Ermənistanın iki əsas qonşu dövlətə - Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddialarının kökündəb heç şübhəsiz, ilk növbədə türklərə qarşı uydurduqları saxta tarix, “Böyük Ermənistan” xülyası dayanır. Üstəgəl, guya soyqırıma məruz qaldıqlarını iddia eləməklə ermənilər özləri barədə dünyada “əzabkeş xalq” obrazı yaratmaq, beynəlxalq ictimaiyyəti bu yolla çaşdırmaq, beləliklə, həm də Dağlıq Qarabağın, Azərbaycanın digər ərazilərinin işğalına haqq qazandırmağa çalışırlar.
Bugünlərdə isə Ermənistan XİN Azərbaycana qarşı növbəti həyasız bəyanatla çıxış edib. Guya 100 il öncə Naxçıvanda ermənilərə qarşı qırğın törədilib. Buradaca yada salaq ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında Naxçıvan məxsusi yer tutur. Hətta xeyli müddətdir düşmən ölkədə 1921-ci ildə Türkiyə və Rusiya arasında bağlanmış və Naxçıvanın hüquqi mənsubluğu məsələsinə nöqtə qoymuş Qars müqaviləsinin ləğvi vacibliyindən dəm vururlar.
*****
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva rəsmi İrəvanın son uydurmasına KİV vasitəsilə belə münasibət bildirib: “Təəssüf ki, Ermənistanın hazırkı rəhbərliyi öz sələflərinin təcrübəsini davam etdirərək uydurma və heç də inandırıcı olmayan açıqlamaların verilməsi ilə məşğuldur. Həqiqət də, tarixi faktlar onu göstərir ki, məhz erməni silahlı dəstələri hələ 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Qarabağda, həmin ilin iyun-oktyabr aylarında isə Zəngəzur və Naxçıvan qəzalarında dinc əhalinin kütləvi qırğınlarını həyata keçirməyə başlayıb. Rəsmi İrəvan bunu çox yaxşı bilir. Hətta Ermənistan tərəfi on minlərlə dinc azərbaycanlı sakinin məhz etnik və dini mənsubiyyətinə görə ermənilər tərəfindən qətlə yetirildiyini unutmaq istəsə belə, buna nə tarix, nə də arxivlərdə saxlanılmış sənədlər imkan verməyəcək.
Ermənilərin 1918-ci illərdə azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın və soyqırımı siyasəti ilə tanış olmaq üçün Stepan Şaumiyanın memuarları və 1926-cı ildə dərc edilmiş Böyük Sovet Ensiklopediyası ilə tanış olmaq kifayətdir. Bundan əlavə, əgər Ermənistan XİN öz bəyanatlarında ardıcıl olmaq istəyirsə, o zaman Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı böyük qəddarlıqla törədilmiş kütləvi qırğın barədə susmamalıdır. 613 mülki şəxsin, o cümlədən 63 uşaq və 106 qadının qətlə yetirildiyi bu insanlıq əleyhinə cinayət bir əsr deyil, cəmi 27 il bundan öncə törədilib. Ermənistanın keçmiş prezidenti xarici jurnalistlər qarşısında bu cinayətlə bağlı etirafla çıxış etməyə belə çəkinməmişdir: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq. Bax bu baş verdi”. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin əhalini sülhə hazırlamaq çağırışı fövqündə Ermənistan XİN-in bu ritorikası qəribə səsləndiyi qədər zərərlidir. Münaqişənin həlli nöqteyi-nəzərindən emosional fonu gərginləşdirən bu kimi bəyanatlar vermək əvəzinə, Ermənistan XİN “yazıq erməni” obrazını bir kənara qoyub, Azərbaycanın ərazilərinə qarşı əsassız iddialardan əl çəkməli, Azərbaycan ərazilərinin işğalına son qoymalı, münaqişənin həll olunması və iki xalqın sülh, sabitlik, təhlükəsizlik və tərəqqi şəraitində yaşaması üçün konkret addımlar atmaq barədə düşünməlidir".
*****
Əfsus ki, Ermənistan rəhbərliyi sülh çağırışlarını illərdir qulaqardı edir, işğal rejimini uzatmağa çalışır, ədalətli və daimi sülh niyyəti ilə əsla bir araya sığmayan davranış sərgiləyir. Özünün bəzi havadarlarına arxayın olan işğalçı ölkə yəqin ümid edir ki, zaman keçdikcə həm Azərbaycan, həm də beynəlxalq birlik erməni işğalı ilə barışacaq, Bakı təslimçi sülhə vadar ediləcək. Bu isə gözlənilmir. Ona görə ki, Azərbaycanda erməni tərəfinin israr etdiyi “torpaq əvəzinə torpaq”, yəni Dağlıq Qarabağ əvəzinə 5-6 rayonu almaq formulu əsasında sülhə razılıq verəcək rəhbər, siyasətçi, xalq yoxdur. Bakı dəfələrlə bəyan edib ki, sülh danışıqlarında ərazi bütövlüyümüz alver və müzakirə predmeti olmayıb, olmayacaq.
Beynəlxalq hüquq, Qarabağa dair BMT qətnamələri, digər nüfuzlu təşkilatların qərar və sənədləri də birmənalı şəkildə Azərbaycanın haqlı olduğunu təsdiqləyir. Bu isə o anlama gəlir ki, Azərbaycan və Ermənistan arasında daimi, möhkəm sülh yalnız “torpaq əvəzinə sülh” formulu əsasında mümkündür.
Bölgədə sabitlik və anlaşmanın yeganə formulu budur. İşğalçı Ermənistan boş yerə vaxt itirmək əvəzinə, bu gerçəyi nə qədər tez anlasa, müharibə təhlükəsi ondan bir o qədər uzaqlaşar. Müharibə riskinin sıfırlanması isə o deməkdir ki, daha Azərbaycanla silahlanma yarışında ayaqlaşmaq üçün kasıb erməni əhalinin boğazından kəsib Rusiya silahları almağa ehtiyac qalmayacaq. Həmin vəsaitİ sosial-iqtisadi durumu yaxşılaşırmağa yönəltmək mümkün olacaq. Ədalətli sülh anlaşması eyni zamanda Azərbaycanla Ermənistan arasında iqtisadi-ticari əlaqələrin qısa zamanda yoluna düşməsinə, sonuncunun ölkəmiz və Türkiyə hesabına iqtisadi yüksəlişinə təkan verəcək. Buna paralel təbii ki, Ermənistanın Rusiyadan vassal asılılığı azala və Ermənistan Bakı və Ankaranın hesabına, nəhayət, gerçək suverenliyinə qovuşa bilər. Odur ki, seçim blokada rejimində yaşayan ermənilərindir.
Təəssüflər olsun ki, təcavüzkar ölkənin yeni rəhbərliyi də hakimiyyətə gələn kimi öz xalqına “xəyal-plov” yesdizdirməyə başladı. Demək, işğalçıya hələlik lokal miqyasda da olsa, bir daha öz hərbi gücümüzü göstərməli olacağıq. Özü də bu dəfə 2016-ci ilin aprelindən fərqli olaraq, daha geniş miqyasda. Onsuz da sülh danışıqları səmərə vermir. Bakının İrəvana verdiyi sülh fürsətləri bir-birinin ardınca əldən buraxılır.
*****
Yaranmış durumda “ən pis sülh müharibədən yaxşıdır” deyiminin anlamı qalmır. Çünki sülhlə bitməyən atəşkəs ən əvvəl Azərbaycana sərfəli deyil. Azərbaycan öz ərazisində işğalçı qoşunların on illər ərzində mövcudluğuna seyrçi qala bilməz. Odur ki, Bakının ən azından, “çağırılmamış qonaqları” mütəmadi şəkildə narahat eləmək, onları yad evə soxulmalarına peşman eləmək, vaxtaşırı canlı və başqa itkilərə məruz qoymaq taktikası davam edəcək. Bu taktikaya erməni toplumunu daima müharibə xofu içində saxlamaq da daxildir. Çünki məhz müharibə xofu Ermənistandan kütləvi köçün dayanmasına imkan vermir və işğalçı orduya çağırışçı problemi getdikcə daha qabarıq şəkildə özünü göstərir.
Erməni siyasiləri və hərbçilərinin özləri də eyni dərəcədə müharibə xofu işindədir.
“Qarabağda müharibə təhdidi real və yüksəkdir”. Bu sözləri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan deyib. “Müharibə təhdidi azalmayıb. O, hər zaman var. Siyasi planda Qarabağ məsələsi həll edilmədiyindən biz Qarabağda müharibə təhdidini real və yüksək hesab edirik. Qarabağ məsələsindən başqa digər təhdid strateji düşmənimiz olan Türkiyədir”, - deyə o bildirib.
*****
Göründüyü kimi, ermənilər hələ də maniakal şəkildə iki əsas qonşu dövləti - Türkiyə və Azərbaycanı strateji düşmən qismində kimi görməkdə davam edirlər. Halbuki normal məntiq bunun əksini deyir: hər hansı ölkə inkişaf eləmək istəyirsə, ilk növbədə öz əsas qonşuları ilə əlaqələri nizama salmalıdır, nəinki onlara qarşı aqressiv, düşmən siyasət aparmalıdır.
Azərbaycan və Türkiyəni isə Ermənistan məhz özü-özünə qarşı düşmənə çevirib - hər iki ölkəyə əsassız ərazi iddiası irəli sürməklə, Azərbaycan ərazisinin 20%-ni işğal eləməklə. Bu siyasət isə müstəsna olaraq Rusiyanın işinə yarayır - Moskva ermənilərin sayəsində bölgədə daha da möhkəmlənmək şansı əldə edir, regionun tam iqtisadi vahid olaraq inkişafını əngəlləyir. Təbii ki, bunun altını ən çox Ermənistan və onun əhalisi çəkir. Çünki işğalçı ölkənin Rusiya ilə heç bir quru sərhədi yoxdur, iki mühüm qonşu ilə - Azərbaycan və Türkiyə ilə isə sərhədlər Qarabağa görə bağlıdır. Nə vaxtadək? Cavabı hamı bilir... //musavat.com//