Ölkənin yeni daxili işlər naziri Vilayət Eyvazovun barəsində vətəndaş narazılığı olan polis idarə və şöbələrinin rəislərini işindən azad etməsi faktlarına tez-tez rast gəlinir.
Gununsesi.org-un xəbərinə görə, yaxın günlərdə nazirin “qələmini sındıracağı” şəxslərdən biri də BDYPİ-nin 9 saylı Gəncə İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Vüqar Məmmədyarovdur.
Belə ki, adıçəkilən şəxslə bağlı DİN-nə daxil olan çoxsaylı şikayətlərlə yanaşı həm də rəis Vüqar Məmmədyarovdan öz işçilərinin ciddi narazılığıdır.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Vüqar Məmmədyarov şöbədə çalışan Ərəsdun Həsənovun qarşısında bir sıra qanunsuz tələblər qoymuş və istəyinə nail olmayınca adıçəkilən inspektoru işlərdən kənarlaşdırmışdır.
Mənbəmizin sözlərinə görə, Gəncədə yaşayan vətəndaşların avtomobillərinə dövlət qeydiyyat nişanlarının verilməsi məhz Ərəsdun Həsənovun səlahiyyətində olub.
İndi isə bu işi rəis Eldar adlı bir yaxınına həvalə edib.
Bundan başqa şöbənin maliyyə-uçot fəaliyyətində də ciddi qanunsuzluqların ortaya çıxdığı bildirilir.
Artıq bu məsələlərin nazir Vilayət Eyvazova məruzə olunduğu və yaxın zamanlarda Vüqar Məmmədyarovla bağlı qərarın veriləcəyi deyilir.
Məsələ ilə bağlı Vüqar Məmmədyarovun mövqeyini öyrənməyə çalışsaq da buna nail ola bilmədik.
Şöbə rəisinin də bu iddialarla bağlı mövqeyini işıqlandırmağa çalışacağıq.