Axtarış...

Azərbaycan bu dəfə Ermənistanı Bakıdan “vurdu” - tarixi sammit ölkəmizə nə verdi?

Azərbaycan bu dəfə Ermənistanı Bakıdan “vurdu” - tarixi sammit ölkəmizə nə verdi?

Bakıda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının (QH) XVIII Zirvə Görüşü ölkəmiz üçün uğurla başa çatdı. Zirvə görüşündə 159 nümayəndə heyəti - dövlət və hökumət başçısı, parlament sədri, xarici işlər naziri və digər yüksək səviyyələrdə təmsil olunan şəxslər iştirak etdilər. Həmçinin, BMT Baş katibinin müavini, BMT Baş Assambleyasının prezidenti toplantıda iştirak etmək üçün Azərbaycanda oldular.

Zirvə Görüşünə sədrlik üzv dövlətlərin yekdil qərarı ilə İ.Əliyevə verildi. Dövlətimizin başçısı 120 dövləti, 38 müşahidəçini, qonaq dövləti və beynəlxalq təşkilatları özündə birləşdirən XVIII Zirvə toplantısına yüksək diplomatik peşəkarlıqla sədrlik etdi. Ölkə rəhbəri konfransda ölkəsi adına ciddi uğurlara imza atdı. İşğalçı Ermənistana növbəti sarsıdıcı zərbə Azərbaycan paytaxtında vuruldu.

Belə ki, zirvə görüşündə Ermənistan işğalçı dövlət kimi tanındı. Tədbirdə iştirak edən 120 dövlətin mövqeyi bu oldu ki, təcavüzkar ölkə işğalçıdır. Bu da Azərbaycanın növbəti ciddi diplomatik qələbəsi oldu. Konfransda ölkəmizin ərazi bütövlüyünə ciddi dəstək ifadə edildi.

Azərbaycan prezidenti Zirvə Görüşündə etdiyi çıxışda Ermənistanın əzəli Azərbaycan ərazilərini işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti, eləcə də, Xocalı soyqırımı haqqında dünya ictimaiyyətini bir daha geniş şəkildə məlumatlandırdı. Eyni zamanda, ölkəmizin son 15 ildə siyasi, iqtisadi, sosial, humanitar, idman və digər sahələrdə qazandığı uğurlar barədə də ətraflı məlumat verdi.

İ.Əliyev çıxışında QH-də sədrlik dövrü üçün əsas prioritetlərimizi də açıqladı. Prezident qeyd etdi ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Dövlət başçısı Azərbaycanın QH-da sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını bildirdi. Həmçinin, ölkəmizin QH-nin beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirmək və dayanıqlı inkişafa və ədalətin təmin olunması üçün var gücü ilə çalışacağını söylədi.

Özündə 120 ölkəni birləşdirən və BMT Baş Assambleyasından sonra dünyada ən böyük siyasi təsisat olan QH-yə 2011-ci ildə üzv olan Azərbaycanın qısa müddətdə zirvə görüşünə ev sahibliyi etməsi, üstəlik üç il müddətində sədrliyi ələ alması ölkəmizin böyük uğuru kimi qələmə verilir. Bu bir daha beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin qlobal miqyasda olan nüfuzunun göstəricisi oldu.

Bakıdakı bu tədbir dünya miqyaslı bir tədbir oldu. İki gün ərzində dünyanın diqqəti Bakıya yönəldi. Bu da beynəlxalq münasibətlər sistemində zirvə görüşünün nə qədər önəmli hadisə olduğunun sübutu idi. Konfransda beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid olan vacib məsələlər müzakirə edildi, ölkəmiz dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində oldu.

Zirvə toplantısı Azərbaycanın ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi baxımdan da xüsusi əhəmiyyətə malikdir. İndiyə qədər prezident İlham Əliyev dünya dövlətlərinin liderləri, beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə 20-dən artıq görüş keçirib.

Zirvə Görüşünün digər bir mühüm tərəfi ondan ibarət oldu ki, Azərbaycanın münaqişə ilə bağlı ədalətli mövqeyi daha da gücləndi. Belə ki, qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar.

Toplantıda qəbul edilmiş yekun sənədə ilk dəfə olaraq olduqca vacib əhəmiyyət daşıyan yeni bənd daxil edilib. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı bir kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu da Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

Konfransda Azərbaycan prezidentinə verilən böyük bir dəstək xüsusilə diqqəti cəlb etdi. Belə ki, yekun sənəddə iştirakçılar Nasist hərəkatının, neonasizmin və Vaffen SS təşkilatının keçmiş üzvlərinin, onlara abidə və heykəllərin ucaldılması, nasist keçmişi, Nasist hərəkatı və neo-nasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də anti-Hitler koalisiyasına qarşı döyüşmüş və Nasist hərəkatının iştirakçıları ilə işbirliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını sərt şəkildə qınadılar.

Bu isə İ.Əliyevin MDB Dövlət başçıları Şurasının Aşqabadda keçirilmiş sammitində Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi tezislərə beynəlxalq səviyyədə verilən dəstəyin göstəricisi idi.

Toplantıda qəbul edilmiş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunub. Təkcə bu cümlə çox şeyi ifadə edir. Bəyannamədən sitat: “Biz dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edir və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.

Bir sözlə, Ermənistan və onun havadarlarının dəridən- qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan İ.Əliyevin rəhbərliyi altında böyük diplomatik uğura imza atdı, 120 dövlətin təmsil olunduğu zirvə görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa olunmasına nail oldu.

Sabiq dövlət müşaviri Qabil Hüseynli “Yeni Müsavat” a tədbirin əhəmiyyətini bu cür dəyərləndirdi: “Bu hərəkatın 18-ci konfransının Bakıda keçirilməsi həm Azərbaycanın, həm də onun paytaxtının beynəlxalq tədbirlərin keçirilməsi üçün əhəmiyyətini bir daha təsdiqlədi. İndiyə qədər Bakıda keçirilən tədbirlərə daha bir möhtəşəmi əlavə olundu. Deyərdim ki, BMT tədbirlərindən sonra beynəlxalq tədbirlər sırasında ikinci yeri tutan Qoşulmayanlar Hərəkatının konfransının Bakıda keçirilməsi möhtəşəm bir hadisə idi. Ölkəyə 120 dünya ölkəsinin hökumət və dövlət başçısı, xarici işlər nazirləri, eləcə də, BMT başda olmaqla ondan artıq beynəlxalq qurumun rəhbər heyətinə daxil olan şəxslər gəlmişdi. İndiyə qədər hərəkat dünyada sülh və təhlükəsizlik məsələlərini, dünyanı təhdid edən müxtəlif fəlakət xarakterli, sürətlə silahlanma xarakterli məsələləri belə geniş və ətraflı müzakirə etməmişdi.

Bizim üçün maraqlı olan odur ki, sədrlik artıq Azərbaycana və onun rəhbəri İlham Əliyevə keçib. Üç il ərzində ölkəmiz bu hərəkata rəhbərlik edəcək. Konfransda çıxış edərkən İlham Əliyev təşkilatın prioritetlərini, hansı məsələlərə daha çox diqqət edəcəyini açıqladı. Bizim üçün ən əlverişli olan o idi ki, konfransın yekun sənədinə Dağlıq Qarabağla bağlı çox geniş, obyektiv, eyni zamanda, dünya ictimai rəyinə ciddi təsir göstərə biləcək müddəalar daxil edildi. Məsələn, 120 dövlətin bu müddəaya səs verməsi o deməkdir ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və bu işğal edilmiş ərazilərdə etnik təmizləmə aparılması, hələ də bu torpaqların işğal altında qalması, bir milyondan artıq insanın zərər çəkməsi faktı Bakı sənədində öz əksini tapmaqla dünya ictimai rəyi üçün çox qiymətli məlumatlar verdi. Açığı deyək ki, indiyə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünün siyasi anatomiyasına açmaqda nə qədər cəhd edirdiksə, bəzi dövlətlər ikilistandartlarla bu məsələlərə yanaşaraq, məsələni görməməzlikdən gəlir və Ermənistanı işğalçı dövlət kimi tanımaq istəmirdilər.

Buraya xüsusilə Avropa ölkələri, həmçinin ATƏT-in başda Amerika olmaqla üzv dövlətləri daxil idi. Amma Bakıda Qoşulmama Hərəkatı, onun aparıcı liderləri, Pakistanın baş naziri, bir sıra ərəb ölkələrindən gəlmiş baş nazir səviyyəsində şəxslər birmənalı olaraq, Azərbaycana qarşı erməni işğalını tanıdılar və bununla da dünyanın aparıcı təşkilatı olan BMT-yə çox ciddi mesaj verdilər. Onu da deyim ki, BMT baş katibinin müavini də bu tədbirdə iştirak edirdi. Tədbirdə bildirildi ki, işğal faktı tanınmalıdır və işğal faktı tanınmadıqca, işğalçı öz niyyətlərindən əl çəkməyəcək, bölgədə sabitlik, iqtisadi inkişaf təmin edilməyəcək, Ermənistanın arxasında duran və onu müxtəlif manevrlərlə müdafiə edən dövlətlərə daha bir xəbərdarlıq olunmalıdır.

Bu gün müharibənin nəticələrinin aradan qaldırılmasına və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına mane olanlar Ermənistana dəstək verən dövlətlərdir. Onlar danışıqlar prosesində ciddi mövqe tuturlar. İşğalçını danışıqlar prosesinə dəvət etməkdə saymazyana davranırlar və nəticədə prosesin daha da ləngiməsinə şərait yaradırlar. Üstəlik Azərbaycanın bölgədə öz ərazi bütövlüyünü təmin etmək üçün keçirmək istədiyi antiterror tədbirlərinə də bu dövlətlər bu və ya digər formada maneçilik törədirlər. Azərbaycan Qoşulmama Hərəkatının konfransını öz ölkəsində keçirməklə arxasında necə bir gücün, ictimai rəyin dayandığını dünyaya sübut etdi. Üstəlik erməni işğalçılarının bədxah niyyətlərinin açılmasında çox güclü və səmərəli bir addım atıldı. Zənnimcə, bundan sonra Bakının həm diplomatik manevrləri güclənəcək, həm də qismət olacaqsa danışıqlar stolu ətrafında, qismət olmayacaqsa, başqa meydanlarda öz ərazi bütövlüyünü təmin etmək üçün daha cəsarətli və güclü siyasət aparmağa meyllənəcək. Ermənistan başa düşməlidir ki, dünya ictimai rəyində, informasiya müharibəsində uduzub. Dünya ictimai rəyi Azərbaycanın tərəfindədir. Eyni zamanda, təkcə onun işğalçı kimi BMT tərəfindən tanınması qalır. Və bu işğalçı kimi tanındıqdan sonra ona qarşı BMT-nin tədbirlər sisteminin işə salınması qalır. Bunu sonuncu mərhələ adlandırmaq olar. Bu mərhələyə doğru Azərbaycan inamla irəliləməkdədir. Ermənistan danışıqlar prosesinə fəal sürətdə qatılıb, Azərbaycanla danışıqlar yoluna getməlidir. Bunlar olmayınca, bölgədə müharibə təhlükəsi daim qalacaq. Üstəlik, Azərbaycanın diplomatik üstünlüyü şəraitində müharibə variantından istifadə edəcəyi reallığı getdikcə daha çox artır. Ermənilər artıq bunu başa düşməlidirlər”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz