İ
İnsan yaşa dolduqca gələcəkdən daha çox, keçmişə, ömrünün acılı-şirinli xatirələrinə kilidlənir. Uzaqda qalmış uşaqlıq və gənclik xatırələri yada düşür. Duyğulandıran, kövrəldən bu xatırələr zaman -zaman bayram işiqları kimi yaddaşlarda yanıb- sönür və səni o uzaq və doğmalarının da səninlə birgə olduğu həmin unudulmaz illərə aparır. Orta məktəbdə oxuyarkən 5-ci sinifdən başlayaraq bütün tədbirlərə aparıcılıq etmək mənə həvalə olunmuşdu. Bu tədbirlərdə sevdiyim şerlərdən parçalar söylər və rayon təhsil şöbəsindən, “raykom”dan gələn qonaqların rəsmi və sıxıcı çıxışlarından sonra ab -havanı rəngləndirməyə çalışardım.Tezliklə məni rayon mədəniyyət evində keçirilən tədbirlərə də dəvət etməyə başladılar. Hamı elə güman edirdi ki, gələcəkdə incəsənət sahəsini seçəcəyəm. Rəhmətlik direktorumuz Yusif müəllim məni həmişə “ balaca diktor qızım “adlandırırdı. Adətən Əli Kərim, Nəbi Xəzri, Rəsul Rza, Nüsrət Kəsəmənli, Bəxtiyar Vahabzadənin şerlərini söyləməyi daha çox sevirdim. Bir dəfə Abşeron rayon Mədəniyyət evində Cəfər Cabbarlının xatirə gecəsi keçirilirdi. Məni də dəvət eləmişdilər. Tədbiri bəstəkar, xor dirijoru, aktyor, müğənni, tarzən, bir sözlə, mədəniyyət və incəsənət fədaisi Şahid Əbdülkərimov idarə edirdi. Biz mədəniyyət evinə səhər tezdən gəlmişdik və Şahid müəllim çıxış edənləri, mahnı ifa edənləri dinləyib məsləhətlərini verdi. İki saatlıq məşqdən sonra tədbir başladı.Səhnədə ölməz ədibin “Ana” şerini soyləyəndən sonra alqışlardan özümü itirdim və əllərimlə üzümü tutub səhnə arxasına qaçdım.
Şahid müəllim məni nə qədər səhnəyə qayıdıb tamaşaçılara baş əymək üçün dilə tutsa da qayıtmadım. Gurultulu alqışlar məni bərk qorxutmuşdu. O vaxt cəmi 11 yaşım var idi. Həmin vaxt rəhmətlik Arif Quliyev də səhnə arxasında idi. Artıq monoloqunu soyləyib getməyə hazırlaşırdı. Məndən soruşdu ki, sənə belə ser deməyi kim öyrədir, dərnəyə gedirsən? Dedim hec yerə getmirəm. Təkrar soruşdu ki, bəs səsini alçaldıb ucaltmağı, intonasiya ilə söyləməyi hardan öyrənmisən? Dedim Əminə Yusufqızının səsini dinləmişəm.
İllər sonra Arif Quliyevdən ilk dəfə müsahibə götürəndə bu epizodu ona xatırlatdim. Düşünürdüm ki, aradan uzun illər keçib yəqin o əhvalatı da unudub. Amma xatırladı və soruşdu ki, o balaca qız sən idin? Mən məktəbimizin kiçik səhnəsində korifey sənətkarlarımızın şerlərini söyləyəndə ağlıma da gətirməzdim ki, vaxt gələcək onlarla canlı söhbətlər edəcək, üzbəüz oturub danaşacağam. Tanınmış qəzetlərin birində işə başladığım ilk günlərin birində şöbə müdirim mənə Almaniyadan yeni qayıtmış “Vatən” cəmiyyətinin sədri Nəbi Xəzridən müsahibə almağı tapşırdı. Cəmiyyətin öfisi İstiqlaliyyət keçəsində yerləşən qədim binanın birinci mərtəbəsində yerləşirdi. Gəldiyimi katibə qıza söyləyib dəhlizdə bir az gözlədim. Məni içəri dəvət edəndə öncə otağı nəzərdən keçirdim. Böyük otaqda klassik üslubda mebellər, divarlarda rəsmlər vardı.
Şair irəli gəlib mənimlə salamlaşdı və oturmağa yer göstərdi. Jurnal masasının arxasında üzbəüz əyləşdik.Masanın üstündəki vazda iri qızılgüllər vardi. Onların içində ağ qızılgül diqqətimi xüsusilə cəlb elədi. Şair öncə suallarıma nəzər salmaq istədiyini dedi. Amma mən heç vaxt müsahibəyə hazır suallarla getmirdim. Nəbi Xəzri bunu eşidəndə gülümsəyib “ maraqlıdır” dedi. Müsahibim mənə xatırlatdi ki, yarım saat vaxtı var. Mən diktafonu yandırıb suallara başladım. Amma söhbətimiz o qədər maraqlı və səmimi keçirdi ki, artıq iki saatdan çox danışdığımızı unutmuşduq. Kasetin hər iki tərəfi dolmuş və ikinci kaset də artıq bitmək üzrə idi. Mən tanınmış şairin bu qədər səmimi və maraqlı müsahib olacağını açığı gözləmirdim. O mənə olduğu xarici ölkələrdə həmvətənlərimizlə keçirdiyi görüşlərdən, rastlaşdığı maraqlı və duyğulandıran epizodlardan, vətən həsrəti ilə qovrulan insanların faciəsindən, onların yaşam tərzindən, evlərində kiçik bir Azərbaycan guşəsi yaratmalarından, dilimizi, mətbəximizi, adətlərimizi unutmadıqlarından danışdı. Son suallarımı ona yaradıcılığı ilə bağlı verdim.
Niyə görə dənizə bu qədər şer həsr etdiyini soruşdum . “Mən Xəzəri çox sevirəm. Xarici ölkələrdə olanda onun üçün çox darıxıram. Həm də mən onun sakit, durğun halını deyil, dalğalı, xəzri ilə çarpışaraq qayalara çırpıldığı anlarını sevirəm." Zarafatyana “dənizi kimə hədiyyə etdiyini ” soruşaraq böyük “sirrini” öyrənmək istədim. Gülümsəyib sualımı cavabsız buraxdı və şerləri ilə tanış olub- olmadığımı soruşdu. Mən onun üçün “dənizi hədiyyə verirəm sənə” serini söylədim.
Dənizi hədiyyə verirəm sənə,
Mən dedim sən baxdın sən gülümsədin,
Göylərin şəfəqi düşdü üzümə,
Mən isə göyləri verirəm dedim.
Ayrıldıq qəribə hədiyyələrlə
Göylər eşqim qədər mənə əzizdir
Ayrıldıq dənizlə, ağ ləpələrlə
Necə aparasan dəniz-dənizdir
Dənizi verdim ki, sənə hədiyyə
Gəldiyim sahilə gələsən bir də...
Bu müsralara görə şairdən bir “əhsən” aldım. Məndən niyə bu istedadla incəsənət sahəsinə getmədiyimi soruşdu. Mən də gülüb “Nəbi müəllim, mən də Bakı kəndindənəm, üstəlik beş qardaşım var” dedim. Məni anladığını söylədi. Onun şerini çox gözəl soylədiyimi deyərək hədiyyə olaraq mənə gülqabındakl ən iri ağ qızülgülü bağışladı. Gorünür bu çiçəkdən xoşlandığımı anlamışdı.
Nazilə Nəriman