Ukraynaya qarşı hərbi təcavüz həyata keçirən Rusiyanın təbliğat maşını sadə düşüncələri olan insanları aldatmaqla, elan olunmamış müharibəyə haqq qazandırmaqla məşğuldur. Belə çıxır ki, Rusiya ordusu xarici dövlətin ərazisində “Donbass əhalisinə qarşı terror aktı törədən terrorçulara və hərbi cinayətkarlara” qarşı müharibə aparır.
Bu məntiqə görə, Rusiyanın Ukraynaya təcavüzü, dinc sakinlərin öldürülməsi, mülki infrastrukturun dağıdılması Rusiya təbliğatı tərəfindən Ukrayna hakimiyyətinin öz xalqına qarşı “terroruna” cavab kimi təqdim olunur. Bu baxımdan Kremlin nəzarətində olan xəbər agentlikləri bu tezisi gecə-gündüz yaymaqla, Ukraynaya qarşı hərbi təcavüzə haqq qazandırmaqla məşğuldur.
Bu prosesdə “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinə daxil olan, baş redaktoru ukraynalı və azərbaycanlı oxucular tərəfindən yaxşı tanınan, erməni mənşəli Marqarita Simonyan olan “Sputnuk” informasiya agentliyinin fəaliyyəti xüsusi diqqətə layiqdir.
“Sputnik” uzun müddətdir ki, Kreml təbliğatının bədnam ruporu imicini qazanıb. Söhbət çoxsaylı beynəlxalq qalmaqallardan və müxtəlif ölkələrdə bu nəşrin bloklanmasından, habelə 2016-cı ildə Avropa Parlamentinin “Sputnik”in “Russia Today” ilə birlikdə Avropa İttifaqına və tərəfdarlarına informasiya təhlükəsi kimi tanındığı qətnamənin qəbul edilməsindən gedir.
İndi isə Ukraynaya qarşı hərbi təcavüzün qızğın vaxtında “Sputnik” informasiya müharibəsi çarxını tam gücü ilə fırladır, Kremlin qonşu ölkəyə qarşı hərəkətlərinə haqq qazandırır. Eyni zamanda, bu xətt Rusiyaya qonşu ölkələrdə fəaliyyət göstərən “Sputnik” filiallarına da gəlib çatıb.
Kəskin və davamlı anti-Ukrayna təbliğatı “Sputnik”in Moldova redaksiyasının fevralın 26-dan saytının, martın 7-dən isə radio yayımının bloklanması barədə yerli hakimiyyət orqanlarından bildiriş almasına səbəb olub. Bununla bağlı “Sputnik”in baş ofisi bəyan edib ki, “Sputnik Moldova” saytlarının bloklanması və radio yayımının dayandırılması Moldova hakimiyyətinin senzura aktı və söz azadlığının pozulmasıdır. Belə olan halda “Sputnik”in “Roskomnadzor”un rusiyalı jurnalistlərin Ukraynadakı “xüsusi əməliyyatı” işğal, hücum və müharibə adlandırmasına qadağa qoymasına münasibət bildirməsi daha yaxşı olardı.
Anti-Ukrayna təbliğatına görə Çexiya hakimiyyəti də ölkəsindəki “Sputnik” redaksiyasının saytını bloklamaq niyyətindədir. “Google” Rusiya dövləti tərəfindən maliyyələşdirilən KİV-lərin monetizasiyasını dayandırıb və onların öz resurslarında reklam yerləşdirməsini qadağan edib. Analoji tədbirlərin tətbiqi barədə “Facebook” sosial şəbəkəsi də məlumat yayıb.
Bu arada, müharibə başlayandan bəri “Sputnik Azərbaycan”ın saytında Ukrayna dövlətçiliyini gözdən salmaq və sarsıtmaq məqsədi daşıyan bir neçə material dərc edilib.
Xüsusilə “Sputnik”in Ermənistan bölməsinin Azərbaycan-Rusiya və Türkiyə-Rusiya əlaqələrinin dərinləşməsinin zərərinə açıq anti-Azərbaycan və anti-Türkiyə təbliğatı aparması fonunda, əvvəllər də “Sputnik Azərbaycan”ın fəaliyyəti çoxsaylı suallar doğururdu.
Bu, daha çox ondan irəli gəlir ki, yuxarıda adı çəkilən Marqarita Simonyan erməni əsilli olması və qərəzli olması səbəbindən, erməni lobbisinin maliyyəsi ilə ruhlanaraq, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi daşıyan fəaliyyətlər həyata keçirir. Onun təxribat mahiyyəti bir neçə gün əvvəl Moskvada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya mətbuatının rəhbərləri ilə söhbətində bir daha aydın göründü. Ukraynalıların adlandırdığı kimi “qunduz yeyən” Simonyanı yalnız bir sual maraqlandırırdı: “Erməniləri niyə Azərbaycana buraxmırlar?”. Və o, Azərbaycan rəhbərindən tutarlı cavabını aldı.
Ukraynaya qarşı hərbi təcavüz başlayandan isə onun rəhbərlik etdiyi “Sputnik” agentliyi, o cümlədən Azərbaycan bölməsi sistemli şəkildə anti-Ukrayna təbliğatı ilə məşğuldur. Və bu, Azərbaycan Prezidentinin Ukraynaya son səfəri fonunda baş verir. Bu səfər hər iki ölkə liderlərinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstək verməyə, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində hibrid təhdidlərə qarşı birgə mübarizə, Qara dəniz-Xəzər dənizi regionunda və onun hüdudlarından kənarda sülh və sabitliyi təmin etmək istəyini ehtiva edən Birgə Bəyannamənin imzalanması ilə yekunlaşmışdı.
İndi isə Azərbaycan ərazisində fəaliyyət göstərən “Sputnik Azərbaycan” saytı Ukrayna hakimiyyətini “terrorçu” və “neonasist” adlandırır!
İlham Əliyevin Moskvaya səfəri zamanı “Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə”nin imzalanmasına baxmayaraq, bu fakt o demək deyil ki, ölkəmiz Ukraynaya qarşı müharibədə Rusiyanın tərəfini tutur. Azərbaycanın özünün müstəqil xarici siyasəti var və “Sputnik Azərbaycan” “qırmızı xətlər”i keçmədən yerli reallıqları nəzərə almalıdır. //AYNA//