Ölüm həyatın soz sözü olduğu kimi, musiqi də incəsənətin son sözüdür.
H. Heyne
Belə deyirlər ki, bəşəriyyətə məlum olan bütün səslərdən ən sevimlisi musiqi səsidir. Onun zərif barmaqları ilə nota köçürdüyü nəğmələr də bu məqsədə-insanların qəlbində ülvi duyğular yaratmağa xidmət edirdi. Barmaqlar pianonun dilləri üzərində gəzişdikcə sözlər musiqidən ecazkar don geyir, hər gün yaddaşlara iz salan mahnılar doğulurdu. Musiqi onun varlığının bir parçasına çevrilmişdi. Onu bu dünyada yaşadan da məhz sevilən həzin nəğmələri idi. Bu mahnıarın hər biri onun üçün övlad qədər əziz idi.
Bir gün musiqi ilə həmahəng döyünən ürək həmişəlik susdu. Adı Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşən, dahi Üzeyirin sonuncu və ən sevimli tələbəsi Şəfiqə Axundova əbədiyyətə qovuşdu. Azərbaycan daha bir dəyərli sənətkarını itirdi.
Həyatının son illərində onunla görüşlərimiz çox olmuşdu. Söhbətləri, tarixi şəxsiyyətlər haqqında danışdığı xatirələr onu nəzərimdə olduqca maraqlı müsahibə çevirmişdi. Mehriban siması, səmimi söhbətləri insanı istər-istəməz riqqətə gətirirdi. Həyatın ona qarşı kifayət qədər amansız davranmasına , vaxtilə çox yaxşılıqlar etdiyi adamların biganə və soyuq münasibətinə rəğmən, insanlara sevgisi, güvəni sonsuz idi. Heç kimi qınamır, əksinə onu unudanlara da haqq qazandırır, "hamının işi-gücü var, bir də qocalar cavanlar üçün maraqlı deyil, onların öz aləmi var" deyirdi.
Sadə insan idi. Təvazökarlığı ilə əksər sənət adamlarından fərqlənirdi. Təmənnasızlığı, gözütoxluğu onu sevdirən əsas cəhətlərindən idi. Görüşlərimizin birində hansı mahnısını daha çox bəyəndiyini soruşdum. Dedi ki, mahnılarımın hamısı mənə əzizdir, amma "nədən oldu" qəlbimə daha yaxındır. Bəstəkar gənclik illərindən söz açmağı sevirdi. Görünür ömrün geridə qalan bu çağları ona kövrək və unudulmaz xatirələrlə daha əziz idi.
O xatirələr ki, çoxdan ötüb keçmiş xöşbəxt anların işartıları kimi yaddaşında yanıb sönürdü. Hafizəsi çox zəifləmişdi. Sapı qırılmış inci düzümü kimi qırıq-qırıq epizodlarda xatırlanan hekayələrdə çox adamın adı keçirdi-bəstəkarlar, rəssamlar, şairlər, yazarlar, film aktyorları, səhnə qəhrəmanları...Onların arasında bir ad hər dəfə çəkilərkən Şəfiqə xanımın siması təbəssümlə işıqlanırdı. Üzeyir Hacıbəyov onun yaddaşında xeyirxah, nəcib bir insan kimi həmişə canlıydı. Dahi bəstəkarın tələbələri arasında yaşca ən kiçiyi Şəfiqə olub. Onların arasında tələbə -müəllimdən daha çox ata-bala münasibətləri öndə gəlib. Şəfiqə xanım ata evində keçirdiyi qayğısız uşaqlıq çağlarından , anasınının son dərəcə sərt və ciddi qadın olmasından, qohumlardan, böyük bacısının onun həyatında oynadığı əvəzsiz roldan söz açarkən, ona fədakarlıqla qulluq edən kiçik bacısı Rəfiqə xanım söhbətimizin uzun sürməsindən təəccübləndi.
Adətən onun jurnalistlərlə geniş danışmadığnı, söhbətlərdən yorulduğunu dedi. Halbuki mənimlə danışmağa başlayandan bəri iki saat ərzində çox xatirələrə işıq salmış, yorulduğunu biruzə verməmişdi. Bacısı bildirdi ki, Şəfiqə xanım qonaqların gəlişinə hər zaman çox sevinir. Onları heç olmasa çaya qonaq etmədən evindən buraxmır.
Ağrı-acılarını heç kimə bildirməmək üçün də üzündən təbəssümü əskik etmir. Övlad acısını isə içində çəkirdi. Ondan bu itkini uzun zaman gizlətmişdilər. Amma ana ürəyi oğlunun faciəli ölümünü hiss etmişdi.
Bu gün əvəzsiz sənətkarın ölümündən 9 il ötür. Deyirlər evəzedilməz adam yoxdur. Məncə kökündən yalnış fikirdir. Dünyaya gəlib bu həyatda silinməz izlər buraxan hər kəs əvəzedilməzdir, itkisinin yeri dolmayan şəxsiyyətdir. Eynilə Şəfiqə Axundova kimi.... Şəfiqə xanımın heç vaxt unudulmayacağını, mahnılarında yaşayacağını əminliklə ifadə edərək ona Allahdan rəhmət diləyirəm. Qəbri nurla dolsun, Amin!