Axtarış...

Moskvaya qarşı “qaz” gedişi - İrəvan Kremli şantaj edir

Moskvaya qarşı “qaz” gedişi - İrəvan Kremli şantaj edir

KTMT-nin (“Rus NATO-su”) son Astana sammitində Ermənistan rəhbərliyinin uğursuzluğu işğalçı ölkədə hələ də müzakirə mövzusudur. Xüsusən də siyasi müxalifət və bir sıra ekspert çevrələri belə bir nəticəni - KTMT baş katibliyinin vaxtından əvvəl İrəvanın əlindən çıxmasını baş nazir əvəzi Nikol Paşinyanın xarici siyasətdə qeyri-peşəkarlığı və uzağı görə bilməməsi ilə əlaqələndirir.

Onların əminliyinə görə, baş katib Yuri Xaçaturova qarşı qəfildən cinayət işi qaldırılanda Paşinyan iqtidarı bunun mümkün sonuclarını, Moskvanın qəzəbini, xüsusən də Ermənistanın təhlükəsizliyinin risk altına düşəcəyini hesablamalı idi.

*****

Nikol Paşinyana qarşı bu ittihamlar şübhəsiz, seçki kampaniyasının başlaması səbəbindən indi məxsusi önəm daşıyır. Yəni ən əvvəl anti-təbliğat xarakterlidir. Hələ ki baş nazir əvəzi onlara tutarlı cavab verməyib, kontur-təbliğata baş vurmayıb. Amma Astanada “ağzı yanan” Paşinyan əvəzində deyəsən Moskvaya qarşı “qazlı” gedişə qərar verib. Söhbət Astana fiaskosundan dərhal sonra “Qazprom” şirkətinə, daha dəqiqi, onun işğalçı ölkədəki törəmə şirkəti olan “Qazprom-Ermənistan”a qarşı ağır korrupsiya ittihamlarının irəli sürülməsindən gedir.

Belə ki, “Yeni Müsavat”ın erməni qaynaqlarına istinadən verdiyi xəbərə görə, Ermənistanın Dövlət Gəlirləri Komitəsi bəyan edib ki, “Qazprom-Ermənistan” son illərdə xüsusilə böyük məbləğdə vergilərdən yayınıb. Sitat: “Kompleks vergi yoxlamaları nəticəsində müəyyən edilib ki, ”Qazprom-Ermənistan"a 2016-2017-ci illərdə gəlirlərdən vergilər haqda hesabatlarda açıq-aşkar yalan məlumatlar verib. Nəticədə vergi öhdəlikləri yanlış hesablanıb və bir neçə milyard dram az vergi ödənilib".

“Qazprom-Ermənistan”ın bu bəyanata reaksiyası isə gecikməyib. Şirkət ittihamlarla razılaşmayıb və bəyan edib ki, yoxlamalar hələ başa çatmayıb. Şirkətdən o da bildirilib ki, vergi ödənişləri ilə bağlı tədqiqatlar keyfiyyətli aparılmayıb. “Bizə bununla əlaqədar inzibati orqan tərəfindən heç bir dəlil-sübut təqdim edilməyib. Bu da fikrimizcə, absurd qənaətlərə gətirib çıxarıb”, - deyə “Qazprom-Ermənistan”dan bəyan edilib.

Bu xüsusda erməni nəşri “Joxovurd”un dünənki məqaləsi də diqqət çəkir. Məqalədə deyilir: “Məsələdə kimin haqlı, kimin haqsız olduğunu zaman göstərəcək. Dövlət Komitəsi hələ səsləndirdiyi ittihamları sübut eləməlidir. Ancaq burada başqa bir detal mühüm önəm daşıyır: nədən Komitə məhz indi bu addıma gedib - nə vaxt ki, Rusiyanın Ermənistana satdığı qazın qiyməti məsələsi gündəmdədir? Ehtimal ki, bu məsələ dekabrın 6-da (KTMT-nin Sank-Peterburq toplantısında - ”YM") Paşinyan-Putin görüşündə müzakirə olunacaq. Ancaq həmin görüş ərəfəsində belə bir addımın atılması (ittihamlar irəli sürülməsi - “YM”) çox təhlükəli nəticələr doğura bilər və Rusiya hakimiyyətinin əlinə yeni müqavilə üzrə qaz tariflərini azaltmaqdan imtina üçün bəhanə verər".

Bununla bağlı erməni nəşri sual edib: “Bu - təxribatdır, yoxsa danışıqlar öncəsi ”Qazprom"u küncə sıxmaq cəhdi? İstənilən halda ifrat ehtiyatlılıq işin ziyanına olmazdı".

*****

Yada salaq ki, dekabrın 6-da KTMT-nin Sankt-Peterburq toplantısında quruma yeni baş katibin təyin edilməsi məsələsində nöqtə qoyulacaq. Ola bilsin, Paşinyan “Qazprom”a qarşı ittihamlar hesabına Rusiyanı şantaj eləmək, əvəzində ya qazın qiyməti, ya da KTMT-yə baş katib təyinatında Moskvadan hansısa güzəştlər qoparmağa ümid edir.

Lakin bu kimi “qazlı” gedişlər əks-effekt verə bilər. Çünki Moskva özünə qarşı şantaj dilini xoşlamır - o ki ola, belə şantaj və hədələr satellit Ermənistandan gələ. Məsələ ondadır ki, KTMT baş katibliyi mövzusu, faktiki, qapanıb. Bunu İrəvanda da yaxşı bilirlər. Yeni baş katib böyük ehtimalla, Belarusdan - Azərbaycana dost münasibətdə olan ölkədən olacaq.

O ki qaldı Ermənistana satılan təbii qazın yeni tariflərinə yəqin ki, bununla bağlı qərarı Moskva 9 dekabr seçkiləri bitəndən, daha doğrusu, Paşinyan hökumətinin xarici siyasət oriyentirləri tam dəqiqləşəndən sonra verəcək. Ermənistan soyuq qışa bahalı qazla da girə bilər.

Bu, Moskvanın yeni hökuməti ram eləmək üçün əl ata biləcəyi bəlkə də ən asan yoldur. Ona görə ki, mühüm enerjidaşıyıcısı olan təbii qazın bahalaşması, əslində isə dünya bazarı qiymətinə Ermənistana satılması işğalçı ölkədə avtomatik şəkildə mal, məhsul və xidmətləri bahalaşdıracaq.

Siyasi müşahidəçilərə görə, prezident Vladimir Putinin Paşinyana ilk ciddi zərbəsi, sürprizi məhz bu ola bilər. Bundan əlavə, Ermənistanın Rusiyadan silahları kredit qarşılığında alması onu Moskvadan daha güclü asılılığa salmaqdadır. Çünki bu kreditləri ödəmək lazım gələcək. Kasıb bir ölkənin baş nazir əvəzi işləyən Paşinyanın Rusiyadan həm qaz, həm də silah asılılığını necə azaldıb Qərbə üz tutacağı çox maraqlıdır. Moskva isə “cücəni” qışda sayacaq...
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz