Axtarış...

Qara Qarayev: "Sanki "stavka"nı buna qoymuşdular" - MÜSAHİBƏ

Qara Qarayev: "Sanki "stavka"nı buna qoymuşdular" - MÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu Qara Qarayev Topaz Premyer Liqasının IX turunda "Neftçi"yə məğlub olduqları səfər matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Millitv.az futbol11.az-a istinadən müsahibəni diqqətinizə çatdırır:

- Rəqibiniz üç xalı üç qolla qazandı. Səncə, uğursuzluğa nə səbəb oldu?

- Xüsusi bir səbəb demək istəməzdim. Elə bir səbəb də yoxdur. Yaxşı mübarizə aparmağa çalışdıq. Həm ilk hissədə, həm də ikinci yarıda rəqibdən çox qol imkanlarımız oldu. Ancaq qolları rəqib vurdu. Danışacaq heç nə yoxdur. Düşünürəm ki, futbolumuz adına yaxşı matç oldu. Oyunun belə alınmasında azarkeşlərin rolu oldu, onlara təşəkkür edirəm. Maraqlı oyun oldu. Sözsüz ki, məğlub olmaq istəməzdik. Oyun barədə xüsusi söz deməyə ehtiyac olmadığını düşünürəm.

- Üstünlük sizdə olsa da, son nöqtəni qoymaqda çətinlik çəkirdiniz. Bunun səbəbi nə idi?

- Son oyunlarda ən çox hücum edən komanda biz oluruq. Həm avrokuboklarda, həm də daxili yarışlarda yaxşı oynayırıq. Bu gün də kifayət qədər şanslarımız oldu. Ancaq qol vurmadığımız üçün bu epizodlar unudulur. İmkanlardan yararlansaydıq, daha yaxşı oyun alınacaqdı.

- Gözlənilirdi ki, "Neftçi" əks hücumlara üstünlük verəcək. Düşündüyünüz oldu?

- Rəqib düşündüyü kimi oynadı və qollar vurdu. Sanki "stavka"nı buna qoymuşdular. İlk hissədə buraxdığımız qollar zamanı mövqeyimiz fərqli olsaydı, bəlkə də, qolların qarşısını ala bilərdik. Çalışırdıq ki, rəqibin hücumlarının və qollarının qarşısına alaq. Onlar da daha yaxşı hücum qurmaq istəyirdilər. Hər halda, bu gün bəxt rəqibin tərəfində idi.

- Yakub Jezniçak olduqca zəif çıxışla yadda qaldı. Məşqlərə ciddi yanaşır?

- Kuba məşqlərdə öz üzərində çox çalışır. Nümunəvi şəkildə məşq edir. Ola bilər, bu oyunu və digər matçı zəif keçirə bilər. Kubanın zəifləməsi fikri ilə razı deyiləm. Ondan örnək götürüləsi şeylər çoxdur. Kuba bizim əsas oyunçularımızdan biridir.

- Sanki bu il çempionluq uğrunda yarış daha çətin keçəcək.

- Çox yaxşı bilirsiniz ki, "Qarabağ" üç cəbhədə mübarizə aparır. Bunlar bəhanə deyil. Bəzən turnirləri bölmək, paylaşdırmaq çətin olur. Üç gündən sonra daha bir oyunumuz var. Bizə çətindir. Uğursuz çıxış edəndə bir qədər çətinlik yaranır. Düşünürəm ki, komanda olaraq düzgün yoldayıq, doğru istiqamətə gedirik. Nəticə bu gün olmasa da, sabah ola bilər. Əsas odur ki, doğru yoldayıq.

- Komanda üç oyunduq qələbə qazana bilmir. Bunu eniş adlandırmaq olar?yə

- "Səbail"lə oyunda qələbə qazanmışıq. Ancaq texniki səhvə görə oyunu məğlub olduq. Avrokubok matçları isə çətin və gərgin keçir. "Vorskla" ilə oyunda da topa nəzarət edən tərəf idik. Düşünmürəm ki, bu, bizim çətin vəziyyətimiz deyil. Ən yaxşı pillədəyik. İkinci pillədə olmağımız bizi narahat etmir. İrəlidə qələbələr bizi gözləyir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz