Ləğv olunan “Gəncəbank”ın Müşahidə Şurasının sabiq rəhbəri Pərvanə Novruzovanın Gəncədə törətdiyi qanunsuz əməllərdən daxili işlər naziri Vilayət Eyvazova müraciət ünvanlanıb.
Müraciət müəllifi Natalya Kərimova nazirə ünvanladığı məktubun surətini Musavat.com-a yollayıb.
Natalya Kərimova məktubunda yazır ki, Pərvanə Novruzova 2023-cü il Novruz bayramı tətili günlərində ona məxsus olan Gəncə şəhəri, Heydər Əliyev prospekti 271 ünvanında yerləşən gözəllik salonunda əvvəlcə işçisinin əli ilə yanğın törədib. Yanğını yaxınlıqdakı “ASAN xidmət” mərkəzinin mühafizəçiləri görüb və yanğınsöndürmə briqadası çağırılıb, yanğının qarşısı alınıb:
“Bundan sonra 10 gün tətil günlərində Pərvanə Novruzova mənim gözəllik salonumun talanı ilə məşğul oldu.
Cənab nazir, sizin Azərbaycan vəıtəndaşlarının əmin-amanlığının qorunması yolunda atdığınız addımları görürük. Lakin Gəncə şəhərində Pərvanə Novruzovanın qarşısını alan yoxdur. Həmin günlərdə 102 xidmətinə dəfələrlə, 40 dəfədən artıq zəng edib talançılığın, özbaşınalığın, əmlakımın dağıdılmasının, oğurlanmasının qarşısının alınmasını tələb etdim. Pərvanə Novruzovanı dayandıran olmadı. Obyektim darmadağın ediləndən sonra Gəncə Şəhər Baş Polis İdarəsinə dəvət olundum, dedilər ki, cinayət işi başlayıb, Pərvanə Novruzovanı cinayət məsuliyyətinə cəlb edəcəklər. 1 ilə yaxındır ki, istintaq apardıqlarını deyirlər, ekspertiza təyin ediblər. Orada da yazdırıblar ki, guya obyektimə 7500 manat ziyan dəyib. Halbuki, Pərvanə Novruzova obyektdən ələ gələn nə varsa, talan edib, divarlardan elektrik naqillərinə qədər çıxarıb, qapı-pəncərəni belə söküb aparıblar.
Bu gün obyektim ermənilərin Gəncə şəhərinə atdıqları bombanın təsirindən uçub-dağılmış evlərdən, obyektlərdən fərqli durumda deyil.
Hörmətli cənab nazir,
Sizdən dönə-dönə xahiş edirəm ki, mənim mülkiyyət hüququma olan qəsdlə bağlı hərtərəfli araşdırmanın aparılması, Pərvanə Novruzovanın mənə qarşı cinayətlərinə müvafiq qiymət verilməsi üçün Gəncə Şəhər Baş Polis İdarəsində başlanmış cinayət işinin istintaqını şəxsi nəzarətinizə götürəsiniz. Təsəvvür edin ki, əmlakımı yandıran şəxsi tutub istintaqa təhvil vermişdilər. O şəxs Pərvanə Novruzovanın fermasında işləyirdi. İstintaq həmin şəxsin barəsində heç bir tədbir görmədi. Əmlakı yandırmaq ağır cinayətdir. Buna baxmayaraq, araşdırmadılar”.
Natalya Kərimova müraciətində qeyd edir ki, Pərvanə Novruzova “Gəncəbank” rəhbəri olarkən ona məxsus gözəllik salonu ilə yanaşı, evini də əlindən alıb, özünü isə hədə-qorxu ilə Azərbaycandan didərgin salıb.
Sonradan ölkəyə qayıdaraq barəsindəki qondarma cinayət işinə xitam verilməsinə nail olub. Əmlakları ilə bağlı isə 8 illik məhkəmə çəkişmələrindən sonra Pərvanə Novruzovadan ala bilib. Bununla barışmayan P.Novruzova onun şəxsi mülkiyyətinə qəsd edib.
Natalya Kərimova redaksiyamıza Gəncə şəhərinin mərkəzində yerləşən, Pərvanə Novruzova tərəfindən darmadağın, talan edilən gözəllik salonunun foto və videolarını da göndərib.