Bu həftə dünyanın 40-dan çox lideri Osvensimin azad edilməsinin 75-ci ildönümünü bayram eləmək üçün İsrailə toplaşacaq. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə İsrailin nüfuzlu nəşri olan “The Yerusalem Post” qəzetində dünən getmiş məqalədə bildirilir.
Məqalədə daha sonra deyilir: “Litvalılar, ermənilər, polyaklar və başqaları faciəvi tarixdə oynadıqları rolu şişirdir və təhrif edirlər. Götürək Ermənistanı. 2016-cı ildə İrəvanda nasist əlaltısı və hərbi cani, Vermaxtın erməni legionuna başçılıq eləmiş Qaregin Njdeyə abidə qoyulub. Onun dəstələri Krımda, Qafqazda, Fransanın cənubunda vuruşurdular - harada ki, nasistlər yəhudiləri və müqavimət hərəkatının döyüşçülərini tutaraq ölüm düşərgələrinə göndərirdilər. Njde milliyyətçi ideologiya hazırlamışdı. Həmin ideologiyaya görə, fərd üçün ən böyük dəyər onun millətidir. Bu ideologiya özündə ”klassik erməninin ruhi və bioloji mahiyyəti"ni təcəssüm etdirir".
Nəşr Ermənistanda Njdenin milli qəhrəman sayıldığını qeyd edərək yazır: “Onun adı İrəvanda meydana və metrostansiyaya verilib. İrsi dövlət məktəblərində uşaqlara tədris edilir. Abidənin açılışı olarkən müxalifətin səsi eşidilmədi. Xolokost təhqiqatçısı, doktor Efraim Zuroff bu addımı ”hiddət doğuran yanlış və bütün qurbanlara, həmçinin nasistlərə qarşı vuruşanlar təhqir" adlandırmışdı".
“The Yerusalem Post” hesab edir ki, Qaregin Njdenin şərəfləndirilməsi məsələsini yeganə hal da saymaq olmaz: “Çoxsaylı sübutlar var ki, erməni cəmiyyəti sistemli olaraq antisemitdir. Belə ki, 2014-cü ildə - hələ Njdeyə abidə qoyulmamışdan qabaq 100-dən çox ölkədə antisemitizmin tədqiqi üzrə aparılan son araşdırmalar göstərmişdi ki, Ermənistanda antisemit baxışlara dəstək faizi (58%) Avropa üzrə üçüncü, postsovet ölkələri və Şərqi Avropa üzrə isə ən yüksək olub. ”Rew" araşdırma mərkəzinin sorğusuna görə isə ermənilərin 32%-i yəhudiləri öz vətəndaşları kimi qəbul eləmir. 1991-ci ildə Ermənistan müstəqilik əldə edəndə respublikada 5 minlik erməni icması var idisə, bu gün onların sayı 100 nəfərdir".
“The Yerusalem Post” bu yerdə Azərbaycanı Ermənistana nümunə göstərib. “1991-ci ildə müstəqilik əldə edən Azərbaycan indiyədək Ermənistanla münaqişədədir. Ötən ilin noyabrında Bakıda Qarabağ müharibəsinin qəhrəmanı (1969-1992), milliyyətcə yəhudi olan Albert Aqarunova (Azərbaycanın Milli Qəhrəmanı, tankçı olub - ”YM") abidə qoyulub. Aqarunova və Njdeyə abidə qoyulması arasında təzad ortadadır. Aqarunov Azərbaycanda musiqi məktəbində oxuyub. Daha sonra Neft Emalı Zavodunda işləyib. SSRİ dağılandan sonra Ermənistanın Qarabağı işğal eləməsinə qarşı mübarizə aparıb. O vaxt Aqarunov müharibəni işıqlandıran jurnalistlərə belə demişdi: “Bu, mənim torpağımdır. Mənim başqa vətənim yoxdur. Mənim üçün öz evimi müdafiə etməyim təbiidir”. 1992-ci ildə o, erməni snayperi tərəfindən güllələnib. Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına - ölkədə hərbi xidmətə görə ən ali mükafata layiq görülüb. Aqarunovun mükafatı əhalisi 90% müsəlman olan bir ölkəyə yəhudilərin güclü inteqrasiyası və milli fəxarət nümunəsidir. Azərbaycanda antisemitizm yoxdur, konfessiyalararası əlaqələr isə çiçəklənir", - deyə nəşr qeyd edib.
Məqalənin sonunda deyilir: “Ermənistanda Njde kimi Xolokost ”qəhrəmanları" şərəfinə ölkələrdə memorialların qoyulması Avropa və Asiyada Xolokostu unutdurmağa yönəlik cəhdlərin davam etməsinə qarşı mübarizəni gücləndirmək zərurəti yaradır".
*****
Qeyd edək ki, İrəvanda faşist əlaltısı Njdeyə abidə sabiq prezident Serj Sərkisyanın hakimiyyəti dönəmində (2016) qoyulub. Lakin 2018-ci ildə Sərkisyan hazırkı baş nazir Nikol Paşinyanın başçılıq elədiyi etiraz hərəkatı nəticəsində devrilib. Bununla belə, Paşinyan da Sərkisyan və erməni cəmiyyətinin əksəriyyəti kimi Njde sevdalısı olaraq qalır. Abidənin hələ də sökülməməsinin əsas səbəbi budur.
Paşinyan hətta vaxtaşırı məsələ ilə bağlı haqlı iradlarla üzləşərkən israrla Njdeni və onun faşist ideologiyasını müdafiə eləməyə cəhdlər də edir - o Njde ki, “Faşist Almaniyası yolunda ölən Ermənistan uğrunda ölür” demişdi. MDB-nin Aşqabad sammitində Azərbaycan prezidenti İlham Əliyevin Njde ilə bağlı məşhur ifşaedici çıxışına Paşinyanın absurd reaksiyasını və sərsəmləməsini yada salmaq yetər. Rusiya XİN-in nasistlər və onların əlatıları haqda hazırladığı hesabat da öz yerində...
“Yeni Müsavat”