Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində Ermənistanın oyuncağı olan separatçı rejim növbəti saxta seçkilərə hazırlaşır. Özündə heç bir legitimlik daşımayan və dünyanın yenə də tanımayacağı bu “seçki” prosesini təbii ki, rəsmi Bakı diqqətlə izləyir və onu pozmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Azərbaycan prosesə həm də öz ərazi bütövlüyünü hərbi yolla bərpa eləmək üçün yeni əlverişli fürsət kontekstində baxır.
Sözsüz ki, Bakı bu səbəbə düşmən ölkədə sosial-iqtisadi problemlərin və siyasi kataklizmlərin artmasında, daxili çəkişmələrin kəskinləşməsində maraqlıdır. 31 mart saxta “prezident və parlament seçkiləri”nin isə erməni-erməni qarşıdurmasını daha da dərinləşdirəcəyi gözlənilir. Bir neçə səbəbdən.
*****
Ermənistanda nəşr olunan “İrates” qəzeti bu xüsusda işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki son vəziyyətə diqqət çəkib. Nəşr martın 31-də işğal altındakı bölgədə gözlənilən növbəti seçki tamaşasından əvvəl Qarabağda gərginliyin hökm sürdüyünü yazıb. “İrates”in iddiasına görə, Qərbdən olan siyasi dairələr cidd-cəhdlə “prosesə” müdaxilə etməyə hazırlaşır.
“Ermənistan hakimiyyətinin xarici havadarları Qarabağda aranı qarışdırmaq üçün hərəkətə keçib. Ehtimal olunan bu müdaxilə bölgədə gərginliyə yol açacaq”, - deyə bildirilir. O da qeyd olunur ki, Qərbin qondarma prosesdəki namizədi separatçı rejimin “xarici işlər naziri” Masis Mayilyandır. Mailyan həm də Ermənistanın baş naziri Nikol Paşinyanın dəstəklədiyi namizəd sayılır. Mənbə həmçinin 1990-cı illərdə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağda işğal planını həyata keçirən separatçı qüvvələrinin başçısı Samvel Babayanın da fəallığına diqqət çəkir. Babayanın təmsil etdiyi qüvvələrin Mayilyan və dəstəkçilərinə qarşı olduğu, “seçkinin nəticələri” qarşı tərəfin lehinə olacağı halda bunun bölgədə çaxnaşmaya yol açacağını bildirib. Mənbə ehtimal olunan gərginliyin Azərbaycanla savaşı körükləyəcəyini istisna etməyib.
“Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində vəziyyət gərgindir. Martın 31-də Qondarma ”Dağlıq Qarabağ Respublikası"nda keçiriləcək qanunsuz “prezident seçkiləri”ndə həm “Qarabağ klanı”, həm də Ermənistandakı inqilabçı Nikol Paşinyan hökuməti və bilavasitə Rusiyanın maraqları toqquşur".
“Yeni Müsavat”ın məlumatına görə, bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib. Onun sözlərinə görə, mübarizə təkcə “Qarabağ klanı” və Paşinyan arasında getmir, Rusiyanın ciddi maraqları var: “Rusiya düşünür ki, arzuolunmaz Paşinyan hökumətinin perspektivi ”qondarma" seçkilərdən asılı olacaq. Bu seçkilər Paşinyan üçün strateji önəm daşıyır. Müxalifətdə olan və hakimiyyətdən inqilabi yolla düşürülən “Qarabağ klanı” da “seçkilər”ə hazırlaşır. Çünki siyasi revanşın başlanğıcını məhz Qarabağda keçiriləcək “seçkilər”lə başlayacağını düşünürlər. Rəsmi Kreml hesab edir ki, Paşinyan hökumətini zəiflətmək üçün işğal olunmuş ərazilərdə onun mövqelərinə zərbə vurmaq lazımdır. Paşinyan hökuməti işğal olunmuş ərazilərdə, xüsusilə siyasi-hərbi xuntaya nəzarəti itirərsə, bu, onun Ermənistanda birmənalı olaraq möhkəmlənməsinə imkan verməyəcək".
Politoloq hesab edir ki, üç maraq toqquşduğu üçün Azərbaycanın işğal olunmuş ərazilərində planlaşdırılan “seçki” ilə bağlı konkret proqnoz vermək mümkün deyil. “Həqiqətən ”Qarabağ klanı"nın müdafiə etdiyi namizəd qalib elan olunarsa, Paşinyan hökuməti inqilabi yolla onları devirməyə cəhd edəcək. Ona görə də seçkilərdən sonra çox böyük gərginliyin müşahidə olunacağı gözlənilir. Rusiya amili də əlavə edilsə, cəbhə xəttində hər an hərbi təxribatın törədiləcəyi də mümkün sayılır. Ona görə də Azərbaycan hərbçiləri ayıq-sayıq olmalıdır. Həm Paşinyanın, həm də ondan siyasi revanş götürmək istəyən “Qarabağ klanı” arasında çox ciddi mübarizəni müşahidə edəcəyik. Hansı tərəfin qalib olacağı isə hələ də qeyri-müəyyən qalır", - deyə o vurğulayıb.
Natiq Mirinin fikrincə, bu qüvvələr arasında ciddi mübarizə gedəcək: “Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan Azərbaycan vətəndaşları olan ermənilər də hərbi xuntadan ciddi şəkildə narazıdır. Ona görə də seçkilərdə total saxtakarlıq olarsa, ermənilərin ayağa qalxaraq bu hakimiyyəti bilavasitə mərkəzi Ermənistan hakimiyyətini devirə biləcəyi ehtimalı da çox yüksəkdir. Rusiya amilini də ortaya qoysaq, xoşagəlməz situasiya yaranacaq. Həqiqətən də Azərbaycanın işğal olunmuş ərazilərində ciddi qarşıdurma olarsa, Azərbaycan öz torpaqlarını azad etmək üçün bu situasiyadan istifadə edə bilər”.
*****
Ermənistanda vəziyyəti qəlizləşdirən və Azərbaycanın xeyrinə işləyən məqamlardan biri də koronavirus epidemiyası ilə bağlıdır. Gözlənilir ki, artıq tam blokada vəziyyətində olan düşmən ölkədə virusun fasadları qat-qat dağıdıcı xarakter ala bilər. Söhbət həm də siyasi fəsadlardan gedir.
“Əgər Azərbaycan və Gürcüstanda problemlər daha çox sosial-iqtisadi xarakter daşıyırsa, qonşu Ermənistanda situasiya neqativ iqtisadi amillərlə yanaşı, özündə həm də qabarıq siyasi mahiyyət daşıyır”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə rusiyalı analitik Mixail Belyayevin “Vestnik KavKaza” portalındakı analitik məqaləsində deyilir. Müəllif yazır: “Ermənistanın baş naziri Nikol Paşinyan keçən ilin sonu, bu ilin əvvəlində Konstitusiya Məhkəməsinin (KS) sədri Hrayr Tovmasyanı vəzifəsindən uzaqlaşdırmaq yönündə etdiyi bir neçə uğursuz cəhddən sonra vo-bank gedib. Tovmasyan başda olmaqla, KS-nin indiki tərkibini keçmiş hakimiyyətə yaxınlıqda ittiham edən baş nazir ondan qurtulmaq üçün məsələni referenduma çıxarıb. Bu, onun son çarəsi idi - hansını ki, yeri gəlmişkən, Paşinyanın Avropadakı tərəfdaşları neqativ qarşıladılar. Özəlliklə Venesiya Komissiyası Ermənistan hökumətinin hərəkətini açıqca tənqid elədi, bunu hakimiyyət qolları arasında kövrək balansı dağıdan cəhd kimi qiymətləndirdi. Erməni KİV-in yazdığına görə, Nikol Paşinyanın bu həftə Brüsselə etdiyi səfər zamanı məsələyə xeyli vaxt ayrılıb. Ancaq indi belə görünür ki, baş nazir və onun parlamentdəki ”Mənim addımım" fraksiyasının planları zərbə altına düşməkdədir".
Analitik əsas səbəb kimi koronavirusun ölkədə sürətlə yayılmasını göstərir: “Ermənistanda bu virusa yoluxanların sayı durmadan artır. Bu fonda isə referendumun vaxtının dəyişdirilıməsi getdikcə daha böyük aktuallıq kəsb eləməkdədir. Nikol Paşinyan artıq öz məzuniyyətini və təbliğat kampaniyasını yarımçıq qoyub. Hazırda o, arvadı Anna Akopyanla birgə koronaviris yoluxması riski ilə bağlı özünütəcrid vəziyyətindədir. Ölkədə koronaviruslu xəstələr ola-ola, Paşinyanın vətəndaşlarla kütləvi görüşlərini çoxları məsuliyyətsizlik kimi qiymətləndirib”.
Məqalədə daha sonra deyilir ki, əgər referendumun vaxtı dəyişdirilməsə, yəni aprelin 5-də keçirilsə, o zaman seçici fəallığı olduqca aşağı olacaq. “Seçkilər, səsvermə - kütləvi tədbir sayılır. Pandemiya şəraitində isə bu, qəti şəkildə məsləhət görülmür. Odur ki, böyük ehtimalla, 5 aprel referendumu fiasko olacaq. Nədən ki, hökumətyönlü ”HƏ" bloku lazımi 650 min səsi toplaya bilməyəcək. Əgər referendum başqa vaxta keçirilsə, o zaman, birincisi, yeni tarixi müəyyən eləmək olduqca çətin olacaq - bu, ola bilsin, iyul-avqust ayı olsun. Əks halda, koronavirusa görə səsvermənin vaxtını təzədən dəyişmək lazım gələcək. İkincisi isə o vaxta qədər vətəndaşlar sosial-iqtisadi böhranın qaçılmaz neqativ nəticələrini öz üzərində daha qabarıq hiss edəcək. Söhbət xaricdən pul köçürmələrinin və idxalın azalmasından, turizm və xidmət sektorlarının iflas olmasından gedir", - deyə müəllif vurğulayıb.
Analitikin qənaətincə, Nikol Paşinyanın vəd elədiyi “iqtisadi inqilab” boşa çıxacaq və belə qəliz fonda onun vətəndaşları referendumda iştiraka cəlb eləmək üçün apardığı təbliğat kütlədə yalnız qıcıq doğuracaq: “Axı adamlar həyati vacib məsələlərin hayında olacaq, nəinki ölkədə hazırkı hökumətin xeyrinə olacaq hakimiyyət bölgüsündə. Nəhayət, referendumun vaxtının dəyişdirilməsi Ermənistanın beynəlxalq tərəfdaşlarına məsələdə hökumətə təzyiq üçün növbəti şans verəcək”.
Təhlilçiyə görə, koronavirusun Ermənistanda yayılması hökumət üçün ölümcül nəticələr doğura bilər. “Bu gün Paşinyanın siyasi taleyi xeyli dərəcədə Arsen Torosyanın rəhbərlik etdiyi ölkə səhiyyəsinin nə dərəcədə infeksiyanın yayılmasını önləmək bacarığından asılı olacaq. Bir şey dəqiqdir: hökumət koronovirus şübhəsi ilə vətəndaşları 5 ulduzlu hotellərə yerləşdirməklə o dərəcədə ”piar"a uydu ki, qat-qat vacib profilaktik tədbirləri həyata keçirməyə gecikdi. Seçici bunu ona bağışlayacaqmı? Yaxın zaman göstərəcək", - deyə müəllif sonda əlavə edib.
Ancaq cavabdan asılı olmayaraq, Azərbaycanı, əlbəttə ki, müstəsna olaraq öz ərazi bütövlüyünü bərpa eləmək maraqlandırır. Bu yöndə istənilən şans, fürsət və vasitə bizim üçün məqbuldur... //musavat.com//