Bu gün dünyada “Rusiyanın təsir imkanları” deyiləndə ilk ağla gələn RT beynəlxalq televiziya kanalı və Sputnik şəbəkəsi olur. Məsələ o yerə çatıb ki, artıq hamı onları sadəcə xəbər resursu kimi deyil, məhz Rusiyanın təbliğat ruporu kimi qəbul edir. Ayrı-ayrı ölkələrdə bu məsələ vaxtaşırı gündəmə gəlir, “Sputnik”in ziyanlı təsiri müzakirə olunur və çox vaxt məsələ qadağalarla, saytın bloklanması ilə yekunlaşır.
Məsələn, 2016-cı ildə Avropa Parlamenti üçüncü tərəflərin təbliğatına qarşı mübarizə haqda qətnamə qəbul etdi. Sənəddə RT və “Sputnik”in adı xüsusilə qabarıq çəkilirdi. Ötən il Almaniyanın Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsi, başqa sözlə desək, əks-kəşfiyyatı dərc etdiyi hesabatda bildirdi ki, RT və “Sputnik” Rusiyanın xaricdəki əsas təsir alətləridirlər. Onların vasitəsilə Moskva həm efirdə, həm mediada, həm də sosial şəbəkələrdə özünə lazım olan ideologiyanı və dezinformasiyaları yayır.
Amerikada “Sputnik”in fəaliyyətilə bağlı araşdırma aparılandan və onun əməkdaşı Endryü Faynberq FBI-da dindiriləndən sonra bu media orqanı ölkə ərazisində xarici agent kimi qeydiyyata alınaraq, fəaliyyəti xeyli məhdudlaşdırıldı.
Fransa prezidenti Emmanuel Makron “Sputnik”i “təsir və təbliğat orqanı”, Britaniyanın “The Economist” nəşri “propaqanda vasitəsi”, İsveçin Dövlət Təhükəsizlik Xidməti “dezinformasiya və saxta xəbər yayımçısı” adlandırıb. Pribaltika ölkələri, Türkiyə, Çin tez-tez bu agentliyin öz ərazilərində fəaliyyətini bloklayırlar.
Göründüyü kimi, 2014-cü ildə yaradılmasına baxmayaraq, cəmi 6 ilə “Sputnik” az qala bütün dünyanı narahat etməyi və özünə qarşı kökləməyi bacarıb. Belə qısa müddətdə bu cür “şöhrət” qazanmaq, onlarla ölkəni özündən narazı salmaq asan iş deyil, bunun üçün xüsusi çalışmaq lazım idi. “Sputnik” də çalışıb – kobud metodlarla, saymazyana. Olduğu ölkələrin maraqlarına açıq-aşkar zidd informasiya siyasəti yürütməklə özünü diskreditasiya edib və sadəcə xəbər agentliyi olmadığını isbatlayıb.
"Qafqazinfo" xəbər verir ki, bu şəbəkənin Azərbaycan qanadının da fəaliyyəti hər zaman ciddi suallar və qınaq doğurub. Ötən ilin fevralında “Sputnik-Azərbaycan”ın baş redaktoru Mətin Yaşaroğlu qalmaqallı şəkildə işdən çıxarıldı. Qısa vaxtdan sonra bəlli oldu ki, buna səbəb onun Qarabağ məsələsində “Sputnik” şəbəkəsinin rəhbəri Marqarita Simonyanın yürütdüyü xəttlə razılaşmamasıdır. Mətin Yaşaroğlundan tələb olunurmuş ki, Qarabağ məsələsilə bağlı Azərbaycanın mövqeyinə uyğun heç bir yazı dərc olunmasın. O, işdən çıxarılandan sonra verdiyi müsahibədə də buna açıq şəkildə işarə vurmuşdu: “...Bu qədər cəlbedici işdən imtina etməyimin özüm üçün müəyyən etdiyim başlıca bir səbəbi var: bir azərbaycanlı jurnalist kimi Qarabağ münaqişəsi ilə bağlı öhdəmə düşən işin, yəni mövqe ifadə edən yazıların dərcində iştirakımın sıfıra endirilməsi faktı ilə üz-üzə qalmağım”.
Təbii ki, Rusiyanın əsas təbliğat ruporuna başçılıq etsə də, erməni olduğunu heç vaxt unutmayan Marqarita Simonyanın başçılıq etdiyi media orqanında belə vəziyyətin hökm sürməsinə təəccüblənməyə dəyməz. Maraqlı olan Azərbaycanın media məkanında bu xəttin necə özünə yer tapmasıdır. Simonyan özünün erməni xəttini Sputnik-Azərbaycanın daxilində də davam etdirir: İddia olunur ki, saytın rəhbəri Əziz Əliyevin də anası ermənidir. Ona görə, qəribə deyil ki, “Sputnik”in Ermənistan versiyası yerləşdiyi ölkənin maraqlarını, o cümlədən, Qarabağla bağlı siyasətini geniş nəzərə aldığı halda, Azərbaycan redaksiyasına nəinki bu imkan yaradılmayıb, hətta açıq şəkildə əngəl törədilib, törədilməkdə də davam edir. Hər şeyi qırağa qoysaq, təkcə 2016-cı ilin aprel döyüşlərinin “Sputnik”in Azərbaycan və erməni versiyalarında necə işıqlandırıldığına, döyüşlər gedən zaman M.Simonyanın digər erməni media-maqnatı, “life.ru” saytının o vaxtkı sahibi Aram Qabrielyanla yazışmasına baxmaqla buna asanlıqla əmin olmaq mümkündür.
“Sputnik”in Güney Qafqazın 3 ölkəsində olan regional bürolarının fəaliyyətini müqayisəli təhlil edən xarici ekspertlər maraqlı bir məqama diqqəti yönəldirlər. Bu redaksiyaların hər üçü müxtəlif dezinformasiyalar yayırlar, amma baxır, hansı məhz necə... Yəni, rollar bölünüb. Məsələn, “Sputnik”in Gürcüstan və Ermənistan büroları koronavirusun süni yolla yaradılmış bioloji silah olduğunu iddia edəndə, Azərbaycan redaksiyası yazırdı ki, Amerika Birləşmiş Ştatları Kalininqrada hərbi müdaxilə planı üzərində işləyir. Göründüyü kimi, daha təhlükəli informasiya təxribatı məhz “Sputnik-Azərbaycan”ın əli ilə həyata keçirilir ki, Gürcüstan və Ermənistanın yox, məhz Azərbaycanın ABŞ ilə münasibətləri korlansın. Bu, ölkənin xarici siyasətinə qarşı açıq-aşkar sabotaj cəhdidir.
Bəs necə olub ki, bütün bu müddət ərzində Qarabağ kimi həssas məsələ də daxil olmaqla, bir sıra istiqamətlərdə açıq-aşkar Azərbaycanın əleyhinə fəaliyyət göstərən “Sputnik”in yerli redaksiyasına geniş imkanlar yaradılıb? Bunun səbəbini Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun həmin agentliyin yerli filialına birbaşa hamilik etməsində axtarmaq lazımdır. Məhz Həsənovun çətirinin altında “Sputnik-Azərbaycan” özünü ölkədə çox rahat hiss edib, başqa dövlətlərdə sərt tənqid edildiyi vaxtlarda bizdə hətta akkreditasiyasız fəaliyyət göstərib! Redaksiyanın ofisi də əslində Azərbaycan nəşriyyatına məxsus olan, amma Əli Həsənovun qanunsuz özününküləşdirdiyi Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binasında yerləşir. Hazırda BMM-ə Əli Həsənovun oğlu Şamxal Həsənov rəhbərlik edir.
Göründüyü kimi, yerli media ilə bağlı qanunsuz və yaramaz əməlləri azmış kimi, Əli Həsənov xarici agentliyin də ölkədə rahat şəkildə fəaliyyət göstərməsinə və bu zaman Azərbaycanın maraqlarını arxa plana atmasına imkan yaradıb. Bunu nəyin müqabilində etdiyini başa düşmək çətin deyil.
Hazırda yerli media yavaş-yavaş Həsənovun əshabələrindən, qalıqlarından, səhvlərindən və günahlarından təmizlənməkdədir. Amma bu təmizlənmə təkcə yerli mediaya aid olmamalıdır. Sputnik-Azərbaycanın fəaliyyətini də ciddi qiymətləndirməyə, lazımdırsa, dünyanın əksər ölkələrinin etdiyi kimi, tədbirlər görməyə ehtiyac var və bunun vaxtı çatıb.