Axtarış...

“Neftçi”yə baxanda ürəyim ağrıyır, klub düzgün idarə olunmalıdır” – Mircavadov

“Komandanın oyununa baxanda ürəyim ağrıyır"


Azərbaycanın ən köklü klublarından olan "Neftçi"nin uğursuz çıxışları davam edir. "Ağ-qaralar" Premyer Liqanın 5-ci turunda ötən gün iddialı sayılmayan "Keşlə" ilə də bacarmadı. Mövsümün əvvəlində çempionluq uğrunda yarışacağı gözlənilən paytaxt təmsilçisi 5 oyuna cəmi 5 xal toplayıb və 6-cı pillədə qərarlaşıb.

Qol.az saytının müxbiri "Neftçi"nin bu acınacaqlı durumu ilə bağlı komandanın sabiq baş məşqçisi Ağasəlim Mircavadovla söhbətləşib.

- Ötən gün keçirilən "Neftçi" - "Keşlə" oyununa (0:0) baxdınız?

- Məgər bu, oyun idi? "Neftçi" topu qabağa vurmaqla məşğul idi. Digər mütəxəsslərlə oyuna baxırdıq. Məətəl qaldıq ki, bu nə oyundur. Komandada istək yox idi. Məni əsas məyus edən o oldu ki, "Neftçi"nin əsas azarkeşləri tribunada yox idi. Onlar həmişə komandaya yaxşı dəstək verirdi.

- O azarkeşləri qınamaq olar?

- Yox. Azarkeşlər oyuna baxmaq üçün 3 saatlarını sərf edirlər. Nəyə görə? Baxımlı oyun, qələbə üçün. Komanda bunları etmirsə, mən onları qınaya bilmərəm.

- Azarkeşlər demək olar hər uğursuz oyunda baş məşqçi Roberto Bordin və klub rəhbərliyini istefaya səsləyir...

- Azarkeşləri başa düşürəm. "Neftçi" elə bir klubdur ki, gərək ora gələn hər bir futbolçunu başa salsınlar ki, hara gəlib. Demək lazımdır ki, bu klubda kimlər oynayıb. "Neftçi"nin tarixini hər bir futbolçuya anlatmaq lazımdır. Bunu klub rəhbərliyi etməlidir.

- Düşünürsüz ki, klub rəhbərliyinin idarəetməsi düzgün deyil?

- Məncə, belə bir klub daha düzgün şəkildə idarə olunmalıdır. Çünki "Neftçi" ən köklü klubumuzdur. Oyununa baxanda ürəyimiz ağrıyır. Klubda əsas məsələ maliyyədir. Bildiyimə görə, "Neftçi"də maliyyə məsələsi də qaydasındadır. Yalnız düzgün idarəetmə qalır.

- "Neftçi" hələ Avroliqada yaxşı çıxış edəndə, qələbələr qazananda baş məşqçi Roberto Bordini tənqid edirdiniz. Sizcə, italiyalı mütəxəssis nəyi düzgün etmir ki, komanda bu durumdadır?

- Mən həmkarımın işinə qarışa bilmərəm. Onu deyə bilərəm ki, "Neftçi"də klubu sevən, can yandıran şəxslər çalışmalıdır.

- Bordinin "Neftçi"ni sevmədiyini demək istəyirsiniz?

- Onu demək istəmirəm. Sadəcə, bildirirəm ki, həm futbolçular, həm də məşqçi çalışdığı yerdə can qoymalıdır. "Neftçi" həmişə bunun sayəsində öndə olub.

- Təcrübəli mütəxəssis kimi indiki vəziyətdə "Neftçi"nin çıxış yolunu nədə görürsünüz?

- Klubun daxilində deyiləm. Ona görə də bu barədə çox danışa bilmirəm. "Neftçi" Avroliqada Rusiya "Arsenal"ı ilə göstərdiyi oyunu təkrarlaya bilmir. Eyni heyət, eyni məşqçidir. Komandanın yaxşı nəticə qazanmaq üçün potensialı var. Ancaq niyə oynamırlar, mənə də maraqlıdır.

- Mövsümün əvvəlində hamı "Qarabağ"la "Neftçi"nin çempionluq uğrunda mübarizə aparacağını düşünürdü. Ancaq artıq "Neftçi" ondan hələ bir oyun az keçirən lider "Qarabağ"dan hazırda 7 xal geridədir və 6-cı pillədə qərarlaşıb. Sizcə, bundan sonra komandalar arasında rəqabət olacaq?

- Mən "Qarabağ"la "Neftçi" arasında rəqabət görmürəm. "Qarabağ" öz oyunu ilə irəliləyir. Belə də davam edəcək.
Text-to-Speech

DİNLƏ






Şərh yaz