“Komanda ilə birgə gördüyüm işi davam etdirirəm. Üzərimdə çalışıb komanda üçün daha yaxşısını edəcəm. Son dəqiqələrdəki mübarizəni xüsusilə vurğulaya bilərəm. Yekunda bunun bəhrəsini gördük”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Sevilya”nın futbolçusu Munir Əl-Haddadi Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda “Qarabağ”a 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra klubun saytına deyib.
O, Ağdam klubu ilə görüşdə fərqləndiyi epizodu belə şərh edib: “Rəqibin qapıçısı çox ucaboydur. Zərbənin qol olub-olmayacağını bilmirdim. Sonda aşırma zərbəsi vurmağı qərar verdim və fərqlənməyi bacardım. Müdafiəçilərimiz mükəmməl oynadılar. Biz məşqdə buna hazırlaşırdıq. Komandamız oyundan-oyuna daha yaxşı nəticələr göstərir. Bu görüşü unudub bazar günü “Real”a qarşı olan matç barədə düşünməliyik”.
24 yaşlı hücumçu “Sevilya”nın qrup mərhələsinin ilk oyununda qalib gəlməsinin vacib olduğunu söyləyib: “Əlbəttə, ilk oyunda qələbə qazanmaq komandaya stimul verir. Amma dediyim kimi, biz indi “Real”la oyun barəsində düşünməliyik. Evdə azarkeşlərimizə layiq olduqları qələbəni bəxş etmək istəyirik”.