Axtarış...

"Turizm cənnəti" Qəbələdə CƏHƏNNƏM AB-HAVASI... - FOTOFAKT

"Turizm cənnəti" Qəbələdə CƏHƏNNƏM AB-HAVASI... - FOTOFAKT
Azərbaycanda turizm deyəndə ağla qeyd-şərtsiz Qəbələ gəlir. Təbiəti, mətbəxi, naz-nemətləri ilə insanları valeh edən bölgədə lap bənzədiyi Monakonun knyazlarını heyrətə salacaq qədər pul qazanmaq olar. Di gəl ki, hər şey Qəbələnin "üçqulaq" paxlavası kimi asan deyil. Buranın elə kəndləri var ki, oraya gedib çatınca nəinki bütün pulun, az qala canın çıxır.

Sputnik Azərbaycan bildirir ki, Qəbələnin Bayramkoxa kəndi rayon mərkəzindən 25 km aralıda, kəndlərin arasında yerləşir. Oraya getmək üçün hava limanı istiqamətinə bir neçə km asfalt yolu avtomobillə qət edib Hacallı kəndinin tuşunda dayanmaq lazımdır. Burada ciyərləri hava ilə doldurub üzü "keçmişə" dönürsən: irili-xırdalı daşlarla dolu, iki yüz ilə kimi tarixi olan dədə-baba yolu özü aparıb çıxaracaq Bayramkoxaya.

Təqribən 40-45 dəqiqədən sonra kənd mərkəzinə çatmaq mümkündür. Bayramkoxa kəndinin çox səfalı havası, heyvandarlıq üçün əlverişli şəraiti var. Kənd sakinləri heyvandarlıq və əkinçiliklə məşğuldurlar. Möhtəşəm təbiətə malik olan bu kəndi Dəmiraparan çayi iki hissəyə bölür. Kəndə aid olan əkin sahələrinin 70 faizindən çoxu da çayın digər tayındadır. Vay o günə ki körpü işləməsin...

Kənd əhlinin sayı 1300-dən bir az artıqdır, burada 270-dən çox təsərrüfat mövcuddur. Bizi kəndə gətirən "yol", kənd sakinlərinin sözlərinə görə, sonuncu dəfə 1985-ci ildə asfalt üzü görüb. Kənd sakini Osman Həsənov artıq şikayətlənməkdən də bezdiklərini deyir: "Hətta təcili tibbi yardıma zəng edəndə bizim kənd camaatı kimi, onlar da çıxılmaz vəziyyətdə qalırlar. Hərdən ağır vəziyyətdə olan xəstəni xəstəxanaya çatdırmağa çətinlik çəkirik. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Bizə problemin yaxın zamanlarda həll olunacağını bildiriblər. Amma yenə də heç kimdən səs yoxdur".

Kənd icra nümayəndəsi Şahin Abbasov da elə sakinlərlə bir dərddədir. Onun dediyinə görə, əsas yol bir yana, kəndi iki hissəyə ayıran körpü də başqa bir problemdir: "Bir neçə kəndin bir qəbristanlığı var və o da bizim kənddə yerləşir. Hamı eyni körpüdən istifadə edir. Təsəvvür edin ki, bir az güclü yağış yağdı, sel gəldisə - körpü yoxdur. Hamı pis vəziyyətdə qalır, nə xeyrə, nə də şərə gedə bilirik. Çıxılmaz, dözülməz bir vəziyyət alınır.

Hazırda da vəziyyəti heç də ürəkaçan deyil, taxtadan hazırlanmış körpüdən istifadə hər an təhlükə saçır və qəzasız-bəlasız körpünü keçən hamı dua edir".

Körpüdən keçməyib evdə oturmaq isə mümkün deyil, çünki əkin sahələri çayın o biri üzündədir. Kənd icra nümayəndəsi onu da bildirdi ki, keçilməz vəziyyətdə olan bu yoldan ümumilikdə dörd mindən artıq insan istifadə edir və yol beş kəndi bir-biri ilə birləşdirən yeganə vasitədir. Sakinlər müxtəlif ünvanlara məktublar göndərsələr də gələn cavablar ürəkaçan olmayıb. Bayramkoxa kənd sakinləri səbirsizliklə problemlərinin tezliklə həll olunacağını gözləyirlər.

Şahin Abbasov rayon icra hakimiyyətinə yol və körpünün durumu ilə bağlı məlumat verdiyini deyib və oradan problemin yaxın zamanlarda həll olunacağı, aidiyyatı qurumlara müraciət olunduğu bildirilib.


Text-to-Speech

DİNLƏ






Şərh yaz