Daşkəsəndə icra nümayəndəsinin evinə hücum edilib. Mənzilin şüşələri sındırılıb. Həmin gecə icra nümayəndəsinin bacısının evinə də hücum edilib.
Millitv.az musavat.com-a istinadla xəbər verir ki, hadisə iyunun 4-də Daşkəsən rayonunun Dəstəfur kəndində baş verib.
İcra nümayəndəsi Lalə Cəfərovanın və onun bacısı Pərvanə Cəfərovanın evinə hücum edən bir qrup şəxs mənzilləri daşa basıblar, pəncərələrin şüşələrini sındırıblar. Pərvanə Cəfərovanın evdə olan oğlu Rafael Cəfərov pəncərədən tullanaraq qaçmaq istəyib. Bu zaman ayağından xəsarət alıb. Pərvanə Cəfərova da üz nahiyəsindən xəsarət alıb.
Evə hücum edən şəxslərin kəndin şəhidi Orxan Şıxıyevin ailə üzvləri olduğu müəyyən edilib.
Qeyd edək ki, oxşar hadisə ötən ilin dekabr ayında da baş vermişdi. Əvvəlcə şəhid anası Sevda Şıxıyeva polisə müraciət edərək icra nümayəndəsi və icra nümyəndəliyinin əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdi. Daha sonra polis bu iddianı təkzib etmişdi. Məlum olmuşdu ki, şəhidin anası Sevda Şıxıyeva, əri Raqif Şıxıyev, oğlu Sərxan Şıxıyev, bacısı oğlu Asif Məmmədov icra nümayəndəliyinə gedərək icra nümayəndəsini və daha bir əməkdaşı döyüblər.
Bundan sonra polis hadisəyə müdaxilə edərək tərəfləri barışdırmağa cəhd etmişdi.
Amma son hadisədən sonra tərəflər arasında hələ də gərginliyin qaldığı aydın olur. Hazırda icra nümayəndəsi və bacısı kənddə yaşamır. Polis hadisə ilə bağlı araşdırma aparır.
Bu hadisələrin baş vermə səbəbi kimi əvvəlcə qeyd edilirdi ki, Lalə Cəfərovanın qayınatası Səməndər Həsənov icra nümayəndəsi olarkən Sevda Şıxıyevanın bacısı oğlu Asif Məmmədov həbs edilərək 13 il müddətinə azadlıqdan məhrum edilib. Sevda Şıxıyeva onun həbsində Səməndər Həsənovu günahkar bilib.
Amma son insidentdə xəsarət alan Pərvanə Cəfərovanın oğlu Rafael Cəfərov bildirir ki, şəhid ailəsi övladlarını itirdikləri üçün günahkar kimi icra nümayəndəsini görürlər: “Səfərbərlik elan ediləndə çağırışçıların siyahısı gəldi. Evlərə bu məlumatlar icra nümüyəndələri tərəfindən çatdırıldı. Şəhidin ailəsi də düşünür ki, onun oğlunun hərbiyə göndərilməsi üçün adını siyahıya icra nümayəndəsi yazdırıb”.