Nəsirova Sevinc Əjdər qızı Lerik rayonun Mastayıl kəndində dünyaya göz açıb. Minbir arzularla böyüyüb ərsəyə çatıb. Həyata umman dolu arzularla addımlayıb. Lakin...
O, haradan biləydi ki, həyat onun üçün amansız bir yaşam ünvanına çevriləcək. Bəlkə də yoxluğa. İllərdir o, itgin düşən Sevinc Nəsirova haqqında hamı Lerik rayonunda belə fikirləşir. Bəlkə də yaxınları, qohumları onun haqqında daha da qəhərlənir. Bu gün onun real həyatda olmamasına daha çox təəssüf edilər. Bütün bunlar bir Allaha bəllidir. Bəlli olan odur ki, Hal-hazırda Sevinc Nəsirova itkindir. Özü də nə müharibə cəbhəsində yox, nə də bir təbbi fəlakətin qoynunda yox. Yalnız Lerik Rayon Polis Şöbəsinin foyesində beləcə yazılıb: Nəsirova Sevinc Əjdər qızı itkin düşüb və axtarışdadır. Lakin bu gəncin axtarışına məhəl qoyan, real addımlar atan isə yoxdur.
Lap yaxın günlərin söhbətidir. Cənub bölgəsində, Masallı rayonunda da, oxşar bir əhvalat baş vermişdi. Yeddi il sonra orada itgin düşmüş bir gəncin sorağı bütöv Azərbaycana yayıldı. Bəlli oldu ki, onun həyatını dost-doğma əmisi oğlu bədbəxt etmiş, ona təcavüz etmiş və sonradan isə bu cinayətin izini örtməkdən ötrü onun meyidini aparıb bir çayın kənarında basdırmışdır.
Elə buradaca şair Süleyman Rüstəmin “Ana və Poçtalyon” şeirindən aşağıdakı misralar yada düşür:
Yerəmi batdı oğlum, göyəmi çıxdı oğlum,
Bəlkə mən yanılmışam, əzəldən yoxdur oğlum!
Şair demişkən, bəlkə də Sevinc Nəsirova da yerəmi batıb, göyəmi çıxıb? Ondan hələlik xəbər verən yoxdur ki, yoxdur.
Mən Sevinc Nəsirova ilə nə bir kəndən deyiləm, nə də heç bir qohumluğum yoxdur. Lakin, bir ziyalı olaraq Sevinc Nəsirovanın qatilləri tapılmasa, onda Lerik rayonunda daha amansız hadisələr baş verə bilər. Bir vətəndaş, bir jurnalist olaraq məni yalnız bu məsələ narahat edir. Axı, bir də haqqı danmaq mümkün deyil. Lerik rayonundakı hüquq-mühafizə orqanlarındakılar ölkənin büdcəsindən ətək-ətək pul alırlar. Ölkənin büdcəsi elə bu gün itkin sayılan Sevinc Nəsirovanın yaxın qohum-qardaşlarının vəsaitləri hesabına formalaşır. Yəni dövlət büdcəsi, ölkə vətəndaşlarının əmək haqqlarından gələn gəlirlərin və onlardan alınan faizlərin hesabına formalaşır. Bəs, görəsən o pulları yeyib-içənlər belə itgin düşmüş gəncin haqqında da fikirləşirlərmi?
Bəli, mən də lerikliyəm. Nə deyəcəyimi leriklilər yaxşı bilir. Rayonun dilsiz-ağılsız qayaları da həmin hadisədən tam təfərrüatı ilə xəbərdardır. Görünür, bircə hüquq-mühafizə orqanları hələ ki, bixəbərdirlər. Ulu Tanrı itkin düşmüş Sevinc Nəsirova haqqında özünün ali və simvolik qərarını verib. Böyük Yaradanın verdiyi hökmünü nə Apellyasiya Məhkəməsi, nə Ali məhkəmə, nə də Avropa məhkəməsi poza bilməz. Lakin, Lerik ziyalıları istəyirlər ki, Nəsirova Sevinc Əjdər qızının ölümündə adı hallanan cinayətkar bu işıqlı dünyada gəzməsin. Çünki, insan bir qarışqanı belə yaratmaq iqtidarına malik deyil. Bəs insanın, bir gəncin taleyinə kim son qoya bilər? Bu, belə deyilmi?
Mənim fikrim, irəli sürdüyüm idealar deyəsən məni aldatmayıb. Yenə də əslən Lerik rayonun Mastayıl kəndindən olan, Lənkəranın bir kəndlərində yaşayan gənc idmançı gəlib Lerik rayonunda işləyirmiş. Onun adı və soyadı rəsmi sənədlərdə lənkəranlı kimi qeyd olunur. Lakin o da, yuxarıda qeyd etdiyim kimi, əslən Lerik rayonundandır. Sadacə olaraq “Relax” istirahət mərkəzində çayçı işləyirmiş. Onun işlədiyi “Relax” istirahət mərkəzində cənazəsi tapıldı. Hərə bir söz-söhbətə istiqamət verdi. Birisi dedi ki, onu orada öldürüblər, digər birisi də dedi ki, yox, onu Lənkəranda öldürüb cənazəsini gətirib “Relax” istirahət mərkəzinə atıblar. Lakin, son sənədləşmələrdə belə bir realıq ortaya qoyuldu:
“Relax” da çayşı işləyən bu gənc yıxılıb və yıxılarkən zədə aldığından dünyasını dəyişib. Gülünc və qəribə məntiq deyilmi? Lerik rayonunda hər yıxılan ölsəydi, onda Lerik rayonunda bir nəfər də sağ qalmazdı. Bu, mənim bir vətəndaş, bir jurnalist olaraq gəldiyim qənaətdir. Axı, adicə həyət-bacada oynayan körpə uşaq gündə ən azından beş-on dəfə yerə yıxılır. Necə olur onların aqibəti? Mən bu suala cavabı oxuculardan gözləyirəm.
Lənkəran rayonun Tükəvilə kəndində yaşayan, haqqında sözügedən gənc, idmançı olub. Atası da bu barədə sosial şəbəkələrə dəfələrlə müsahibələr verib. O, müsahibələrində deyib ki, mənim oğlum idmançı idi. Qarşı-qarşıya döyüşdə onu heç dörd-beş nəfər də öldürə bilməzdi. Bəs, necə oldu ki, mənim oğlum yıxılaraq öldü. Ölən gənclə bağlı heç Lerik rayonunda cinayət işi də başlanmadı.
Gördünüzmü, əziz oxucular! Mənim narahatçılığımın kökü nədədir? Bu gün Sevinc Nəsirovanın ölümündə adı hallanan cinayətkarı müdafiə edən, onu dəstəkləyən artıq həyatda yoxdur. O, mənəvi ölümə məhkum olunub. Qoy bunu Lerikin hüquq-mühafizə orqanlarının rəhbərləri də bilsinlər. Bəlkə indi hərəkətə keçdilər. Bəlkə də itkin düşənlərə son qoyulmağın zamanı çatıb. Tədbir görülməyin zamanı çatıb.
Mən Sevinc Nəsirovanın itgin düşməsi ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazovun qəbulunda olmuşam. Nazirin qəbuluna yazılarkən, açıq-aydın qeyd etmişəm: Lerik rayonunun Mastayıl kəndindən olan Nəsirova Sevinc Əjdər qızının itgin düşməsi fakti niyə uzadılır, niyə bu məsələdə hərəkətə keçirilmir? Yox, doğrudanda, bu gənc itgin düşübsə, niyə onun haraya getməsi araşdırılmır? Bəlkə öldürülüb? Onda niyə canilər tapılmır? Qeyd etdiyim suallarla bağlı 2019-cu ilin sentyabr ayının 25-də mən şəxsən nazirin qəbulunda olmuş və bu söylədiklərimi ona üzbəüz demişəm. Ancaq qaldırdığım çox mühüm məsələyə diqqət çəkilməkdənsə, mənim öz başıma minbir oyunlar açıldı. Bu gün də mən narahatçılıq keçirmirəm. İstəyirəm ki, Sevinc Nəsirovanın itkin düşməsinə aydınlıq gətirilsin. Bəlkə elə doğrudan da o qız Qaqarinlə birlikdə Kosmosa uçub? Olsun!
İlham İbadlı,
Lerik rayonu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.