Axtarış...

Azərbaycanın göbəyində ibtidai şərtlər... - Di gəl yaşa...

Azərbaycanın göbəyində ibtidai şərtlər... - Di gəl yaşa...


Ağdaşın Xınaxlı kəndi rayon mərkəzindən uzaqda, Kotavan kənd inzibati ərazi vahidində yerləşir. 500-dən çox əhalisi olan kəndin telefon xətti, interneti və suyu yoxdur. Kənddə cəmi 2 artezian quyusu var, üçüncü quyunun qazıntısı ilə bağlı işlər isə ləng gedir.

Kənd sakinlərinin Meydan TV-yə ünvanladıqları şikayətdə belə deyilir.

Xınaxlı kəndi ağdaşlıların müqəddəs hesab etdikləri Veyis baba piri ilə tanınır. Hər ay pirə yüzlərlə ziyarətçi gəlir. Kənd sakinlərinin sözlərinə görə, illərlə edilən şikayətlərdən sonra kəndə gələn torpaq yol düzəldilib. Ancaq digər problemləri olduğu kimi qalır.

Kənd sakini Xanım deyir, artesian quyularından su o qədər zəif gəlir ki, iki-üç qab doldurmaq üçün kəndin içində saatlarla növbə yaranır:

“Xüsusilə yay aylarında çətinlik çəkirik. Təsəvvür edin, günün yarısını artezianın başında keçiririk. İllərdir həsrətlə üçüncü quyunun qazılmasını gözləyirik”.

Xınaxlılar illərdir telefon xətti, internet çəkdirmək üçün əlaqədar qurumlara qalaq-qalaq məktublar yazdıqlarını deyirlər. Ötən il Meydan TV də bu müraciəti dərc edib

Sakinlər deyirlər ki, problemləri işıqlandırıldıqdan sonra onlara vəd verilib, ancaq illər bir-birini əvəzləsə də, nəticəsini görmürlər. Halbuki cəmi 5-6 kilometr uzaqlıqda yerləşən Kotavan kəndində telefon da, internet də var.

Xınaxlıdan olan Seymur Əliyev deyir ki, ailəsi ilə əlaqə saxlamaq üçün valideynlərinin telefonuna hər ay 20-30 manatlıq kontur yükləyir. Çünki yaşlıdırlar, xəstələnəndə yardıma qonşunu, yaxud təcili yardım çağıra bilmirlər. Aran bölgəsi olduğundan yayda həddindən artıq isti, qışda soyuq olur, gündüz heç kim evdən çölə çıxmır.

Sakinlər deyirlər ki, kənd camaatının dolanışığı heyvandarlıqdan çıxır. Su olmadığından əkin- biçinlə məşğul ola bilmirlər. Bu il yağıntı az olduğundan əkin sahələri yanıb, məsələn, yoncanın məhsuldarlığı dəfələrlə azalıb.

Kənddə 40 şagirdlik modul tipli məktəb tikilib. Gənclərin çoxu şəraitsizlikdən başqa yerlərdə iş axtarmağa məcburdular. Hava şəraiti pisləşəndə mobil şəbəkə də itir.

Ağdaş Rayon İcra Hakimiyyətindən bildiriblər ki, su çatışmazlığı bütün bölgələrdə var, əlaqədar qurumlar səfərbər olub, maksimum tədbirlər görülür. Ancaq icra hakimiyyəti telefon xətti və internet çəkilişi ilə məşğul olmur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb. //Meydan TV//
Text-to-Speech

DİNLƏ






Şərh yaz