlə şərh etmək olar “Qorxu!”
“Bu təlimlər birmənalı şəkildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu üzərində böyük hərbi-texniki üstünlüyə malik olduğunu göstərdi. Hazırda Azərbaycan Silahlı Qüvvələri yüksək texnologiyalı silahlara sahibdir. Ən əsası, Bakının bu cür müasir silah növlərinə sahib olmaqla yanaşı, bu texnikadan dəqiq şəkildə istifadə etmək qabiliyyətinə sahib olmasıdır. Manevrlərin miqyası göstərir ki, Azərbaycan Ordusu Ermənistanın sülhə və ya işğal olunmuş ərazilərin geri qaytarılması üçün danışıqlar prosesinə məcbur edilməsinin son elementlərini işləyib hazırlayır” - ekspert vurğulayıb.
Tarixçi-analitikin qənaətincə, son təlimlərin ideyası Dağlıq Qarabağın azad edilməsi uğrunda müharibə ssenarisinin işlənib hazırlanması olub. “İrəvanda bunu hərbi təhdid kimi qəbul edirlər. Ancaq rus ekspert kimi mənim fikrimcə, bu, Azərbaycan tərəfinin Ermənistana sonuncu sülhməramlı jesti, danışıqlar masasına əyləşmək üçün ucadan çağırışıdır. Bu gün üçün danışıqların gündəmində sadəcə, bir şey dayanır: Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağda yaşayacaq erməni əhalinin siyasi azadlıqlarının təmin edilməsi”.
Bu xüsusda 2019 doğrudan da Qarabağ məsələsi üçün “qırılma ili” ola bilər. Bunun böyük sülhün xeyrinə olacağı, yoxsa böyük müharibəni labüd edəcəyi isə Ermənistan iqtidarının seçimindən asılı olacaq. İstənilən halda, düşməni sülhə məcburetmənin hər iki ssenarisi artıq masa üzərindədir. Bakının masası üzərində...
“Yeni Müsavat”