Axtarış...

Lerikdə bu kəndi HAMI UNUDUB... - Görünəni budur...

Lerikdə bu kəndi HAMI UNUDUB... - Görünəni budur...

"Kəndimizi Şinəbənd, Nuravud və Zərdəbərə kəndlərini birləşdirən müasir yolla cəmi 3 kilometrlik məsafə ayırır. Bu 3 kilometrlik yol o qədər bərbaddır ki, kəndimizə nə qonaq-qara gəlir, nə təcili yardım… Bərbad yol həm Kekonu kəndini, həm də bizim kəndimizi sivilizasiyadan, inkişafdan kənarda qoyub”.

Lerikin Sorsçay kənd sakinləri Meydan TV-yə kəndi rayonla birləşən yeganə yolun bərbadlığından şikayətləniblər.

Onların deməsinə görə, bir neçə il əvvəl qonşu kəndləri birləşdirən yollar təmir olunanda, bu yollarla həmin kəndləri birləşdirən, cəmi 2 kilometr aralıda yerləşən Kekonuyla Sorsçayın yolları "yaddan çıxıb”.

"Açıq dedilər ki, siz yaddan çıxmısız”

Kənd sakinlərinin sözlərinə görə, qonşu kəndlərin yollarının təmirindən sonra onlara elə beləcə də deyilib: "Bizim yollara dəymədilər, biz də icra nümayəndəliyinə, aidiyyəti qurumlara müraciət etdik, açıq dedilər ki, sizin yolu layihəyə salmaq yadımızdan çıxıb, gələcəkdə təmir olunacaq. 3 kilometr aralıdakı yolları təmir edəndə guya həmin yoldan ayrılan bu boyda yolu gözləri görməyib”.

Kənd sakinləri deyir ki, əsasən payız və qış aylarında əziyyət çəkirlər. Kəndin yolları keçilməz olur. Yağışlı günlərdə Kekonu və Sorsçay kəndlərinə minik avtomobilləri ilə gedib-gəlmək olmur.

"Savadsızlıq baş alıb gedir”

Kənddə problem bununla bitmir. Məktəb 4 illikdir. 4-cü sinifi bitirən məktəblilər qonşu kəndlərə üz tutmalı olurlar. Ancaq qış aylarında gediş-gəliş çətinləşdiyindən çoxu uşağını məktəbə göndərə bilmir: "Qonşu kəndlərdəki məktəblə aramızda 6-7 kilometr məsafə olduğundan uşaqların məktəbə davamiyyəti zəifləyir. Çoxununsa sadəcə adı məktəbdə gedir, özü evdə qalır. Bu səbəbdən də kəndimizdə savadsızlıq baş alıb gedir. Çünki bundan əvvəlki nəsillər də eyni problemləri yaşayıb və hazırda kəndlilərin çoxu heç öz adını da yaza bilmir. Bu isə əsl faciədir”, – adının açıqlanmasını istəməyən kənd sakini Meydan TV-yə deyib.

"Əlimizə talon verib deyirlər, gedin çör-çöp yığın”

Kənddəki əsas problemlərdən biri də qazla bağlıdır. Qonşu kəndlərə qaz xətti çəkilsə də, sorsçaylılar hələ odun ümidinə yaşayırlar: "Sovet vaxtından qaz xətti olmayıb. Son illərdə qaz xəttini qonşu kəndlərə qədər çəkib gətiriblər, ancaq bizə deyirlər, hələ gözləyin. Bir sözlə, qaz xətti dağları, meşələri aşaraq qonşu kəndlərə gəlib çıxıb, ancaq hazırda relyef baxımından qonşu kənddən xətt çəkmək üçün heç bir çətinlik olmadığı halda, bizi incidirlər”, – kənd sakinləri deyir.

Onların sözlərinə görə, odun tapmaq ilbəil çətinləşir. Əvvəllər gedib meşədən rahat şəkildə odun gətirmək mümkün idisə, son 2-3 ildir ki, yaş oduna icazə verilmir, quru odunsa tapmaq olmur: "Eşşək arabasıyla meşəyə gedən kəndli çox vaxt əliboş qayıdır. Quru odun deyəndə – meşələrdəki qurumuş çır-çırpını nəzərdə tuturuq. Deyirlər, yalnız çır-çırpı yığa bilərsiz. Əlbəttə ki, biz də yaş ağacların kəsilməsini istəmirik. Qanun-qaydayla Meşə Təsərrəfatı İdarəsinın odun bazası olmalıdır, kəndlilər ordan odun götürməlidilər. Bizdə isə belə bir anbar yoxdur. Kəndliyə odun əvəzinə talon verilir və deyilir ki, get meşədən çırpı yığ, başını saxla. Hazırda odunun 1 kubmetri 13-14 manatdır, Ailələrdə aylıq 40-50, bəzən 60 kubmetr odun sərfiyyatı var. Ancaq bu odunu bizə vermirlər, gedib meşədə günlərlə çör-çöp axtarmalı oluruq. Hesabatlarda isə utanmazcasına yekə-yekə qeyd edirlər ki, guya əhaliyə odun paylanıb, hamıya odun çatıb”.

"Külək əsəndə işıq dirəkləri aşır”

Kənddəki işıq dirəkləri ötən əsrin 60-cı illərindən qalıb. Taxtadan olan dirəklər istismar müddətini çoxdan başa vurub, ancaq heç biri yenisiylə əvəzlənməyib. Külək bu dirəkləri tez-tez aşırdır, yüksək cərəyan keçən naqillər ayaq altında qalır ki, bu da insanların həyatına təhlükə yaradır.

Kənddə rabitə məsələsi də müşküldür. Nə stasionar telefon xətti var, nə də internet…

"Yol, qaz problemi yaxın vaxtlarda həllini tapacaq”

Lerik Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Şorsçayın yol, qaz çəkilişləri növbəti layihələrə salınıb və yaxın vaxtlarda həll olunacaq. Digər problemlərlə bağlı da aidiyyəti qurumlar məlumatlandırılıb.

Məktəbə gəlincə, kənd məktəbinin 4 illik olmasının səbəbi kənddə məktəbyaşlıların azlığıyla əlaqəlidir: "Orada cəmi 32 ev var, böyüklü-kiçikli, əhali 200 nəfər civarındadır, buna görə də orada çoxillik məktəb açılmasına ehtiyac yoxdur. Şagirdlər təhsillərini ən yaxın kəndlərdəki çoxillik məktəblərdə davam etdirirlər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz