“Sputnik Azərbaycan”dan öz ərizəsi ilə işindən ayrılan dörd redaktordan biri – Gülzar Mustafayeva artıq fəaliyyətini “CBC” telekanalında davam etdirəcək. Bu barədə KONKRET.az-a Gülzar Mustafayeva özü məlumat verib:
“Mən daha əvvəl də “CBC”də 5 il fəaliyyət göstərmişəm. Lakin buradan ayrıldıqdan sonra “Sputnik Azərbaycan”da işə düzəlmişdim. Hazırda isə öz doğma yerimə yenidən qayıtdım”.
Gülzar Mustafayeva “Sputnik Azərbaycan”da yaranan vəziyyətin “CBC”də heç zaman təkrarlanmayacağını əminliklə bildirib və özünü yeni işində daha rahat hiss etdiyini vurğulayıb.
“Sputnik Azərbaycan”da baş verənlərə gəlincə isə, Gülzar Mustafayeva bu haqda kifayət qədər danışıldığını qeyd edib: “Artıq “Sputnik”lə yollarımız tamamilə ayrılıb. Bundan sonra “Sputnik”in apardığı siyasətlə mənim və digər işindən ayrılan həmkarlarımın heç bir aidiyyatı yoxdur. Belə bir addım atdığım üçün qətiyyən peşman deyiləm”.
Qeyd edək ki, Gülzar Mustafayeva “CBC”də də redaktor kimi fəaliyyət göstərəcəyini deyib.
Xatırladaq ki, Azərbaycanın “Qisas” əməliyyatı zamanı Rusiya Müdafiə Nazirliyinin “Azərbaycan atəşkəsi pozub” məlumatını saytda verməkdən imtina edən redaktorlara “Sputnik Azərbaycan”ın Azərbaycan bölməsinin baş redaktoru Vitali Denisov “Bunu yayımlamalıyıq”, – deyə sərt şəkildə cavab verib. Bu səbəbdən də səhəri gün redaktorlar öz ərizələri ilə işdən ayrılıblar.
KONKRET.az