Yaxın günlərin söhbətidir. Lerik rayon sakini Cəfərova Mələk Salman qızı mənə telfon açaraq heç bir günahı olmadan onu rayon Qaz İstismarı İdarəsi 400 manat əsassız cərimə etdiyini bildirdi. Dedi ki, indi də qalmışam rayon Qaz İstismarı İdarəsi ilə məhkəmənin astanasında. Bilmirəm hansı səmtə gedim? Nə edim?
Mələk Cəfərova haqqında bir qədər ətraflı olaraq oxuculara məlumat vermək istəyirəm. O, Lerik rayonun Şonayçola kəndində anadan olub. İlk təhsilini də yaşadığı kənd məktəbində alıb. Sonradan Lerik rayon 63 saylı Texniki Peşə məktəbində oxuyub. Texniki peşə məktəbini qurtardıqdan sonra ailə həyatı qurub. Hal-hazırda iki məktəbli oğul böyüdür. Daha dəqiq desək, gələcəyin iki Milli Ordusu üçün əsgər böyüdür. Talehin hökmü ilə o, oğlanlarına həm ata, həm də analıq edir. Sözügedən xanım haqqında bir qədər ətraflı məlumat ona görə verdim ki, mən onu Texniki Peşə məktəbində oxuduğu zamanlardan tanıyıram. Həmin məktəbdə o, zamanlar saat hesabı ilə etika və estetika fənnlərini tədris edirdim. Onu həyata ilk atdımlar atdığı vaxtlardan tərbiyəli və mərifətli bir şagird kimi tanımışam. Görünür, o da özünün müəlliminə elə-belə zəng etməz. Deməli, nəsə əsaslı bir səbəb olub.
Məsələylə bağlı apardığım araşdırma zamanı məlum oldu ki, qaz istifadəçisi olan xanım məsələylə bağlı Qaz İstismarı İdarəsində olub. Onlara izah edib ki, mənim bu məsələlərdə heç bir günahım olmayıb. Qaz sayğacı çöldə, mən də evdə. Mən tək qadınam, gecələr çöldə nə baş verirsə, ondan mənim nə xəbərim ola bilər?
Xanım istifadəçi iki məktəbli böyütməsi ilə bağlı həmin məmurlara yalvarışlar da edib. Lakin, daş qəlbli məmurların ürəyi bununla soyumayıb. Gündə ona zor edirlər ki, qazla bağlı saxta sənədə ona imza etdirsinlər. Lakin, məndə olan məlumata görə, Mələk Cəfərova bu günün özündə də həmin sənədlərə imza etməyib.Mən Lerik şəhərində, Arzuman Əsədullayev küçəsində yaşayan Mələk Cəfərovanı oxuculara və izləyicilərə aydan arı, sudan duru kimi təqdim etmək istəmirəm. Belə bir niyyətim də yoxdur. Sadacə olaraq yuxarıda qeyd etdiyim fikirləri onu tanıdığım üçün oxuculara təqdim edirəm. Və mənə o da gün kimi aydındır ki, “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev cənabları bu məsələylə bağlı ədalətli addımlar atacaq. Tək başına iki oğul böyüdən, min-bir əzab-əziyyətə qatlaşan ananın acı göz yaşlarına vaxtında məhəl qoyulacaq. Ola bilsin ki, 400 (dörd yüz) manatı ödəmək kimin üçünsə asan olar. Lakin, Mələk üçün həmin məbləğ çox böyük bir hesabdır. Yəni, onun övladlarının illik ruzusu deməkdir. Axı, Mələk nə bilir, kələk nədir?
Telfonda aldığım məlumata görə, o, ailə tərkibi haqqında “Azəriqaz” a arayış da göndərib. İndi qəti söz Ruslan Əliyev cənablarınındır. Xanım istifadəçi Baş direktordan ədalətli qərar gözləyir.