Avropa Liqasının qrup mərhələsinin IV turunun “Vorskla” ilə Ukraynadakı oyununa yollanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdən öncə jurnalistlərin suallarını cavablandırıb.
Report-un məlumatına görə, brifinqdə 46 yaşlı mütəxəssis öncə komandanın durumu barədə danışıb.
- Komandanın ümumi vəziyyəti pis deyil. "Sumqayıt"la oyundan sonra futbolçulara iki gün tam istirahət verdik. Onların çoxdan buna ehtiyacları var idi. Amma bu gün məşqimiz oldu. Çalışdıq ki, çox nüanslara toxunaq. Daha çox nələrə hazır olmalıyıq. Belə bir məşqimiz oldu. Amma ümidimiz böyükdür. Bu gün də şahidi oldum ki, futbolçular həddindən artıq istəklidirlər. Bakıda məğlub olduğumuz görüşdən sonra mətbuat konfransında qeyd eləmişdim ki, hamımız üzgünük. Amma xeyli vaxt keçdi. Bu gün hiss edirəm ki, oyunçular daha yaxşı hazırlıqlıdırlar. Ukraynaya ümidlə gedirik. Düşünürəm ki, futbolçular gözəl oyun və yaxşı nəticə üçün maksimum çalışacaqlar.
- Bakıda şanssız şəkildə məğlub oldunuz. Rəqib ancaq müdafiə olunurdu. Sizin fikrinizcə, Ukraynada rəqib necə oynayacaq. "Vorskla" hücum futbolu sərgiləsə, "Qarabağ" buna hazırdırmı?
- Rəqibin oyun prinsipi əks hücumlardan oynamaqdır. Bunu çox düzgün yerinə yetirirlər. Biz, ilk növbədə, buna hazırlıqlı olmalıyıq. Amma onların çempionatdakı ev oyunlarını da izləmişik. Oyunun əvvəllərində pressinq etməyi xoşlayırlar. Daha çox meydanın rəqibə aid olan hissəsində oynamaq istəyirlər. Bütün bunlara hazır olacağıq. Amma biz rəqibi müdafiədə oynamağa məcbur etsək, düşünürəm ki, həmin an oyunu müdafiədə quracaqlar. Bizə daha yaxşı nəticə lazımdır. Biz görüşdə daha çox hücum eləyən tərəf olmalıyıq.
- Komandadakı itkilər barədə nə deyə bilərsiniz?
- Komandanın heyətində ciddi problem yoxdur. Sadəcə, Ansi Aqolli kollektivlə tam məşqlər etməyib. O, bu gün isinmə hərəkətlərində komanda ilə birgə idi.
- İtirəcəyi bir şeyi olmayan komanda, adətən, daha təhlükəli olur. "Qarabağ"ın itirəcəyi nəsə varmı?
- Biz oyunlarda çox xal itirdik. Hələ qarşıda itiriləsi çox şey var. Amma biz buna hazır olmalıyıq. Ola bilər ki, rəqib daha da istəkli olsun. Çünki onlar qələbə qazanacağı təqdirdə, 6 xalları olacaq. Ola bilər ki, "Sportinq"lə xalları bərabər olsun. Amma biz yenə də bu matçı düşünürük. Rəqibin heç bir fikri və düşüncəsi bizi maraqlandırmır. Sadəcə, biz daha da yaxşı oynayıb, yaxşı nəticə əldə etmək üçün səfərə yollanırıq.
- "Qarabağ" ikili oyunların ikincisində daha yaxşı nəticə göstərir. Buna görə səfərdəki matçda xal və xallar qazanmağa ümid etmək olarmı?
- Ukrayna futbolu fərqlidir. Bu komandalar müdafiə olunmaqdan yorulmurlar. Nəticəyə oynamağı bacarırlar. Bizim üçün asan olmayacaq. Mən özüm də dəfələrlə qeyd etmişəm ki, ikinci oyunda rəqibi daha yaxşı tanıyırıq. Canlı görürük. Ola bilər ki, bu amil bizə kömək etsin. Amma nəzərə almalıyıq ki, səfərdə oynayırıq və burada azarkeş amili də var. Biz rəqibimizi səhvlərə məcbur etməliyik ki, bu səhvlərdən istifadə edək.