Axtarış...

“Çörəkpulu tapmırıq, odunu necə alaq?” - NARAZILIQ VAR!

“Çörəkpulu tapmırıq, odunu necə alaq?” - NARAZILIQ VAR!“Həyətimizdəki meyvə ağaclarını kəsirik ki, soyuqdan ölməyək. Oduna görə 12-13 kilometrlik hündürlüyə qalxmalı oluruq ki, odun daşıyaq. At-arabayla odun daşıyırıq. Bu dəqiqə odunumuz da yoxdur, uşaqları göndərirəm kənddə ərkim çatan insanların qapısına, hərə bir az odun verir, beləcə, qışı yola verməyə çalışırıq”.

Millitv.az xəbər verir ki, bunu Meydan TV-yə Şəkinin Şin kəndinin sakini Leyla Həsənova deyir.

“Gətirdikləri materialları da yığıb apardılar”

Şəkidə təbii qazın olmadığı kəndlərdən biri də Şin kəndidir. Kənddə istilik mənbəyi kimi odundan istifadə edilir. Bu isə ətraf meşələrin qırılmasına, ekologiyanın korlanmasına, torpaqların erroziyasına səbəb olur. Həm də maddi tərəfdən mavi yanacaqdan baha başa gəlir. Kəndə qaz çəkilişi ilə bağlı çoxsaylı müraciətlərə baxmayaraq problem həllini tapmır.

Sakinlər deyir, bir müddət əvvəl onlara xəbər verilib ki, kəndə qaz çəkilir. Ancaq qaz xətti kəndin girəcəyinə qədər çəkilsə də, sonradan çəkiliş davam etməyib:

“Göynükə də çəkdilər, Layiqli kəndinə də çəkdilər, bizim kəndin girəcəyinə qaz çəkilişi üçün materiallar toplasalar da, bir də xəbər tutduq ki, fikirlərini dəyişiblər, gəlib yığışdırıb aparıblar. Getdik, dedik, bəs necə oldu, niyə işlər yarımçıq qaldı? Axı layihədə bizim kəndin də adı vardı. Dedilər, başqa vaxta qaldı”.

“Çörəkpulu tapmırıq, odunu necə alaq?”

Sakinlərin deməsinə görə, bir qışı odunla yola vermək hər ailəyə azı 1000 manata başa gəlir. Kənddəki ailələrin çoxu kasıb olduğuna görə odunu borc-xərclə alır. Kənd sakini Afət Məmmədova:

“Soyuqdan canımızı hara qoyaq, bilmirik. Məcbur olmuşuq ki, heyvanımızı satıb bir maşın odun alaq. Ancaq bir maşın odun qışa çatmır. Bu kəndə qışboyu 500-600 maşın odun girir. Görün nə qədər xərc deməkdir bu… Hardandır səfalət içində yaşayan kəndlilərdə bu qədər pul? Əlbəttə ki, hamısı borcla-xərclə başa gəlir. Bu qış aldığımız oduna görə başımıza yığdığımız borcu növbəti qışadək ödəyib bitirə bilmirik. Ailələr var ki, çörəkpulu tapmır, oduna necə pul tapsın?”

İcra hakimiyyəti: “Qazlaşdırma işləri davam edir”

Şəki Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirilib ki, qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub. Yaxın gələcəkdə Şin kəndi də qazlaşdırılacaq.

Şinin 1600 sakini var. Onlar ümidlərini kəndin girişində gözdağıya çevrilmiş qaz xəttinə bağlayıblar.
Text-to-Speech

DİNLƏ






Şərh yaz