Axtarış...

Şabranın belə bir KƏNDİ DƏ VAR... - Başçı bilmir... dövlət ki bilir!

Şabranın belə bir KƏNDİ DƏ VAR... - Başçı bilmir... dövlət ki bilir!

Şabranın dağ kəndlərindən olan Qazbabalı sakinləri sosial problemlərlə yaşayır. Kənd camaatı deyir ki, içməli sı qıtlığından əziyyət çəkirlər. Küçələr dağılmış vəziyyətdədir. Məktəblilər dördüncü sinifdən sonra təhsilsiz qalır. İşsizlik yüksək səviyyədədir.

“Axşama qədər su növbəsində dayanırıq”

Qazbabalıda son aylar içməli su qıtlığı problemlərin hamısının önünə keçib. Kənd camaatı bir bulağın ümidinə qalıb. Burada damcı ilə yığılan suyu qablara doldururlar. Kənd sakini Nəzakət Əliyeva deyir ki, əslində, problem lap çoxdan var:

“Bütün kənd gözünü bu suya dikib. Burada da su yoxdu. Axşama qədər növbədə dayanırıq. Qab-qacağı bura yığıb, gözləyirik. Su tapa bilmirik. Damcı-damcı gəlir. Özümüz də su tapmırıq, heyvanlara da verə bilmirik. Hələ indi bulaq başında az adam görürsüz. O qədər adam olur ki burada… Əksər hallarda hamıya su çatmır. Toyuq-cücəyə də su vermək lazımdı. Deyirdilər ki, meşədə artezian quyusu qazacaqlar. Amma eləmədilər. Gəlib çıxan olmadı”.

Dürdanə Əliyeva danışır ki, bəzən qaranlıq düşənə qədər su gözləmək lazım gəlir: “Ağaclarımız quruyub gedir. Adicə göyərti də əkə bilmirik”.

Bu yerdə Nəzakət Əliyeva əlavə edir ki, “adamın ağaclara yazığı gəlir”.

İradə Nağıyeva yayda susuzluqdan daha çox əziyyət çəkdiklərini bildirir.

Bulaq başına yenicə gələn Könül Heydərova bura qədər xeyli yol qət etdiyini deyir:

“Kəndin o biri başından gəlirəm bulağa. Saatlarla burda gözləyirəm. Heç bilmirəm ki, evə nə vaxt gedib çıxacam. Kənddə başqa su götürəcək yer yoxdu”.

“Uşaqlar oxumaq istəyir, məktəb yoxdur”

Prezidentin 2 fevral 2018-ci il tarixli sərəncamı əsasında Qazbabalıda 20 şagirdlik modul tipli ibtidai məktəb quraşdırılıb. Yəni kənddə uşaqlar yalnız ibtidai təhsil ala bilir. Dördüncü sinifdən sonra qonşu Əmirxanlı kəndinə getmək lazım gəlir. İctimai nəqliyyat olmadığından, uşaqların əksəriyyəti təhsildən imtina etmək məcburiyyətində qalır.

“Gedə bilmirlər. Kor olub qalır uşaqlarımız. Mən qız uşağını iki-üç kilometr piyada göndərə bilmərəm. Necə göndərim? Qabağına vəhşi heyvan çıxsa, necə olacaq?! Uşaqlarımız dördüncü sinifdən tökülüb qalır kənddə. Mənim evdə 4 nəvəm məktəbə gedə bilmir. Hamısı da oxumaq istəyir. Kənddə kifayət qədər uşaq var. Doqquzillik eləsinlər, heç olmasa. Onuncu sinif üçün nəsə fikirləşərik. Böyüyərlər, özlərini idarə eləyə bilərlər. Balaca uşaqları uzaq yola necə buraxım? Neçə dəfə canavar çıxıb kəndin uşaqlarının qabağına…”, – Nəzakət Əliyevanın sözləridir.

Dürdanə Əliyeva da o fikirdədir ki, uşaqlara 9 illik təhsil imkanı yaradıla bilərdi: “Gərək məktəb quraşdırılanda bunu nəzərə alardılar. Dördüncü sinifdən sonra uşaqlar oturur evdə. Əmirxanlı yolunda duman, yağış, canavar olur. Kənddə nə qədər uşaq görürsüz ha, əksəriyyəti məktəbsiz qalıb”.

Sonradan şikayətçilərə qoşulan Yasəmən Əliyeva deyir ki, məktəbə getməli olan 7 nəvəsi var, amma bekar qalıblar:

“Qonşu kəndə gedənə qədər qarşılarına hər cür heyvan çıxır. Özü də çayı keçib getməlidilər”.

“Kəndin böyüyü olmalıdır”

Qazbabalı küçələrində avtomobillə hərəkət etmək mümkün deyil. Yalnız nimdaş “Niva”ların, traktorların yolu geridə qoymaq şansı var. Payızda yağışlar başlayanda kənd camaatı tamamilə evinə qapılmalı olur. Palçıqlı küçələr keçilməz görünür.

Nəzakət Əliyeva deyir ki, Qazbabalıda çox çətin şərtlərlə yaşayırlar:

“Adicə sosial yardım vermirlər camaata. Kənddə gördüyünüz adamların əksəriyyəti cəmi 4 il təhsil görüb. Yəni problem lap çoxdanındı. Təhsil ala bilmirlər, buna görə iş də tapılmır. Nə vaxta qədər belə davam edəcək?! İndi hansı zamandı ki, uşaqlar 4 il təhsil alsın?!”

Yasəmən Əliyeva kəndin rəhbərinin olmadığını bildirir: “Yoxsa çox problemi həll eləmək olar. Kəndin böyüyü olsa, belə vəziyyət yaranmaz. Kəndə baxan yoxdu”.

İcra hakimiyyəti nə deyir?

Şabran Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən Meydan TV-yə bildirilib ki, Qazbabalıdakı problemlərdən yalnız kənd yollarının düzəldilməsinə ümid etmək olar:

“Həmin kənddən icra hakimiyyətinə ən çox su ilə bağlı müraciət olunur. Biz içməli su ilə bağlı vəziyyəti “Azərsu”ya çatdırırıq. Söhbət təkcə Qazbabalıdan getmir. Məsələn, Leyti kəndində vəziyyət daha acınacaqlıdır. Çünki qonşu kəndlərlə məsafə böyükdür. Artezian, subartezian quyularının vurulması cənab prezidentin sərəncamı ilə həyata keçirilir, Prezident Administrasiyasında siyahı tutulur. “Azərsu” quyuları vuranda kəndlərdə əhalinin çoxluğunu, problemin miqyasını nəzərə alır. Şabranda Prezident Administrasiyasına iki kəndin adı verilib. Qazbabalının adı nə vaxtsa ora düşsə, onda artezian quyusu vurulacaq. Yollarla bağlı bələdiyyə sədrinə tapşırıq vermişik. Yəqin ki, o işlə məşğul olacaq. Modul tipli məktəbdə yalnız ibtidai təhsilin verilməsinə gəlincə, ola bilər ki, Təhsil Nazirliyi şagird sayını nəzərə alıb. Elə məktəblər var, hətta ləğv olunmalıdır. Çünki say olduqca azdır. Biz infrastruktur layihələrinə xüsusi diqqət ayırırıq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz