Axtarış...

İnflyasiya gəlir artımlarını 'udur' - FAKT BUDUR!

İnflyasiya gəlir artımlarını 'udur' - FAKT BUDUR!Dövlət Statistika Komitəsi (DSK) ötən ilin makroiqtisadi göstəricilərini açıqlayıb. Rəsmi rəqəmlərdən aydın olur ki, 2021-ci ildə Azərbaycanda əhalinin nominal gəlirləri 57 milyard 181 milyon manat olub. Bu, 2020-ci illə müqayisədə 2.6 faiz artım deməkdir. Amma nəzərə almaq lazımdır ki, ötən il ölkədə orta illik inflyasiya göstəricisi daha yüksək – 6.7 faiz idi. Bu isə o anlama gəlir ki, qiymət artımlarının səviyyəsi əhalinin gəlir səviyyəsini üstələyib. Axı gerçək gəlirlər hesablanarkən nominal gəlirlərdən inflyasiya göstəricisi çıxılır. Belə hesabladıqda üzə çıxır ki, inflyasiya nəzərə alınarsa, ötən il insanların real gəlirləri bir əvvəlki illə müqayisədə 4 faizdən çox azalıb. Başqa deyimlə, ötən il Azərbaycan vətəndaşının nominal gəlirləri onun dolanışığını 2020-ci illə müqayisədə 4 faiz daha az təmin edib.

DİA.AZ xəbər verir ki, əhalinin toplam gəlirləri ilə yanaşı, hər nəfərə düşən real gəlir də azalıb. Ötən il Azərbaycanda əhalinin hər nəfərinə düşən orta gəlir bir öncəki illə müqayisədə 2.2 faiz artaraq 5 min 708 manat olub. Ancaq inflyasiya göstəricisini nəzərə alsaq, hər nəfərə düşən real gəlirin 4.5 faiz azaldığı üzə çıxır.

Artıq ikinci ildir ki, Azərbaycanda əhalinin real gəlirlərinin azalması gözə dəyir. 2020-ci ildə ölkədə vətəndaşların real gəlirləri 4.6 faiz həcmində azalmışdı. Pandemiyadan öncəki 2019-cu ildə isə əhalinin nominal gəlirləri 7.4 faiz artmışdı. Həmin il ölkədə orta illik inflyasiya 2.6 faiz idi. Deməli, 2019-cu ildə əhalinin real gəlirlərində də 5 faizə yaxın artım varmış.

Yüksək inflyasiya ölkədəki orta aylıq əməkhaqqının real artımına da təsirsiz ötüşməyib. 2020-ci ilin sonunda ölkə üzrə orta aylıq əməkhaqqı 703 manat 50 qəpik idi. Ötən il bu rəqəm 724 manat 10 qəpik olub. Deməli, ilboyu 20 manat 60 qəpiklik və ya 3 faizlik artım varmış. Di gəl, orta illik inflyasiya göstəricisini nəzərə alanda orta aylıq əməkhaqqının real dəyərinin də il ərzində 4 faizə yaxın azaldığı üzə çıxır.

Ötən il Azərbaycanda inflyasiya göstəricisi son 4 ilin ən yüksək səviyyəsinə çatıb. Devalvasiyanın mənfi təsirlərinin hiss edildiyi 2016-2017-ci illərdən sonra ölkədə istehlak qiymətləri indeksi 2021-ci ildəki qədər yüksək olmamışdı.

Ölkə üzrə toplam orta illik qiymət artımı 6.7 faiz olsa da, ayrı-ayrı sahələrdə qiymət artımları daha yüksəkdir. Bu baxımdan özəlliklə ərzaq qiymətlərindəki bahalaşma diqqət çəkir. Bir il öncə ilə müqayisədə Azərbaycanda qida məhsullarını qiymətləri 2021-ci il ərzində düz 16.2 faiz yüksəlib. Rəsmi rəqəmlərə görə, Azərbaycanda əhalinin xərclərinin tən yarısının azuqəyə xərcləndiyi nəzərə alınsa, ərzaq məhsullarındakı bahalaşmanın əhalinin xərclərinə daha yüksək həcmdə təsir etdiyi ortaya çıxar. Ötən il ərzaq məhsulları içərisində ən yüksək artım tərəvəzdə qeydə alınıb.

Rəsmi rəqəmlərə görə, 2021-ci ilin dekabrında Azərbaycanda əhali 2 milyard 900 milyon manat dəyərində qida məhsulları əldə edib. Bir il öncə - 2020-ci ilin dekabrında həmin göstərici 2 milyard 430 milyon manata yaxın idi. Burada bir maraqlı məqam var: Azərbaycan əhalisi ötən ilin dekabrında 2020-ci ilin dekabrıyla müqayisədə qida məhsulları alarkən 20 faiz daha çox pul xərcləsə də, əslində, yalnız 3 faiz çox qida məhsulu alıb.

Ötən il ərzində Azərbaycanda spirtli içkilər 3.8 faiz, tütün məmulatı 8.3 faiz bahalaşıb. 2021-ci ildə qeyri-ərzaq məhsullarındakı bahalaşma da yetərincə yüksək olub. Bir il öncəylə müqayisədə 2021-ci ildə qeyri-qida məhsulları 7.7 faiz, ödənişli xidmətlərsə 10 faiz bahalaşıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz