Axtarış...

Masallıda 20 min insan susuz qalıb - “Deyirlər gedin, dua edin, yağış yağsın”

Masallıda 20 min insan susuz qalıb - “Deyirlər gedin, dua edin, yağış yağsın”

“İçməli suyu çəltik sahələrinə verirlər”

Masallı rayonunun Hacıtəpə, Xırmandalı, Ərəb, Həsənli və digər kəndləri artıq 1 həftədir ki, susuz qalıb. Rayon Ağsaqqallar Şurasının üzvü, Hacıtəpə kənd sakini Həşim Abıyev Cebhe.info-ya açıqlamasında artıq bir həftədir ki, kəndə suyun verilmədiyini deyib. H.Abıyev deyir ki, kəndlərə kanal vasitəsilə gələn suyu rayon ərazisində əkilən çəltik sahələrinə yönəldiblər, içməli suyu isə pulla alırıq. Şikayətçinin dediyinə görə hazırda rayonun şimal kəndlərində mal-qara, əhalinin əkin sahələri susuz qalıb, kanallar isə quruyub.

“Mal-qara artıq qızdırma xəstəliyinə tutulub”

“Bir həftədir Masallıda su yoxdur. Bizim zonada yerdən duzlu su çıxır. O qədər duzlu olur ki, əl vurmaq belə mümkün deyil. Ona görə də içməli suyu satın alırıq. Suyun qiyməti isə tonundan asılı olaraq 15-25 manat arasında dəyişir. Bundan başqa 1 həftədir əraziyə gələn kanala su verilmir. Heyvanlar susuzdur, əkin sahələrini suvara bilmirik. Xırmandalı, Həsənli kəndi ərazisindən kanal qazırdılar, elə bildik kəndə su çəkirlər, sevindik. Amma sonra məlum oldu ki, Sovet dövründən qalan boruları çıxarıb satırmışlar. Kimlər edir bunu bilmirik. İcra hakimiyyətinin də kənddə olan vəziyyətdən xəbəri var. Hazırda 20 min əhali və 10 minlərlə mal-qara susuzluqdan əziyyət çəkir. Buna bir çarə tapsınlar. Heç olmasa su çənlərini doldurmaq üçün bizə su versinlər. Mal-qara artıq qızdırma xəstəliyinə tutulub. Qalmışıq belə çətin vəziyyətdə. Deyirlər ki, rayon ərazisində çəltik sahələri əkilib, suyu ora verirlər. Bu çəltik sahələri isə suya düşəcək avqustun sonların yaxın, ancaq o zaman kəndlərə su veriləcək. Bizim kəndlər Masallı rayonun şimal hissəsində yerləşir. Bu yerlər aran yerlərdir. Kənddən keçən su kanalını ayaqla keçmək olur, çünki qurudur. Ümidimiz bircə yağışa qalıb, dua edirik ki, yağış tez yağsın”, -deyə Həşim Abıyev bildirib.

“Quraqlıqdan çox ciddi xəstəliklər yaranır”

Şikayətçi qeyd edib ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli şöbəsinə müraciət ediblər. Ancaq ordan deyiblər ki, su olmayacaq: “Bizə deyirlər ki, gedin, dua edin, yağış yağsın. Mən pensiyaçı adamam, eybi yox, maşınlar gətirib su satsınlar, razıyam, pensiyamı verib su alım. Su yoxdursa, həyat yoxdur. Quraqlıqdan çox ciddi xəstəliklər yaranır”.

“O qədər müraciət etdik, bir artezian quyusu qazmadılar”

Həşim Abıyev İcra hakimiyyətinin də məsələdən xəbərdar olduğunu bildirib: “Məktublar bu gün də məndədir. O qədər müraciət etdik, ancaq Hacıtəpə kəndində bir dənə də artezian quyusu qazmadılar. O zaman icra başçısının müavini olan (Hazırda Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəis müavinidir – müəl.) İsa Nuriyev məktuba cavab verdi ki, növbəti il sizə su çəkiləcək. Amma növbəti ildən artıq 10 il keçib. Amma heç nə eləmədilər. 2012-ci ildə İcra hakimiyyətinin başçısı yolun açılışına gələndə dedi ki, birinci suyu bu kəndə çəkəcəyik. Amma o da eləmədi. Hamısı yalan vədlərdi”.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında su probleminin kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün problem yaradacağını deyib: “Hazırda ilin ən isti və quraq dövrüdür. Avqust ayı həm də kənd təsərrüfatı bitkilərinin suya ən çox ehtiyac duyduğu dövr sayılır. Suvarma ilə bağlı problemlərin yaşanması son nəticədə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Dəmyə əkin yerlərində suya olan ehtiyac sırf təbii amillərdən, yəni havaların yağıntılı keçməsindən, havada rütubətin səviyyəsindən asılıdır. Suvarılan ərazilərdə isə suya olan ehtiyac irriqasiya sistemləri hesabına həyata keçirilir. Bu baxımdan əkin yerlərinin susuz qalması təbii ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün müəyyən problemlər yaradır”.

Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-dən və “Azərsu” ASC-dən münasibət öyrənə bilmədik.
Text-to-Speech

DİNLƏ






Şərh yaz